
Fevralın 10-da Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkəmizin müasir xarici siyasət tarixində dönüş nöqtəsidir.
Bu sənəd ikitərəfli münasibətlərin genişlənməsini xarakterizə etməklə yanaşı, həm də Cənubi Qafqazın yeni geosiyasi arxitekturasının hüquqi təsbitidir. Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin mətbuata bəyanatları, eləcə də imzalanmış Xartiyanın məzmunu göstərir ki, münasibətlər artıq taktiki əməkdaşlıq mərhələsini geridə qoyaraq institusional və uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.
Xartiyanın birinci maddəsində tərəflərin bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddəa Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə daha da möhkəmləndirilməsi baxımından prinsipial siyasi və hüquqi çəkiyə malikdir.
Sənəddə öz əksini tapmış ən mühüm istiqamətlərdən biri regional bağlantılar və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Orta Dəhliz üzərindən Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat və logistika bağlantısı yaradır. Bu isə regionun geoiqtisadi xəritəsinin yenidən formalaşması, ticarətin və qarşılıqlı asılılığın və nəticə etibarilə daimi sülhün təminat mexanizminin yaradılması deməkdir.
Azərbaycan qlobal enerji bazarında artıq 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır. Onların əksəriyyətinin NATO üzvü olması ölkəmizin Avroatlantik enerji təhlükəsizliyi sistemindəki rolunu açıq şəkildə göstərir. Xartiyada enerji marşrutlarının şaxələndirilməsi, interkonnektor layihələri və mülki nüvə əməkdaşlığının nəzərdə tutulması Azərbaycanın strateji əhəmiyyətinin daha da artdığını təsdiq edir.
Sənədin iqtisadi və texnoloji bölməsi xüsusi diqqətə layiqdir. Rəqəmsal infrastrukturun inkişafı, tədqiqat və innovasiya platformalarının qurulması, texnologiyaların kommersiyalaşdırılması və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Azərbaycanın post-neft mərhələsinə keçid strategiyası ilə tam uzlaşır. Bu sahədə ABŞ ilə əməkdaşlıq ölkəmizi regionun rəqəmsal və texnoloji habına çevirmək potensialına malikdir.
Təhlükəsizlik əməkdaşlığı münasibətlərin fundamental dayaqlarından biridir. Müdafiə sənayesi məhsullarının satışı, antiterror fəaliyyətinin genişləndirilməsi, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində məsuliyyətli və etibarlı tərəfdaş statusunu daha da gücləndirir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq sülhməramlı missiyalardakı rolunun yüksək qiymətləndirilməsi də bu etimadın göstəricisidir.
ABŞ-ın iştirakı ilə Ermənistan ilə paraflanmış sülh sazişi regionda yeni siyasi reallıq yaradıb. Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dayanıqlı sülh modelini seçdi. Ermənistanla tranzit və iqtisadi əməkdaşlıq imkanlarının açılması sülhün praktik əsaslara söykəndiyini göstərir.
Bu gün Azərbaycan yalnız enerji ixracatçısı deyil. Azərbaycan qlobal logistika qovşağına çevrilən, rəqəmsal transformasiyanı prioritet elan edən, təhlükəsizlik arxitekturasında aktiv rol oynayan və böyük güclərlə bərabərhüquqlu strateji tərəfdaşlıq quran müstəqil və güclü dövlətdir.
Strateji Tərəfdaşlıq Xartiyası
Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu sənəd regionda sülhün möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və təhlükəsizlik təminatlarının genişləndirilməsi baxımından uzunmüddətli perspektiv vəd edir.
Cavanşir Feyziyev,Milli Məclisin deputatı11 fevral 2026-cı il