Bəzən bir insanın ömrünü
yaşadığı illərlə ölçmək olmur.
Çünki təqvim
hər kəsin yaşını bilir,
amma heç bir təqvim
bir müəllimin
neçə insanın taleyində yaşadığını yaza bilmir.
Qırx iki il...
Bu, sadəcə rəqəm deyil.
Qırx iki dəfə payızın
məktəb həyətinə gəlişi,
qırx iki dəfə
sentyabr səhərlərinin
uşaq səsi ilə açılmasıdır.
Qırx iki il
bir qapıdan içəri girib,
hər dəfə
başqa-başqa gələcəklərin qarşısında dayanmaqdır.
Bir sinifdə həkim oturur hələ —
bunu özü də bilmir.
O biri partada
gələcək müəllim
əlifbanın içində
öz taleyini axtarır.
Pəncərənin yanında oturan oğlanın
bəlkə dünyadan xəbəri yoxdur hələ,
amma bir gün
bu şəhərdən çıxıb
öz adını uzaqlara aparacaq.
Müəllim isə
bütün bunları bilmədən
lövhəyə bir söz yazır.
Bir söz...
Bəzən bir insanın həyatı
məhz o sözdən başlayır.
Rəhilə müəllim
məktəbə sadəcə dərs deməyə gəlməmişdi.
O,
Azərbaycan dilinin
hər hərfini
bir uşağın taleyinə çevirməyə gəlmişdi.
Ədəbiyyatı
kitabdan oxudub keçmirdi.
Bəzən bir şeirin içində
uşaqlara insan olmağı göstərirdi.
Bəzən bir cümlənin qarşısında dayanıb
deyirdi:
— Düşünün...
Və bəlkə də
həmin “düşünün” sözü
illərlə
neçə-neçə şagirdin içində
öz əks-sədasını yaşatdı.
Çünki müəllim
həmişə cavab vermir.
Bəzən insanın ömrünə
elə bir sual qoyur ki,
o sual
illər sonra da
cavab axtarmaqda davam edir.
Rəhilə müəllim ciddi idi.
Bunu hamı bilirdi.
Səhv edən
səhvinin adını eşidirdi.
Dərsini oxumayan
gözündən yayınmırdı.
Bəzən səsi
sinfin divarlarına dəyib qayıdırdı:
— Oxu!
Bu söz
o vaxt bəlkə də
uşaqlara sərt görünürdü.
Amma illər keçdi.
Uşaqlar böyüdü.
Kiminin saçına dən düşdü,
kiminin öz övladı məktəbə getdi.
Və bir gün
illər əvvəl
dərsini bilməyən o uşaq
Rəhilə müəllimin qarşısında dayanıb dedi:
— Sizin sərtliyiniz olmasaydı,
bəlkə biz
bu gün olduğumuz adam olmazdıq...
Müəllim o zaman anlayır ki,
onun dərsi
zənglə bitməyibmiş.
Müəllim anlayır ki,
bir vaxt yazdığı qiymətlər
jurnalda qalıb,
amma verdiyi tərbiyə
insanların ömrünə köçüb.
Məktəbdən çıxmaq olar.
Təqaüdə getmək olar.
Son dəfə
müəllimlər otağının qapısını örtmək də olar.
Amma qırx iki il
bir insanın içində yaşamış məktəbi
heç yerə aparmaq mümkün deyil.
İndi də bəlkə
haradasa bir şagird
Rəhilə müəllimi görən kimi
özünü yenə uşaq hiss edir.
Əlini uzatmır əvvəl.
Əvvəlcə başını aşağı salır.
Sonra
illərin arasından keçib gələn
o köhnə ehtiramla deyir:
— Salam, müəllim...
Bu sözün
nə yaşı var,
nə təqaüdü.
Bu söz
insanın ömründə
bir dəfə doğulur.
Və ömür boyu
ölmür.
Rəhilə müəllim...
Sizin ömrünüzü
qırx iki ilə sığışdırmaq olmaz.
Çünki qırx iki il
sizin məktəbdə keçirdiyiniz vaxtdır.
Amma sizin ömrünüz
Ağsunun küçələrində gəzir indi.
