Bakı şəhərində qanunsuz tikintilərlə mübarizənin gücləndirildiyi, şəhərsalma və tikinti qaydalarına nəzarətin sərtləşdirildiyi barədə aidiyyəti dövlət qurumlarının mütəmadi açıqlamaları verilir. Rəsmi məlumatlarda vurğulanır ki, icazəsiz tikililərə qarşı operativ tədbirlər görülür, qanunvericiliyin tələbləri pozulduqda tikinti işləri dərhal dayandırılır və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.
Lakin paytaxtın mərkəzi rayonlarından biri olan Nəsimi rayonunda müşahidə edilən vəziyyət bu bəyanatlarla real mənzərə arasında müəyyən ziddiyyətlərin yaranmasına səbəb olur.
Söhbət Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən və ictimaiyyət arasında "Əcəmi Mall" kimi tanınan kommersiya obyektindən gedir.
Müşahidələr və redaksiyamıza təqdim olunan videogörüntülər göstərir ki, əvvəllər iki mərtəbədən ibarət olan binada hazırda üçüncü mərtəbənin inşası sürətlə davam etdirilir. Tikinti meydançasında fəhlələrin işlədiyi, tikinti materiallarının daşındığı və əlavə mərtəbənin konstruksiyalarının quraşdırıldığı açıq şəkildə görünür. Ən diqqətçəkən məqam isə odur ki, tikinti hazırda da fasiləsiz davam edir.
Bu isə istər-istəməz bir sıra ciddi suallar yaradır.
Əgər aparılan tikinti tam qanunidirsə, bəs bunun üçün verilmiş tikinti icazəsi haradadır? Layihə sənədləri mövcuddurmu? Dövlət ekspertizasından keçmiş layihə varmı? Obyektin konstruktiv dayanıqlılığı yenidən qiymətləndirilibmi? Mövcud binanın üzərinə əlavə mərtəbə tikilməsinə müvafiq dövlət qurumları tərəfindən razılıq verilibmi?
Yox əgər belə icazələr mövcud deyilsə, onda tikinti hansı əsasla aparılır?
Ən maraqlı məqam isə budur ki, tikinti şəhərin mərkəzində, insanların sıx hərəkət etdiyi ərazidə həyata keçirilir. Belə bir tikintinin aidiyyəti qurumların diqqətindən yayınması inandırıcı görünmür.
Bu səbəbdən ictimaiyyət haqlı olaraq soruşur:
Nəsimi Rayon İcra Hakimiyyəti bu tikintidən xəbərdardırmı?
Şəhərsalma və tikinti sahəsində nəzarəti həyata keçirən müvafiq dövlət qurumları obyektə baxış keçiriblərmi?
Əgər keçiriblərsə, niyə tikinti dayandırılmayıb?
Yox əgər tikinti tam qanuni hesab olunursa, bununla bağlı ictimaiyyətə niyə rəsmi məlumat verilmir?
Məsələ yalnız bir obyektin üzərinə əlavə mərtəbə tikilməsi ilə məhdudlaşmır. Burada söhbət qanunun aliliyinə münasibətdən gedir. Çünki eyni qaydalar bütün vətəndaşlar üçün tətbiq olunmalıdır. Sadə bir vətəndaş həyətində kiçik bir tikili inşa etmək istədikdə aylarla müxtəlif icazələr almağa məcbur qalırsa, şəhərin mərkəzində iri ticarət obyektinin üzərinə yeni mərtəbə əlavə olunarkən həmin prosedurların necə keçildiyi ictimaiyyət üçün tam aydın olmalıdır.
Ekspertlərin fikrincə, mövcud binaların üzərinə əlavə mərtəbələrin tikilməsi yalnız hüquqi deyil, həm də mühəndislik baxımından son dərəcə məsuliyyətli prosesdir. Binanın daşıyıcı konstruksiyalarının əlavə yükə davamlılığı xüsusi texniki rəylərlə təsdiqlənməlidir. Əks halda, gələcəkdə həm obyekt istifadəçiləri, həm də ətraf ərazilərdə yaşayan insanlar üçün təhlükə yarana bilər.
Bu baxımdan "Əcəmi Mall" ətrafında yaranmış vəziyyətin aidiyyəti dövlət qurumları tərəfindən operativ araşdırılması vacib görünür.
İctimai maraq doğuran bu məsələ ilə bağlı aşağıdakı suallar cavab gözləyir:
"Əcəmi Mall"ın üçüncü mərtəbəsinin tikintisinə rəsmi icazə verilibmi? Tikinti layihəsi hansı dövlət qurumu tərəfindən təsdiq edilib?Ümid edirik ki, aidiyyəti dövlət qurumları bu məsələni araşdıracaq, obyektiv mövqe ortaya qoyacaq və cəmiyyətin haqlı suallarına rəsmi cavab verəcəklər. Çünki qanunun aliliyi yalnız sənədlərdə deyil, praktikada da öz əksini tapmalıdır. Əks halda, paytaxtın mərkəzində göz önündə aparılan belə tikintilər cəmiyyətdə "qanun hamı üçün eynidirmi?" sualını daha da aktuallaşdıracaq.
Qeyd: Redaksiya mövzu ilə bağlı adıçəkilən obyektin sahibi və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırdır. Onların təqdim edəcəyi hər hansı rəsmi açıqlama və ya mövqe olduğu təqdirdə, dəyişdirilmədən və tam həcmdə oxuculara çatdırılacaq.