
Əgər insan öz vicdanına sadiqdirsə, heç bir qarayaxma, heç bir böhtan onun yolunu kəsə bilməz. Əgər insan gördüyü işlərdə xalqa, dövlətə, millətə fayda verirsə, zaman keçdikcə onun xidmətləri daha aydın görünür. Bəli, el gözü tərəzidir – hamı hər şeyi görür, kim nə ilə yadda qalır, kim necə fəaliyyət göstərir, tarix özü qiymətini verir. Son vaxtlar bəzi sosial şəbəkə “fəalları” və özünü “jurnalist” adlandıran bir qrup şəxslər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Zahid Xəlilov haqqında əsassız, qərəzli, heç bir məntiqə və fakta söykənməyən yazılar tirajlamaqdadırlar. Əslində, bu cür “məqalələr” daha çox sifarişli xarakter daşıyır, ictimaiyyəti çaşdırmaq və dövlət qulluqçularının nüfuzuna xələl gətirmək məqsədi güdür. Lakin unudurlar ki, günəşin üzünü palçıqla örtmək olmaz.
Zahid Xəlilov uzun illərdir ki, dövlət idarəçiliyində fəaliyyət göstərir. O, hər addımında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən inkişaf strategiyasına sadiqlik nümayiş etdirir. Onun fəaliyyətinə nəzər saldıqda bir həqiqəti görürük: Zahid müəllim özünü heç vaxt kresloya, vəzifə titullarına bağlamayıb, o, həmişə xalqa xidmət etməyi əsas amal hesab edib.
Əsl rəhbərlik vəzifə ilə deyil, xarakterlə, insani keyfiyyətlərlə ölçülür. Zahid Xəlilov məhz həmin insani dəyərləri özündə birləşdirən, sadəliyi, dürüstlüyü, səmimiyyəti ilə seçilən bir şəxsiyyətdir.
Çox təəssüf ki, bu gün sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında peşəkarlıq deyil, sensasiya dalınca qaçmaq, sifarişlə yazılar hazırlamaq meyli güclənib. Əgər bir məmur hansısa səbəbdən vəzifəsindən azad edilirsə, həmin mövqedə çalışan digər şəxslər də dərhal hədəfə alınır, heç bir əsas olmadan oxşar “ittihamlarla” qarşılaşırlar.
Zahid Xəlilov haqqında yazılan böhtanlar da məhz bu təcrübənin davamıdır. Lakin cəmiyyət yaxşı bilir ki, o, ictimaiyyət arasında etimad və hörmət qazanmış məmurdur. Onun fəaliyyəti Nəsimi rayonunun sosial-iqtisadi inkişafına, əhalinin problemlərinin operativ həllinə, sakinlərlə dövlət qurumları arasında sağlam münasibətlərin formalaşmasına yönəlib.
Zahid müəllim hər zaman sadə təbiəti, insanlara qayğıkeş münasibəti ilə seçilib. Onunla ünsiyyətdə olan hər kəs yaxşı bilir ki, o, hər bir vətəndaşın dərdini öz şəxsi dərdi kimi qəbul edir, müraciətlərə biganə yanaşmır. Bu, sadəcə vəzifə öhdəliyi deyil – onun xarakterindən, insani keyfiyyətlərindən qaynaqlanan bir xüsusiyyətdir.
Peşəkar dövlət qulluqçusu kimi Zahid Xəlilov yüksək savadı, geniş dünyagörüşü və idarəçilik bacarığı ilə hər zaman fərqlənib. İstənilən mürəkkəb vəziyyətdə düzgün qərar verməyi bacarması, yaranan problemləri vaxtında həll etməsi onun əsas üstünlüklərindəndir.
Azərbaycan dövlətçiliyi hər bir vicdanlı vətəndaş üçün müqəddəsdir. Zahid Xəlilov da fəaliyyətində bu prinsipə əsaslanır. Onun ən böyük amalı dövlətin, millətin mənafeyinə xidmət etməkdir. Əməli addımları ilə bunu sübut edən Zahid müəllim heç vaxt şəxsi maraqları ön plana çəkməyib. O, bütün işlərini Prezident İlham Əliyevin tapşırıqlarına, tövsiyələrinə uyğun qurub və qurmaqda davam edir.
Hər bir məmurun fəaliyyətinə ən böyük qiyməti cəmiyyət verir. Bu gün Nəsimi rayonunda Zahid Xəlilovu tanıyan, onunla işləyən, ünsiyyətdə olan hər kəs bir həqiqəti dilə gətirir: o, sadə, ədalətli, qayğıkeş insandır. Böhtanların, qərəzli yazıların əksinə olaraq, real həyat göstərir ki, Zahid müəllim həmişə xalqa yaxın olub və insanların etimadını qazanıb.
Bəzən bəzi media qurumları analoji müqayisələrə yol verərək, tamamilə əsassız nəticələr çıxarırlar. Bir şəxsin qanunsuzluğu üzündən işdən uzaqlaşdırılması heç də bütün eyni vəzifə daşıyan məmurların günahkar olması demək deyil. Bu yanlış yanaşma ictimaiyyətdə çaşqınlıq yaradır. Əslində isə hər kəsin fəaliyyətinə fərdi qaydada qiymət verilməlidir. Zahid Xəlilovun fəaliyyəti buna bariz nümunədir – o, daim şəffaflıq, dürüstlük və xalqa xidmət prinsiplərinə sadiq qalıb.
Bəli, ədalət bəzən gec gələr, amma mütləq gələr. Böhtanlarla, qarayaxmalarla insanı nüfuzdan salmaq mümkün deyil. Xalq hər şeyi görür, zaman isə həqiqəti üzə çıxarır.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Zahid Xəlilov haqqında yayılan əsassız məlumatların heç bir dəyəri yoxdur. O, bu gün də vicdanla, ləyaqətlə dövlətə və xalqa xidmət edir. Onun ən böyük dəstəkçisi isə xalqın sevgisi, inamı və hörmətidir.
Ədalətsizlik cəmiyyət üçün virus qədər təhlükəlidir. Gəlin bu virusa yoluxmayaq. Gəlin əsl xidmət göstərən, vicdanla çalışan dövlət qulluqçularına qarşı ədalətli olaq. Ədalətli mövqe insana sərf edib-etməməsindən asılı deyil, real olanı deməkdir. Real olan isə budur: Zahid Xəlilov öz ləyaqəti, xidməti və dürüstlüyü ilə xalqın etimadını qazanmış bir məmurdur.