Bir həkimin ağ xalatında,
bir müəllimin sinif otağında,
bir ananın övladına öyrətdiyi ilk sözdə,
bir kişinin dürüstlüyündə,
bir qızın özünə inamında...
Siz
bəlkə də bilmirsiniz,
neçə evdə
sizin bir sözünüz yaşayır.
Neçə insan
səhv etmək istəyəndə
illər əvvəlki baxışınızı xatırlayır.
Neçə adam
“Rəhilə müəllim olsaydı,
buna nə deyərdi?”
deyə
öz vicdanı ilə danışır.
Müəllimliyin
ən böyük mükafatı da budur:
adın məktəbin divarında yazılmaya bilər,
amma yetişdirdiyin insanlar
səni
öz ömürlərinin görünməyən yerində
yaşadarlar.
Və onda anlayırsan:
bəzi insanlar təqaüdə çıxmır.
Onlar sadəcə
sinif otağından çıxıb
yetirmələrinin taleyinə daxil olurlar.
Rəhilə Musayeva da
Ağsunun müəllimləri sırasında
sadəcə dərs deyən bir müəllim deyil.
O,
bir dövrün məktəb yaddaşıdır.
Bir nəslin
“müəllim” deyəndə
gözünün önünə gələn simalardan biridir.
Və bəzən
bir insanın ömrünü
illərlə deyil,
yetişdirdiyi insanlarla ölçmək
daha doğrudur.
Onda
qırx iki il
bir rəqəm olmur.
Qırx iki il
minlərlə insanın ömründə
davam edən
bir müəllim ömrünə çevrilir..
Bir müəllimin
ən böyük dərsliyi
kitab olmur bəzən.
Onun dərsliyi
qarşısında oturan uşaqlardır.
Hər biri
ayrı bir cümlə...
Biri yarımçıq,
biri uzun,
biri hələ öz mənasını
özü də bilməyən
bir söz kimi.
Müəllim isə
illərlə
onların üzərində işləyir.
Səhvlərini pozur,
yeni sözlər əlavə edir,
vergül qoyur,
bəzən bir nöqtə qoymaq istəyir...
Sonra görür ki,
insan nöqtə ilə bitmir.
Çünki insanın
davamı var.
Rəhilə müəllim
Azərbaycan dilini öyrədirdi.
Amma dil
onun üçün
sadəcə qaydalar deyildi.
Dil
insanın özünü
tanıdığı güzgü idi.
Bir sözün
haradan gəldiyini bilmək
bəzən öz kökünü
bilmək qədər vacibdir.
Bir cümləni
düz qurmaq
bəzən ömrünü
düz qurmağa bənzəyir.
Sözün yerini dəyişəndə
mənası dəyişir.
İnsan da belədir.
Bir yanlış addım,
bir yanlış seçim,
bir yanlış söz
ömrün bütün cümləsini
başqa cür yaza bilər.
Bəlkə buna görə
Rəhilə müəllim
sözə ciddi yanaşırdı.
Çünki sözün
uşağın ağzından çıxıb
günlərin birində
onun taleyinə çevriləcəyini
bilirdi.
Ədəbiyyat isə
başqa bir qapı idi.
Orada
qaydalardan çox
insan vardı.
Nizami
insanı böyüdürdü.
Füzuli
ürəyin ağrısını
sözə çevirirdi.
Sabir
gülüşün içində
ağlayan cəmiyyəti göstərirdi.
Cəlil Məmmədquluzadə
bir xalqın
özünə baxan güzgüsünü tuturdu.
Şagird
kitabı bağlayanda
dərs bitmiş sayılmırdı.
Əsl dərs
ondan sonra başlayırdı.
Çünki ədəbiyyat
imtahan üçün əzbərlənən
adlar deyil.
İnsanın içində
səssizcə böyüyən
bir vicdandır.
İllər dəyişdi.
Məktəblər dəyişdi.
Siniflərə
kompüterlər gəldi.
Elektron lövhələr,
yeni proqramlar,
yeni terminlər...
Bir vaxtlar
bir kitabın arxasınca
saatlarla gedən uşaq
indi bir düymə ilə
minlərlə səhifəyə çatır.
Dünya
bir sinfə sığdı.
Amma...
