
Hər bir təşkilat üçün funksional dinamika lazımdır. Ona görə də platformaları yaradacaq strukturların təsis olunması yolu ilə getməyə qərar verdik. Belə ki, biz Hərəkatın cəmi 10 il üzvü olduqdan sonra onun sədri seçildik. Bu səbəbdən bir neçə təşəbbüs irəli sürdük və onlar dəstəkləndi. Parlament, gənclər, qadın platformaları da belə yarandı. Bütün bunlar Hərəkata yeni nəfəs verdi və biz bir neçə sammit və nazirlər səviyyəsində tədbirlər keçirdik.Azərbaycan COVID-ə qarşı olan vaksin milliyyətçiliyi ilə bağlı fəal mövqe nümayiş etdirdi. Ölkəmizin fəallığı Hərəkata yeni impuls verdi. Kanadanın dırnaqarası mənəvi liderliyi özünü onda göstərdi ki, bu ölkə lazım olduğundan beş dəfə artıq vaksin aldı. Sonra onların istifadə müddəti qurtardı və hamısını tulladılar. Bu vaksinlərə ehtiyacı olan bir çox ölkələr, sadəcə, özünün minlərlə, on minlərlə vətəndaşını itirirdi. Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində COP29 Azərbaycanda keçiriləcək. Qonaqların sayına görə bu, ən böyük tədbirdir. Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, heç vaxt qarışmamışıq. Hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmırdıq. Hətta işğal dövründə onların daxili proseslərinə də heç vaxt qarışmırdıq.Bizə qarşı olan ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, daim Azərbaycanı diktatura, avtokratiya, demokratiyanı əzən bir ölkə kimi göstərmək ki, bizim başımız buna qarışsın, biz gecə-gündüz özümüzü müdafiə edək, yaxud da gedək onların qabağında baş əyək, deyək ki, siz bizə sataşmayın.Biz hər zaman haqlı olmağımızda tam əmin idik və bir dənə də nahaq iş görmədik. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.
Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır. Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə yaxındır. Amma ölkələrin əhatəsi məhz o ifadəni tamamilə haqlı edir.Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Resurs bazamız kifayət qədər böyükdür və artacaq. Avropada tələbat da mütləq artacaq. Çünki onlar nə qədər yaşıl enerjiyə keçid etmək istəsələr, yenə də təbii qaza ehtiyacları olacaq. Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq. Yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb.Əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur və sentyabr hadisələrindən sonra hətta bəziləri bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar. Qərəzli yanaşmanın böyük neqativ fəsadları ola bilər. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir. Qoşulmama Hərəkatın yaranmasının təməl prinsiplərini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın qurucularının 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük. Məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq. Yəni, bu, mahiyyət etibarilə, müstəqillik uğrunda, müstəqil siyasət uğrunda Hərəkat olub. İnteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir. Hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır, Azərbaycanda deyildiyi kimi, “səninki səndə, mənimki məndə”. Bu, əməkdaşlıq üçün ən yaxşı yoldur.Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. İndi Avropa İttifaqı məkanında bəzi Avropa ölkələrinin, onların öz ölkəsində böyük dəstəyə malik olan rəhbərlərinin necə “ağ qarğaya” çevrildiyini görürük, çünki onların mövqeyi ümumi istiqamətdən fərqlənir.