Məsud Pezeşkianın SEPAH-ın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təkzib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir. Əli Xameneinin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib, xüsusilə SEPAH-ın bütün sferalarda qərarverici səlahiyyəti de-fakto ələ alması ziddiyyətləri dərinləşdirir. Bunu sızan məlumatlar və açıqlamalardan görmək mümkündür. Bu ziddiyyətlərin ortasında Pezeşkianın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır.Pezeşkianın prezidentlik yolunun açılması Əli Xameneinin planı idi: azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə yüksəlmək imkanını göstərmək; daxili qarşıdurmada mühafizəkarlara “ağa”nın kim olduğu dərsini vermək və s. Radikal xətt Pezeşkianı əvvəldən süngü ilə qarşılayırdı, onun Xameneinin sağlığında istefa vermək istəyi də bundan qaynaqlanırdı. Lakin keçmiş dini liderin dövründə Pezeşkiana SEPAH-la mübarizə imkanları tanınsa da, indi vəziyyət daha mürəkkəbdir.
Yeni dini lider faktiki olaraq, “yoxa çıxıb”. Məlumatlara görə, Müctəba təlimatlarını kuryerlər vasitəsilə çatdırır. Ki bu, həm siyasi, hərbi və sosial-iqtisadi sferada qərar vermə mexanizmini axsadır, həm də dini liderin idarəetmədə iştirakını sual altına salır. Müctəbanı dini lider postuna gətirən SEPAH-ın ölkəyə tam nəzarəti ələ almasına şərait yaradan məqamlardan biri də budur. “Keşikçilər”in daha öncədən planlaşdırdıqları post-Xamenei dövründə nəzarəti tam ələ keçirmək prosesi müharibənin başlanması ilə sürətləndi. Bu vəziyyətdə işləmək Pezeşkian üçün çətindir.
İstisna deyil ki, Pezeşkianın istefa ərizəsi hesablanmış addımdır: müharibə şəraitində prezidentin gedişi “daxili qarşıdurma” yaratması baxımından sərfəli deyil və o, SEPAH-ın müdaxiləsini azaltmaq üçün “istefa kartı”nın işləyə biləcəyini düşünür. Lakin İran daxilindəki vəziyyət fonunda buna nail olmaq perspektivləri zəifdir:
- SEPAH-ın təsirini azaldacaq, hakimiyyət bölgüsünə idarə edəcək lider - güc görünmür;
- “Keşikçilər” müharibənin yaratdığı nəzarət imkanlarını genişləndirmək istəyir;
Mövcud şərtlərdə “daxili çatları” ört-basdır etmək üçün Pezeşkianı istefa məsələsini təxirə salmağa və səlahiyyətlərindən istifadədə reallıqla barışmağa məcbur edəcəklər, hərçənd, ziddiyyətlərin kəskinləşəcəyi, azərbaycanlı prezidentin postunu vaxtından əvvəl tərk edəcəyi ehtimalı getdikcə artır. ABŞ-la atəşkəs və müharibə arasındakı qeyri-müəyyən vəziyyət də İranda daxili ziddiyyətləri – idarəetmə uğrundakı mübarizəni kəskinləşdirəcək. Mübarizənin qalibi SEPAH-dır, lakin o da aydın görünür ki, “keşikçilər”in tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq və bu, təkcə ölkənin yox, bütün regionun təhlükəsizliyinə risklər vəd edir.