Bilik çoxaldıqca
müəllimin işi
azalmadı.
Əksinə.
Çünki məlumatı
hamı verə bilər artıq.
Müəllim isə
məlumatla biliyin,
biliklə düşüncənin,
düşüncə ilə insanlığın
arasındakı yolu göstərməlidir.
Texnologiya
uşağa cavab verə bilər.
Amma onun yerinə
düşünə bilməz.
Ekran
kitabı əvəz edə bilər.
Amma müəllimin
baxışını əvəz edə bilməz.
Rəhilə müəllim
zamanın dəyişdiyini gördü.
Bir məktəb
bir ömrün içində
bir neçə dəfə dəyişdi.
Amma onun üçün
bir şey dəyişmədi:
sinfə girən müəllim
müəllim olaraq girməli idi.
Şagird
dərsin başladığını
hiss etməli idi.
Bu,
sadəcə intizam deyildi.
Bu,
müəllimin sinfə
öz məsuliyyətini gətirməsi idi.
Dəhliz boş olanda
o, sevinirdi.
Çünki bilirdi:
məktəbin sükutu
bəzən nizamın səsidir.
Sonra
bir gün
Rəhilə müəllimin qarşısına
başqa bir rəqəm çıxdı:
48.
Bu dəfə
jurnalda yazılmış qiymət deyildi.
Bu rəqəm
onun öz əməyinə verilmiş qiymət idi.
Diaqnostik qiymətləndirmə...
Və sonra
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
“Əməkdar müəllim”.
İki söz.
Amma bu iki sözün
arxasında
qırx iki ilin
səhərləri vardı.
Qırx iki ilin
dəftərləri.
Qırx iki ilin
imtahanları.
Qırx iki ilin
şagirdləri.
Qırx iki ilin
“bir də oxu”ları.
“Düz yaz”.
“Düşün”.
“Cavab ver”.
“Bunu bilməlisən”.
Və bəlkə də
heç kimin eşitmədiyi
“sən bacararsan”ları...
Amma insanın aldığı
ən böyük fəxri ad
dövlət sənədində yazılmır.
Bir gün
küçədə qarşısına çıxan
keçmiş şagird deyir:
— Müəllim...
Və dayanır.
Bəlkə artıq
qırx yaşındadır.
Bəlkə özü də
övlad böyüdür.
Bəlkə yüksək vəzifədədir.
Amma o bir sözün içində
yenə həmin məktəbli uşaqdır.
Müəllim də
illərin arasından
o uşağı tanıyır.
Bax,
müəllimlik budur.
İnsanın böyüdüyünü görmək,
amma onun içindəki uşağı
itirmədiyini bilmək.
Altmış yaş...
İnsan ömrünün
adi bir dayanacağı deyil.
Amma Rəhilə müəllim
o gün
yenə dərsə girmişdi.
Bəlkə də
adi bir dərs olduğunu düşünmüşdü.
Lövhə.
Partalar.
Şagirdlər.
Kitablar.
Sonra
güllər yağdı üstünə.
Bir anlıq
sinif otağı
sinif otağı olmaqdan çıxdı.
Güllər
illərin üstünə tökülürdü.
Hər gülün
bir adı vardı bəlkə:
bir şagird,
bir uğur,
bir xatirə,
bir təşəkkür,
bir “müəllim, sizi unutmadıq”...
İnsan
altmış yaşında
öz ömrünün çiçəkləndiyini
belə görür.
Sonra
təqaüd gəldi.
Kağız üzərində
bir tarix.
Bir imza.
Bir qərar.
Və deyildi:
artıq bitdi.
Amma nə bitdi?
Məktəb?
Dərs?
Şagird?
Söz?
Yox.
Sadəcə
səhərlər məktəbə getmək
bitdi.
Müəllimlik yox.
Çünki bəzi peşələr
pensiya yaşına çatmır.
Müəllimlik
onlardan biridir.
İndi də
bir uşaq qarşısında oturur.
Yenə kitab açılır.
Yenə sözlər
bir-birinin ardınca
sıralanır.
Yenə səhv olur.
Yenə düzəliş edilir.
Amma bu dəfə
məktəbin zəngi yoxdur.
