Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

22:08 13.06.2024 411
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 9 iyun 1993 cü il tarixində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi. 1997-ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etdi.
Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
XX əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda pik həddə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Özlərini demokrat adlandıran və xalq adından danışmaq səlahiyyətinin yalnız onlara məxsus olduğunu iddia edən bir qrup siyasətbazın hakimiyyəti dövründə ölkədə iqtisadi böhran dərinləşdi, xalqın həyat səviyyəsi xeyli pisləşdi. Hakimiyyətin bütün pillələrindəki fərsizlik, təcrübəsizlik və naşılıq, kadr siyasətində neobolşevizm meylləri və kobud səhvlər yalançı «demokratik» iqtidarın bütün mahiyyətini, onun xalqdan uzaqlığını, sosial dayaqlardan məhrum olduğunu aşkara çıxardı. Beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter aldı. Daxildəki pozucu qüvvələrin və xaricdəki təhrikçilərin fəal əməkdaşlığı sayəsində Azərbaycanın parçalanmasının əsası qoyulur, etnik qarşıdurmalar və vətəndaş müharibəsi üçün zəmin hazırlanırdı. Artıq Azərbaycanda hökumət böhranı deyil, dövlət böhranı yaranmışdı. AXC—Müsavat rejimi bu qorxulu prosesin qarşısını almaqda aciz idi.AXC iqtidarının dövləti idarəetmədə səriştəsizliyi, ciddi siyasi səhvləri, tale yüklü məsələlərdə düzgün qərarlar qəbul edə bilməməsi, xalqdan ayrılması və onun etimadını tamamilə itirməsi hakimiyyəti iflic vəziyyətinə gətirdi. Ölkə idarə edilmir, hər kəs öz başının çarəsini qılmağa çalışırdı. Öz ətrafında qanunsuz silahlı hərbi birləşmələr yaratmış siyasi qruplar hakimiyyət uğrunda çəkişməni yenidən qızışdırmağa başlamışdılar. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi real təhlükə qarşısında qalmışdı. AXC-Müsavat cütlüyü bütün ölkələrlə münasibətləri korlamış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi. Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC—Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi.
1990-cı illərin əvvəllərindəki yenicə müstəqillik əldə etmiş gənc Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – çarəsizlik, ümidsizlik, siyasi hərc-mərclik, cəmiyyətdə hökm sürən özbaşınalıq,iqtidara inamın olmaması.
Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla əkiz qardaşdırlar – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari. Bu halların baş verməsi ölkəni xaosa, böhrana, ölkənin daxildan parçalanmasına gətirib çıxarır.
AXC-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi. Hərbi məğlubiyyət daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu.
AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının davamlı işğalı, prosseslərin getdikcə gərginləşməsi, xalqın sosial rifahının getdikcə ağırlaşması ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, ölkəni düşdüyü çətin və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyinin və sabitliyin olmasını son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyasını həyata keçirərək ölkəmizin müstəqilliyini qorunmasında, respublikada baş verən ictimai-siyasi böhranın aradan qaldırılmasında əhəmiyyətli rol oynadı.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra istər daxili, istərsə də xarici siyasətdə mühüm yeniliklər baş verdi. Daxildə olan siyasi hərc-mərclik, gərginlik və çaxnaşmaya son qoyuldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasına uyğun olaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi.
Heydər Əliyevin ən mühüm uğurlarından biri də dünyanın bir çox ölkəsinin diplomatları ilə görüşərək, həqiqətləri dünya mediasına çatdıraraq respublikanı informasiya blokadasından çıxardı. Məhz bundan sonra dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. Ölkəmiz ictimai-siyasi, sosial-iqtisadi, elmi, mədəni və digər sahələrdə dünyada inkişaf etməyə başladı.
1994-cü ilin may ayında atəşkəsin imzalanması həyati əhəmiyyət kəsb edirdi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Bugünkü qələbələrin əsası 15 iyun 1993-cü ildə qoyulmuş, bununla Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoymuşdur. Azərbaycan tarixin heç bir mərhələsində bugünkü qədər müstəqil və qüdrətli olmamışdır. Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin də adı yaşayacaqdır. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Ulu Öndər Heydər Əliyevin sözləri də xalqımız və dövlətimiz qarşısındakı xidmətləri qədər unudulmazdır: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.” “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq.”


İslam İsgəndərov,
Cəlilabad Rayonu Kommunal Müəssisələri Kombinatının müdiri.


Azerinform.az 
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

22:21

Netanyahu: Kim bizə zərər vermək istəsə, bunun əvəzini ağır ödəyəcək

21:05

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı? - Seymur Verdizadə yazır...

21:01

Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

21:21

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

09:40

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

01:34

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər

19:00

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı

17:00

Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!

11:30

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

10:30

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

21:21

Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır

21:09

Slovakiyadan Paris-2024 haqda: İyrənclik rəmzi...

21:06

Azərbaycana qarşı çağırış edən jurnalist həbs edildi

21:03

Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq – Siyahı

22:57

Eldar Quliyev–73. CIRAQ KİMİ ADAM - Sadəcə Eldar müəllim...

21:56

İrəvan və Tehran hərəkətə keçdi – Azərbaycanlı prezident hərbi yük maşınlarını dayandıracaq?

20:48

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə

20:43

Ermənistanı məhv edərik! – Türk general elan etdi

22:12

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər - Ədliyyə naziri

22:09

Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq - AÇIQLAMA

01:06

Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti

01:30

“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"

01:25

"Vəhdət Partiyasının parlamentdən kənar qalmasına razı ola bilmərik" - Vasif Əfəndiyev