
Azərbaycanda söz və mətbuat azadlığı təmin olunur, lakin bu azadlıq məsuliyyət tələb edir
Bu gün yüzlərlə kütləvi informasiya vasitələrinin sərbəst şəkildə fəaliyyət göstərdiyi, informasiya məkanının dinamik inkişaf etdiyi Azərbaycan Respublikasında söz və mətbuat azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində medianın hüquqi və maddi-texniki bazası möhkəmləndirilmiş, informasiya əldə etmək və yaymaq azadlığı təmin olunmuşdur. Dövlətin informasiya siyasətində şəffaflıq, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması əsas prinsip kimi qəbul edilir.
Bununla yanaşı, medianın inkişafı ilə bərabər, təəssüf doğuran bir tendensiya da müşahidə olunur – bəzi şəxslər tərəfindən yaradılmış və heç bir peşəkar meyara cavab verməyən, hüquqi qeydiyyatı belə şübhə doğuran dırnaqarası "informasiya saytları" və burada çalışan bəzi "jurnalistlər" mətbuat azadlığından sui-istifadə edərək, şəxsi maraqlar naminə böhtan xarakterli, qərəzli yazılar yayırlar. Onlar jurnalistikanın əsas prinsiplərini – obyektivlik, balanslılıq və həqiqətə əsaslanmaq öhdəliyini tamamilə gözardı edir, ictimai rəyi manipulyasiya etməyə çalışırlar.Media vasitəsi yoxsa şantaj aləti?
Belə qərəzli informasiya resursları cəmiyyətin etibar etdiyi tanınmış ictimai-siyasi xadimlərə, sahibkarlara, idarə və təşkilatlara qarşı planlı şəkildə yalan məlumatlar yayaraq, ictimai nüfuzlarını sarsıtmaq, etibarlarını zədələmək niyyəti güdürlər. Bu saytlarda yayılan yazıların əksəriyyəti faktlara deyil, fərziyyələrə və ya şəxsi qərəzə əsaslanır. Onlar bəzən bu cür qarayaxma kampaniyalarını dayandırmaq üçün müxtəlif “təkliflər” irəli sürərək, açıq-aşkar şantaja əl atırlar. Belə fəaliyyət isə artıq yalnız media etikası yox, həm də qanun çərçivəsində hüquqi məsuliyyət yaradan hərəkət sayılır.
Təəssüflə qeyd etmək istərdik ki, bu günlərdə belə qərəzli kampaniyanın növbəti hədəfi Gədəbəy rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əlövsət Bayramov olmuşdur. Həmin “informasiya portalları” Əlövsət Bayramovun haqqında həqiqəti əks etdirməyən, tamamilə uydurma iddialar irəli sürməklə, onu ictimaiyyət qarşısında gözdən salmağa, işgüzar nüfuzuna xələl gətirməyə çalışırlar. Məlumatlar bir daha sübut edir ki, məqsəd jurnalistlik yox, şəxsi və ya sifarişli maraqları həyata keçirməkdir.Reputasiyaya hücum təkcə bir şəxsə deyil, bir kollektivə qarşı yönəlmiş addımdır
Burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, yayılan yalan məlumatlar təkcə Əlövsət Bayramovun şəxsi nüfuzuna deyil, onun rəhbərlik etdiyi müəssisənin – Gədəbəy rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin kollektivinə mənfi təsir göstərmişdir. Bu cür böhtan xarakterli yazılar kollektiv üzvləri arasında gərginlik, narahatlıq və haqlı narazılıq doğurmuşdur. Əməksevər və vicdanla fəaliyyət göstərən əməkdaşların əməyi kölgəyə salınır, onların ictimai nüfuzuna təsir göstərilir.
Sonda Gədəbəy rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin kollektivi jurnalist adına ləkə gətirən, peşə etikası və vətəndaş məsuliyyətindən uzaq olan media qurumlarına bildirir ki, böhtan xarakterli, təxribatçı və qərəzli məlumatlar yaymaqla siz heç nəyə nail ola bilməyəcəksiniz. Biz haqqımızı qanun çərçivəsində qorumağa qadirik və lazım gəldikdə bütün hüquqi vasitələrdən istifadə olunacaq.
Eyni zamanda biz də cəmiyyətin maariflənməsi, sağlam informasiya məkanının formalaşması naminə, bütün media subyektlərini ədalətli, vicdanlı və məsuliyyətli olmağa, jurnalistikanın əsas prinsiplərinə sadiq qalmağa çağırırıq. Unutmayaq ki, media – həm inkişafın, həm də dağınıqlığın aparıcı qüvvəsidir. Onu hansı istiqamətə yönəltmək isə jurnalistin vicdanı ilə ölçülür.
Azerinform.az