“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib
gundem / medeniyyet / video
12:0115.11.20265
Noyabrın 13-də “Xüdafərim” şadlıq sarayında tanınmış şair və publisist Tapdıq Əlibəylinin 65 illik yubileyi münasibətilə qələmə alınmış “Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının möhtəşəm təqdimat mərasimi keçirilib.
Ədəbiyyat, elm, mədəniyyət və ictimaiyyət nümayəndələrinin, tanınmış ziyalıların, qələm adamlarının iştirak etdiyi tədbir yubilyarın yaradıcılığına, ədəbi şəxsiyyətinə və çoxillik söz fəaliyyətinə verilən dəyərin ifadəsinə çevrilib.
Tədbirin aparıcısı Milli Olimpiya Komitəsinin mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Murad Fərzəliyev (Murad Qoçuoğlu) olub. O, mərasimi giriş sözü ilə açaraq kitabın ərsəyə gəlməsinin əhəmiyyətindən, Tapdıq Əlibəylinin ədəbi mühitdəki mövqeyindən və yaradıcılıq yolunun özünəməxsus cəhətlərindən bəhs edib.
Təqdimat mərasimində Türk Ağsaqqalları İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar dövlət və elm xadimi Südeif İmamverdiyev, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı-publisist, kitabın redaktoru Səyadulla Kərimi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezidentin fərdi təqaüdçüsü, kitabın tərtibçi-müəllifi Dilqəm Quliyev, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Çingiz Ərəbli, tibbi biologiya üzrə elmlər doktoru, professor Yaşar İbadov, iqtisadçı alim, professor Mənsur Bərxudarov, şair və dramaturq Hacı Zaməddin Ziyadoğlu, nəğməkar şair Sabir Abdin, hüquq elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Raqif Nazimoğlu, şair-publisist Ədalət Nəbi Qarabulud, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov, yazıçı, aktyor və kinorejissor Yusif Əlizadə, “Azad Azərbaycan” qəzetinin redaktoru, “Gunaz.az” saytının rəhbəri Bilman İsaq, şair-publisistlər Fərman Borçalı, Xəlil Mirzə, Şükür Müseyiboğlu Şuşalı, həkim Eldar Rəhimov, Heydər Əliyev Beynəlxalq Aeroportunun mütəxəssisi Akif Abışoğlu və başqaları cıxış ediblər.
Çıxışlarda Tapdıq Əlibəylinin yaradıcılıq dünyasının müxtəlif məqamlarına toxunulub, onun poeziyasında sözə, milli-mənəvi dəyərlərə, insan amilinə, Vətənə və zamana münasibətin bədii ifadəsi diqqətə çatdırılıb. Natiqlər şairin fərdi yaradıcılıq üslubunu, ədəbi düşüncəsinin özünəməxsusluğunu, sözə məsuliyyətli yanaşmasını və Azərbaycan ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbirdə kitabın ərsəyə gəlməsi, onun ideya-bədii məzmunu və müəllifin yaradıcılıq portretinin müxtəlif baxış bucaqlarından təqdim olunması da xüsusi vurğulanıb. Kitabın tərtibçi-müəllifi Dilqəm Quliyev və redaktoru Səyadulla Kərimi nəşrin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüblər.
Mərasimdə şair Ədalət Nəbi Qarabuludun Tapdıq Əlibəyliyə həsr etdiyi və təqdim olunan kitabda yer alan “Ağ yol” poemasının da müəllifin yaradıcılıq şəxsiyyətinə verilən poetik dəyərin ifadəsi kimi diqqətə çatdırılması tədbirə xüsusi rəng qatıb.
Təxminən dörd saat davam edən təqdimat mərasimi səmimi çıxışlar, xoş ovqat və ədəbi söhbətlərlə yadda qalıb.
Qeyd edək ki, bu il tanınmış şair və publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Tapdıq Əlibəylinin 65 yaşı tamam olur. “Tapdıq Əlibəyli sözün gözü ilə” kitabı isə yubilyarın yaradıcılığına müxtəlif ziyalıların, ədəbiyyat və elm nümayəndələrinin münasibətini bir araya gətirən, onun ədəbi portretini təqdim edən dəyərli nəşr kimi diqqət çəkir