İlham Səfərov: "Azərbaycan xalqı qalib xalqdır və öz qisasını düşməndən layiqincə aldı"
Xocalı soyqırımından 33 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb.
Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu və bununla da Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqların "dənizdən-dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdi. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqı böyük bir müsibət yaşadı. Dinc sakinlərin qanına susamış erməni cəlladları bir gecənin içində aman demədən yüzlərlə günahsız insanın qanını axıtdılar. Hər tərəfi bürüyən bəyaz qar axıdılan məsum insanların qanından al qırmızıya boyandı. Bütöv bir şəhər yer üzündən silinmişdi. Bəşər tarixindən gəlib keçən dünyanın ən barbar xalqları belə günahsız insanlara qarşı bəlkə də bu qədər amansız olmamışdı. Lakin ermənilər bu soyqırımı ilə dünyanın ən qəddar yırtıcılarından, vəhşilərindən heç nə ilə fərqlənmədiklərini, əksinə, daha qaniçən olduqlarını bir daha göstərdilər. İnsan adı daşımağa layiq olmadıqlarını yenidən hərəkətləri ilə sübuta yetirdilər.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, məqsəd Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin, müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 məshəti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar". Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının onuncu ildönümündə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədə dinc əhalidən 613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür” – deyə söyləyən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edildi. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlandı. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldıldı. Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərdi. Bu gün də Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib. Bu gün də “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir.
Başı müsibətlər çəkmiş xocalılılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində də tezliklə torpaqlarımızın düşmən tapdağından azad edəcəyi, qisasımızın alacağı ümidi ilə yaşadılar. O gün Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun hünəri sayəsində həyata keçdi. 44 günlük Vətən müharibəsində Xocalı cəlladları məhv edildi, Xocalının qisası alındı. Bu qüruru, xoşbəxtliyi bizə Müzəffər, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu, Vətən uğrunda sinəsini düşmənə sipər edən şəhidlərimiz yaşatdı.
Haqq, ədalət savaşından alnıaçıq, qalib çıxan ölkəmizin Qalib Lideri, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə, doğma yurd-yuvalarına qayıdan soydaşlarımızla görüşü zamanı bildirib ki, indi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir.
Bəli, doğma ocaqlarından didərgin düşmüş soydaşarımış artıq ata-baba yurdlarının işığını yandırır, qürurla deyirlər ki, Azərbaycan xalqı qalib xalqdır və öz qisasını düşməndən layiqincə aldı.
İlham SƏFƏROV,Şirvan Bələdiyyəsinin sədri.
Azerinförm.az