Jurnal yoxdur.
Dəhliz yoxdur.
Müəllim otağı yoxdur.
Yalnız
bir müəllim
və bir şagird var.
Və insan anlayır:
məktəb binada deyilmiş.
Məktəb
müəllimin içindəymiş.
Rəhilə müəllim deyir:
“Davamçılarımın sayı-hesabı yoxdur.”
Bu cümlə
sadə səslənir.
Amma bir müəllimin
ömrünü bundan yaxşı
nə ifadə edə bilər?
Bir vaxt
Cahangir
624 balla
öz yoluna çıxdı.
Bu gün
həkimdir.
Bir başqası
654 bal topladı.
Hüquqşünas oldu.
Nəzrin
670 balla
Bakı Dövlət Universitetinə daxil oldu.
Sonra
özü də müəllim oldu.
Bax,
poemanın ən gözəl yeri
bəlkə də elə budur:
şagird müəllimə çevrildi.
Deməli,
bir ömür
özünü təkrarlamadı.
Davam etdi.
Bir müəllim
həkim yetişdirə bilər.
Hüquqşünas yetişdirə bilər.
Alim yetişdirə bilər.
Şair yetişdirə bilər.
Amma ən çətini
insan yetişdirməkdir.
Çünki insanın
imtahanı
məktəbdən sonra başlayır.
Diplom
divarda qalır.
Qiymət
jurnalda qalır.
Amma müəllimin verdiyi
tərbiyə
insanın içində
onunla birlikdə gedir.
Rəhilə müəllimin
əsəri də budur.
Kitab deyil.
Heykəl deyil.
Küçə adı deyil.
İnsanlardır.
İndi Ağsunun
hansı küçəsinə baxsan,
bəlkə bir vaxt
onun qarşısında oturmuş
şagirdlərdən biri keçir.
Biri həkim xalatında.
Biri müəllim çantası ilə.
Biri hüquq kitabları ilə.
Biri heç bir titul daşımadan
sadəcə yaxşı insan kimi.
Və müəllim
bəlkə hamısını
bir-bir tanımır.
Amma onların içində
özündən bir şey görür.
Bir söz.
Bir baxış.
Bir vərdiş.
Bir düzgünlük.
Bir vicdan.
Onda anlayır:
müəllimin ömrü
öz yaşadığı illərdən
çox-çox uzundur.
Çünki müəllim
bir ömrü yaşamır.
Ömrünü bölür.
Hər şagirdə
bir parça verir.
Sonra özü
qocalır.
Amma verdiyi ömürlər
gənc qalır.
Və bir gün
təqaüddə oturmuş müəllim
pəncərədən küçəyə baxanda
özündən xəbərsiz
keçib gedən
bir şəhərin içində
öz ömrünün
minlərlə addımını görür.
Rəhilə müəllim...
Siz məktəbdən çıxmısınız.
Amma məktəb
sizin içərinizdən çıxmayıb.
Çünki bəzi müəllimlər
təqaüdə çıxır,
amma onların dərsi
heç vaxt bitmir.
“İndiki nəslə
müəllimlik etmək istəmərəm...”
Bu söz
ilk baxışda
bir yorğunluq kimi səslənir.
Amma sözün
dərinliyinə enəndə
başqa bir Rəhilə müəllim görünür.
Təhsildən üz döndərməyən,
amma zamanın
təhsilə münasibətindən
narahat olan bir müəllim.
Çünki insan
hər şeydən yorula bilər.
Səsdən,
səs-küydən,
laqeydlikdən,
dəyişən qaydalardan,
dəyişən münasibətlərdən...
Amma inandığı şeydən
yorulmaya bilər.
O deyir:
“Ömrümün qalan hissəsini
yenə təhsilə həsr etməyə hazıram.”
Bax,
bu cümlə
birinci cümlənin
cavabıdır.
Deməli,
Rəhilə müəllim
şagirddən yox,
təhsilin itirdiyi
bəzi dəyərlərdən yorulub.
Müəllimlikdən yox.
Bəzən insanın
bir sahədən narazılığı
həmin sahəyə sevgisinin
əksinə çevrilmir.
Əksinə,
ən çox sevənlər
ən çox narahat olanlardır.
