İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Füzuli rayonunda ekoloji təhlükəsizliyin təmin olunması, təbii ehtiyatların qiymətləndirilməsi, su resurslarının monitorinqi, meşəbərpa və yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, fauna və su bioresurslarının artırılması istiqamətində görülən işlər kompleks xarakter daşıyır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində həyata keçirdiyi tədbirlər sırasında Füzuli rayonuna aid işlərin xüsusi yeri vardır. Ərazidə yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi, mineral-xammal ehtiyatlarının öyrənilməsi, geoekoloji və radioaktivlik şəraitinin araşdırılması, hidrometeoroloji müşahidələrin təşkili, meşə və yaşıllıq sahələrinin bərpası, fauna növlərinin reintroduksiyası istiqamətində mühüm addımlar atılıb.
Xüsusilə diqqətçəkən məqamlardan biri işğal dövründə dağıdılmış su infrastrukturunun və kəhriz sistemlərinin vəziyyətinin müəyyənləşdirilməsi, çaylar üzərində avtomat hidroloji stansiyaların quraşdırılması və əldə olunan məlumatların mütəmadi monitorinq edilməsidir. Bu tədbirlər azad edilmiş ərazilərin ekoloji vəziyyətinin sistemli şəkildə izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Füzuli rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində də konkret işlər görülür. Füzuli şəhəri yaxınlığında 251,1 hektar ərazinin yaşıllaşdırma məqsədilə ayrılması, onun 60 hektarında torpaq hazırlığı işlərinin başa çatdırılması, növbəti əkin mövsümündə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinin nəzərdə tutulması bunu göstərir.
Bununla yanaşı, Füzuli şəhərinin yeni Baş planında 22,47 hektar ərazidə Mərkəzi Parkın salınmasının nəzərdə tutulması şəhərin ekoloji mühitinin yaxşılaşdırılması və əhalinin istirahət imkanlarının genişləndirilməsi baxımından müsbət addımdır. Parkda müxtəlif ağac, dekorativ kol və çiçək növlərinin əkilməsi də şəhər mühitinin yaşıllaşdırılmasına xidmət edəcək.
Fauna və su bioresurslarının bərpası istiqamətində həyata keçirilən tədbirlər də diqqətəlayiqdir. Cəbrayıl ərazisinə ceyranların buraxılması, Füzuli və digər azad edilmiş rayonların çay və su anbarlarına yüz minlərlə balıq körpəsinin salınması ekosistemin təbii tarazlığının bərpasına yönəlmiş konkret layihələrdir.
Bütün bunlar göstərir ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyətini yalnız inzibati nəzarət çərçivəsində deyil, azad edilmiş ərazilərin ekoloji bərpası və Böyük Qayıdış prosesinin ekoloji təminatı baxımından qiymətləndirmək lazımdır. Mövcud məlumatlar əsasında idarənin fəaliyyətini qənaətbəxş hesab etmək mümkündür. Bununla belə, qarşıda daha böyük və uzunmüddətli vəzifələr dayanır. Əsas məsələ görülən işlərin davamlılığının təmin edilməsi, salınan meşə və yaşıllıqların qorunması, su ehtiyatlarının mütəmadi monitorinqi, təbii sərvətlərin istismarı zamanı ekoloji tələblərə ciddi əməl olunması və yeni məskunlaşan əhalinin ekoloji təhlükəsiz yaşayış mühitinin təmin edilməsidir.