Yanvar ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub.
Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla əlaqəli, 857-i isə digər xarakterli olub.