Çünki yad olan şey
səni ağrıtmır.
Səni ağrıdan
öz bildiyin,
öz ömrünü verdiyin,
öz taleyinin bir hissəsinə çevirdiyin şeydir.
Rəhilə müəllimin
təhsilə münasibətində
mənə elə bu ağrı görünür.
Bir az inciklik,
bir az yorğunluq,
bir az keçmişin
itirdiyi dəyərlərə həsrət,
amma bütün bunların altında
hələ də
müəllim ürəyi.
Zaman
çox şeyi dəyişdi.
Əvvəl
şagird müəllimin səsini
sinifdə eşidirdi.
İndi
minlərlə səs
eyni anda onun yanındadır.
Əvvəl
bir kitabın
səhifələrini çevirmək
böyük hadisə idi.
İndi
bir toxunuşla
dünyanın kitabxanaları
açılır.
Əvvəl
müəllim
biliyin əsas qapısı idi.
İndi
bilik hər yerdədir.
Amma
hikmət
hələ də hər yerdə deyil.
Məlumat çoxalıb.
Düşüncə isə
hələ də müəllim istəyir.
Cavab çoxalıb.
Doğru sual isə
hələ də nadirdir.
Və bəlkə də
müəllimin əsl işi
heç vaxt dəyişməyib:
uşağa
hər şeyi bilmək yox,
nəyi bilməli olduğunu
öyrətmək.
Rəhilə müəllim
bir ömrün içində
iki ayrı məktəb görüb.
Birində
kitabın çəkisi vardı.
Digərində
ekranın işığı.
Birində
müəllimin sözü
son sözə yaxın idi.
Digərində
şagirdin qarşısında
minlərlə alternativ səs var.
Amma insanın
içindəki boşluğu
nə kitab,
nə ekran
təkbaşına doldura bilir.
Orada
yenə insan lazımdır.
Bir insan ki,
sənə baxıb desin:
— Sən bacararsan.
Bəzən
bir ömrün istiqamətini
bu cümlə dəyişir.
Rəhilə müəllimin
keçmiş şagirdləri
illər sonra qayıdır.
Bəzən
qapının ağzında dayanırlar.
Bəzən
küçədə qarşılaşırlar.
Bəzən
sakitcə yaxınlaşıb
əlindən öpürlər.
“Müəllim...”
Bir söz.
Amma o sözün içində
qırx iki ilin
ayaq səsləri var.
Siniflər var.
Partalar var.
Dəftərlər var.
Müəllimin
sərt baxışı var.
Bir də
illərin
yumşaltdığı
o sərtliyin altında
gizlənən məhəbbət.
Bəzən
müəllim keçmiş şagirdini
tanımır.
Necə tanısın?
O vaxt
qarşısında dayanmış uşaq
indi saçlarını ağartmış adamdır.
O vaxt
kitabı qoltuğunda idi.
İndi
öz övladının əlindən tutur.
O vaxt
“mən nə olacağam?”
deyə düşünürdü.
İndi
öz həyatı ilə
cavab verib.
Müəllim
bir anlıq baxır.
Sonra
səsi tanıyır.
Səs
illərə tabe olmur.
Baxış da.
Və birdən
qırx il əvvəlki
sinif otağı
yaddaşın içində
yenidən işıqlanır.
Müəllim anlayır:
mən səni unutmuşam,
amma sən
mənim ömrümdən çıxmamısan.
Bəlkə də
müəllimin ən böyük
mükafatı budur.
Şagirdin
illər sonra qayıtması.
Nə diplomdur bu,
nə medal.
Nə fəxri addır,
nə sərəncam.
Sadəcə
bir insanın
başqa bir insana
“sizi unutmadım”
deməsidir.
Rəhilə müəllimin
60 yaşı tamam olanda
üstünə güllər yağdı.
Bəlkə
o güllərin hər biri
bir ilin çiçəyi idi.
Biri
ilk dərsin,
biri
ilk məzunun,
biri
ilk uğurun,
biri
ilk minnətdarlığın...
Və bəlkə
ən gözəl gül
illər sonra
müəllim olan
Nəzrinin əlində idi.
