
Müasir dövrdə informasiya cəmiyyətin ən güclü silahlarından biridir. Kütləvi informasiya vasitələrinin əsas missiyası isə cəmiyyəti düzgün, obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Təəssüf doğuran haldır ki, son illər bəzi media qurumları və özünü “jurnalist” adlandıran şəxslər peşə etikası və vicdan anlayışını bir kənara qoyaraq sensasiya xatirinə insanların şərəf və ləyaqətini hədəfə almağı adi hala çeviriblər. Araşdırma aparmadan, faktlara söykənmədən, qərəzli və sifarişli yazılar dərc etmək artıq müəyyən dairələrin fəaliyyət üsuluna çevrilib.
Belə hallardan biri də Xırdalan şəhər 2 nömrəli orta məktəbin direktoru Gülnaz Kərimova ətrafında süni şəkildə yaradılmağa çalışılan əsassız ittihamlar və böhtan kampaniyalarıdır. Diqqətlə nəzər yetirdikdə açıq şəkildə görünür ki, bu yazılar obyektiv araşdırmanın deyil, şəxsi maraqların, qərəzin və müəyyən “kənar əllərin” məhsuludur. Həqiqəti görmək üçün xüsusi alim olmağa ehtiyac yoxdur — hər şey gün kimi aydındır.
Əgər jurnalistika həqiqətən də obyektivlikdən bəhs edirsə, niyə bəziləri əyriyə düz, düzə isə əyri deyir? Əgər qərəzsizlikdən danışılırsa, onda niyə bir insanın illərlə qazandığı nüfuz və etibar məqsədli şəkildə kölgə altına alınmağa çalışılır? Bu suallar cəmiyyət tərəfindən də haqlı olaraq səsləndirilir.
Təəssüf ki, uzun illərdir eyni mövzuları təkrar edən, köhnə və əsassız iddiaları yenidən gündəmə gətirməyə çalışan bəzi “media nümayəndələri” bu günə qədər ortaya bir ciddi fakt və ya hüquqi əsas qoya bilməyiblər. Əksinə, yayılan məlumatların bir çoxu böhtan və iftira xarakteri daşıdığı üçün hüquqi məsuliyyət doğura biləcək səviyyədədir. Unudulmamalıdır ki, insan şərəf və ləyaqəti hər bir qanunvericilikdə qorunan ali dəyərlərdəndir.
Gülnaz Kərimova isə fəaliyyət göstərdiyi bütün dövrlərdə öz peşəkarlığı, yüksək idarəçilik qabiliyyəti və insanlara münasibəti ilə seçilən ziyalı rəhbərlərdən biri kimi tanınıb. Onu tanıyanlar yaxşı bilirlər ki, Gülnaz xanım hər zaman dövlətinə, xalqına və təhsil sahəsinə sədaqətlə xidmət etməyi həyat amalına çevirib. O, vəzifəyə sadəcə idarəetmə vasitəsi kimi deyil, cəmiyyətə xidmət missiyası kimi yanaşan insanlardandır.
Onun həyat yoluna nəzər saldıqda aydın görünür ki, bu uğurlar təsadüfən əldə olunmayıb. Sadədən mürəkkəbə, zəhmətdən nailiyyətə doğru pillə-pillə yüksələn Gülnaz xanım bütün bunlara yorulmaz fəaliyyəti, məsuliyyəti və əzmkarlığı hesabına nail olub. Gecəsini gündüzünə qataraq çalışan, təhsil mühitində nizam-intizamın, keyfiyyətin və sağlam idarəçiliyin formalaşmasına töhfə verən bir rəhbərin bu şəkildə hədəfə alınması cəmiyyətdə də birmənalı qarşılanmır.
Bölgədə onu tanıyan hər kəs bir həqiqəti qəbul edir: Gülnaz Kərimova insanlarla münasibətdə səmimiyyəti, kollektivə diqqəti və yüksək mənəvi keyfiyyətləri ilə seçilən rəhbərlər sırasındadır. Böyük-kiçik yeri bilməsi, mədəni davranışı və peşəkar idarəçilik xüsusiyyətləri ona həm kollektiv arasında, həm də ictimaiyyət içində hörmət qazandırıb.
Mübaliğəsiz demək olar ki, Gülnaz xanım fəaliyyətində hər zaman dövlətçilik prinsipini əsas tutub. O, Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərə və təhsil sisteminin inkişafına xidmət etməyi özünün əsas vəzifəsi hesab edib. Belə insanların fəaliyyəti cəmiyyət üçün nümunədir. Çünki dövlətə sədaqətlə xidmət edən, gənc nəslin formalaşmasına töhfə verən ziyalılar bir xalqın mənəvi sütunları hesab olunur.
Ən təəssüf doğuran məqam isə bəzi şəxslərin qərəz naminə həqiqətləri görməzdən gəlməsidir. Görəsən niyə illərdir görülən işlərə, əldə olunan nailiyyətlərə göz yumulur? Niyə qarışqadan fil düzəltmək müəyyən çevrələrin peşəsinə çevrilib? Əslində cavab bəllidir: məqsəd həqiqəti üzə çıxarmaq yox, müəyyən maraqlara xidmət etməkdir.
Lakin cəmiyyət artıq belə sifarişli yazıları ayırd etməyi bacarır. İnsanlar yaxşı anlayırlar ki, əsassız ittihamlarla nüfuzlu şəxsləri gözdən salmaq cəhdləri nə jurnalistikadır, nə də ictimai maraqlara xidmət edir. Əksinə, bu cür yazılar media adına olan etimadı sarsıdır və peşəkar jurnalistikanın nüfuzuna zərbə vurur.
Bu gün Gülnaz Kərimova haqqında müdafiə xarakterli fikirlər səsləndirmək kiminsə tapşırığı və ya marağı deyil. Bu, sadəcə haqqın yanında olmaq, zəhməti qiymətləndirmək və böhtana qarşı həqiqəti müdafiə etmək mövqeyidir. Çünki cəmiyyət hər zaman yaxşı ilə pisi, doğru ilə yalanı ayırd etməyi bacarıb.
Unutmaq olmaz ki, insanın ən böyük qazancı xalqın sevgisi və dövlətin etimadıdır. Gülnaz xanım da məhz uzun illər ərzində qazandığı bu etimad və hörmətlə seçilən ziyalılardandır. Ona qarşı aparılan qərəzli kampaniyalar isə nə onun fəaliyyətinə kölgə sala bilər, nə də insanların gözündə formalaşmış nüfuzu dəyişə bilər.
El arasında gözəl bir deyim var: “El gözü tərəzidir.” Bu tərəzi isə çoxdan öz hökmünü verib.