![]()
Son illər sosial şəbəkələrdə və bəzi internet resurslarında yeni bir “peşə” formalaşıb — kiminsə fəaliyyəti barədə faktlara söykənməyən, araşdırılmamış, qərəzli və sifariş xarakterli materiallar hazırlamaq. Təəssüf doğuran məqam isə odur ki, bəziləri jurnalistikanı ictimai məsuliyyət sahəsi deyil, şəxsi maraqların və ya şantaj mexanizmlərinin alətinə çevirməyə çalışırlar.
Bu günlərdə sosial platformalarda Adil Məmmədov barədə yayılan dırnaqarası “tənqidi” video da məhz belə nümunələrdən biri kimi diqqət çəkdi. Videoda səsləndirilən iddiaların üslubu, təqdimat forması və emosional manipulyasiya cəhdləri ilk baxışdan belə onun obyektiv araşdırma deyil, qərəzli yanaşmanın məhsulu olduğunu açıq göstərirdi. Çünki həqiqətin dili fakt olur, qərəzin dili isə hay-küy.
Məsələ ilə bağlı bölgədə araşdırma aparmaq qərarına gəldik. Şirvan bölgəsi üzrə əməkdaşımız Qobustanda müxtəlif sosial təbəqələri təmsil edən vətəndaşlarla görüşlər keçirdi, yerli sakinlərin mövqeyini öyrəndi, rayondakı vəziyyəti yerində müşahidə etdi. Araşdırmanın nəticəsi isə sosial şəbəkələrdə yaradılmağa çalışılan mənzərədən tamamilə fərqli oldu.
Bu gün Qobustan rayonunda həyata keçirilən quruculuq işlərini, abadlaşmanı, infrastruktur layihələrini, kənd və qəsəbələrdə aparılan yenidənqurma proseslərini görməmək üçün ya qərəzli olmaq, ya da reallıqdan uzaq dayanmaq lazımdır.
Rayon sakinlərinin böyük əksəriyyəti bildirir ki, Adil Məmmədovun icra başçısı təyin olunmasından sonra bölgədə yeni idarəçilik mühiti formalaşıb. Uzun illər müxtəlif problemlərlə üzləşən rayonun inkişaf istiqamətində ciddi addımlar atılıb, bir sıra sahələrdə əvvəlki dövrlərdən qalan nöqsanların aradan qaldırılması istiqamətində sistemli iş aparılıb.
Əlbəttə, heç bir rayonda bütün problemlərin birdəfəlik və tam şəkildə həll olunduğunu iddia etmək doğru olmazdı. Ancaq əsas məsələ idarəetmədə niyyətin, məsuliyyətin və dinamikanın olmasıdır. Qobustanda müşahidə olunan da məhz budur.
Rayonda: sosial infrastruktur layihələri genişləndirilib; abadlıq və quruculuq işləri sürətləndirilib; kənd yolları və kommunal sahələrdə yenilənmələr aparılıb; idarəçilikdə operativlik artırılıb; vətəndaş müraciətlərinə həssas münasibət formalaşdırılıb.
Ən vacib məqamlardan biri isə insanların dövlətə inamının gücləndirilməsi istiqamətində atılan addımlardır. Çünki məmurun əsas vəzifəsi kabinetdə oturmaq yox, xalqın içində olmaqdır.
Demokratik cəmiyyətdə tənqid normal və vacib anlayışdır. Sağlam tənqid inkişafın mühüm şərtidir. Ancaq qərəz, şər, böhtan və sifarişli kampaniyalar nə jurnalistika sayılır, nə də ictimai fəaliyyət.
Bu gün sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edib istənilən şəxs haqqında əsassız ittihamlar səsləndirmək mümkündür. Təəssüf ki, bəzi “bloqer”lər və anonim səhifələr də məhz bundan istifadə edərək reytinq, baxış sayı və ya başqa maraqlar naminə insanların nüfuzuna zərbə vurmağa çalışırlar.
Halbuki hüquqi dövlətdə ittihamın əsası sübut olmalıdır. Fakt olmadan səsləndirilən hər iddia sadəcə məsuliyyətsizliyin göstəricisidir.
Bir məqamı xüsusi qeyd etmək lazımdır: sosial mediada yayılan bəzi materiallar təkcə etik çərçivələri deyil, hüquqi sərhədləri də aşır. Şəxsin şərəf və ləyaqətini alçaldan, böhtan xarakterli məlumatların yayılması qanunvericilik baxımından da ciddi məsuliyyət yaradır.
Ancaq görünür, müəyyən dairələr üçün əsas məqsəd həqiqəti ortaya çıxarmaq deyil, hay-küy yaratmaq, qaralama aparmaq və ictimai rəyə manipulyativ təsir göstərməkdir.
Bir idarəçinin fəaliyyəti barədə ən obyektiv qiyməti nə sosial şəbəkədəki anonim hesablar verir, nə də sifarişli videolar. Ən böyük qiyməti xalq verir.
Qobustanda apardığımız müşahidələr göstərdi ki, rayon sakinlərinin əksəriyyəti icra hakimiyyətinin fəaliyyəti barədə müsbət fikirdədir. İnsanlar xüsusilə rayon rəhbərliyinin əlçatanlığını, problemlərə operativ münasibətini və bölgədə aparılan yenilikləri qeyd edirlər.
Əlbəttə, hər kəsi razı salmaq mümkün deyil. Bu, dünyanın heç bir yerində mümkün olmayıb. Ancaq əsas məsələ cəmiyyətin ümumi rəyidir və bu rəy də reallıqdan doğur.
Bu gün Azərbaycanda dövlət idarəçiliyinin əsas fəlsəfəsi xalqa xidmət prinsipi üzərində qurulub. İlham Əliyev dəfələrlə bildirib ki, dövlət məmuru xalqın xidmətçisidir. Məhz bu yanaşma regionlarda çalışan rəhbər şəxslərin fəaliyyətində əsas meyara çevrilməlidir.
Qobustanda müşahidə olunan mənzərə də göstərir ki, həyata keçirilən işlər məhz bu xəttə uyğun şəkildə aparılır.
Bu gün informasiya müharibələrinin, manipulyativ texnologiyaların və sosial media xaosunun hökm sürdüyü bir dövrdə həqiqəti qorumaq ən böyük ictimai məsuliyyətlərdən biridir. Kiminsə fəaliyyətini tənqid etmək olar. Bu, normaldır. Ancaq tənqid adı altında şər-böhtan kampaniyası aparmaq nə vicdana, nə peşə etikasına, nə də milli-mənəvi dəyərlərə sığır.
Cəmiyyət destruktiv qaralama yox, obyektiv söz istəyir. Çünki ədalət olmayan yerdə etimad ölür. Etimad ölən yerdə isə sağlam cəmiyyət qurmaq mümkün olmur.
Bu səbəbdən hər kəs — jurnalist də, bloqer də, ictimai fəal da — daşıdığı sözün məsuliyyətini anlamalıdır. Çünki söz bəzən silahdan daha ağır nəticələr doğura bilir.
Reallıq isə budur: bu gün Qobustanda görülən işləri insanlar görür, qiymətləndirir və müqayisə edə bilir. Həqiqəti isə nə qədər ört-basdır etməyə çalışsalar da, zaman özü ortaya çıxarır.