Çünki şagirdin
müəllimin yolunu seçməsi
bir növ
“mən sizin dərsinizi
davam etdirəcəyəm”
deməkdir.
Bir müəllimin
ölməzliyi
kitabda deyil.
Onun yazdığı
dərslikdə də deyil.
Onun ölməzliyi
başqa bir müəllimin
səsindədir.
Bir həkimin
xəstəsinə münasibətində.
Bir hüquqşünasın
ədalət hissində.
Bir ananın
övladına dediyi
düz sözdə.
Bir insanın
haqsızlıq qarşısında
susmamasında.
Müəllim
bəzən özünü
özündən sonra
tanıyır.
Çünki yetişdirdiyi insanlarda
özünün
görünməyən izlərini tapır.
Rəhilə müəllim
deyir:
“Davamçılarımın
sayı-hesabı yoxdur.”
Bu söz
müəllim üçün
bəlkə də ən böyük
bioqrafiyadır.
Sayı-hesabı yoxdur...
Çünki insan
rəqəmə sığmır.
Bir şagird
bir insan deyil yalnız.
Onun ailəsi var.
Övladları var.
Onun toxunduğu
başqa həyatlara
toxunduğu insanlar var.
Beləcə
bir müəllimin
bir sinifdə dediyi söz
illər sonra
bir şəhərin içində
səssizcə dolaşa bilir.
Rəhilə müəllim
42 il dərs deyib.
Amma məncə,
o, 42 il
eyni dərsi deməyib.
Hər il
başqa bir uşağa
başqa bir ümid verib.
Hər sinifdə
özündən bir şey qoyub.
Sonra çıxıb.
Zəng çalıb.
Qapı örtülüb.
Amma onun dediyi söz
sinifdə qalmayıb.
Uşaqlarla birlikdə
evlərə gedib.
Sonra universitetlərə.
Sonra iş yerlərinə.
Sonra ailələrə.
Sonra başqa uşaqların
həyatına.
İndi
Rəhilə müəllim
təqaüddədir.
Amma
bir müəllimin
təqaüdə çıxması
günəşin
axşam batmasına bənzəyir.
Günəş görünmür.
Amma işıq
hələ bir müddət
davam edir.
Müəllim də
sinifdən çıxır.
Amma işıq
şagirdlərinin
içində qalır.
Bəlkə bir gün
Ağsunun hansısa məktəbində
gənc bir müəllim
sinfə girəcək.
Jurnalı açacaq.
Şagirdlərə baxacaq.
Sonra
bir anlıq dayanacaq.
Və bilmədən
Rəhilə müəllimin
illər əvvəl dediyi kimi
deyəcək:
— Düşünün...
Onda
Rəhilə müəllimin
dərsi yenidən başlayacaq.
Heç özü orada olmayacaq.
Amma
öyrətdiyi müəllim
orada olacaq.
Bax,
müəllim ömrünün
sirri də budur.
İnsan
özündən sonra
nə qoyduğunu
həmişə görə bilmir.
Amma müəllim
bəzən görür.
Bir gün
keçmiş şagirdinin
qarşısında dayanır.
Onun əlində
diplom görür.
Bir başqasının
həkim xalatını.
Birinin
müəllim çantasını.
Birinin
övladını.
Və anlayır:
mənim ömrüm
burada bitməyib.
Mən
özümü
başqalarının həyatına
paylamışam.
Rəhilə Musayeva...
1954-cü ildə
Ağsuda başlayan
bir ömür.
1976-cı ildə
məktəbin qapısından
içəri girən
gənc müəllim.
Qırx iki ildən çox
sinif otaqlarında
qalan bir səs.
Sonra
təqaüd.
Amma son deyil.
Çünki
müəllim üçün
son zəng olmur.
Son zəng
şagird üçün çalınır.
Müəllim üçün yox.
Müəllim
sinifdən çıxır,
amma
dərsdən çıxmır.
Və bəlkə də
bir müəllimin
ən böyük ömrü
özünün yaşadığı deyil,
başqalarının həyatında
davam etdirdiyi ömürdür.
Rəhilə müəllimin
məktəbi də
elə oradadır:
onu unutmayanların
yaddaşında.
Dərsi isə
hələ də
davam edir...