Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 6 yanvar 2021-ci il tarixində 2020-ci ilin yekunlarına və 2021-ci ildə görüləcək işlərə həsr edilmiş videomüşavirə keçirilmişdir. Müşavirəni giriş nitqi ilə açan Prezident İlham Əliyev ötən ilin ümumi səciyyəsini son illərdə qazanılmış uğurların fonunda belə ifadə edərək bildirmişdir ki, “Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”. Prezident İlham Əliyevin ötən ilin yekunlarına dair keçirilən videomüşavirədə verdiyi yığcam məlumat və yüksək dəyərləndirmə hər bir azərbaycanlıda böyük nikbinlik və haqlı qürur doğurur. Cənab prezidentin nitqində vurğulandığı kimi Şanlı Qələbəmiz Azərbaycan xalqının, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Deyilmişdi ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, Azərbaycan münaqişəni istənilən yolla həll edəcək. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi.Öz nitqində sülhməramlıların fəaliyyətinə diqqət yetirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Azərbaycanın icazəsi olmadan bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılıq verib. Lakin bundan sui-istifadə yolverilməzdir. Azərbaycan prezidenti çıxışında Laçın dəhlizi ilə bağlı çox vacib məqama toxunaraq qeyd etdi ki, "Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla oraya gedə bilməz. Bu bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”. Prezident İlham Əliyevin bu fikirləri ölkəmizin qanunlarına əməl olunmasına məcburetmə barədə xəbərdarlıq kimi də qəbul oluna bilər. Dövlət başçısının vurğuladığı kimi, belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək.
2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini deyən cənab prezident bu seçkilərin demokratiya istiqamətində atılmış növbəti ciddi addım olduğunu, parlamentin çoxpartiyalı parlament olmasının ölkəmizin demokratik inkişafı baxımından böyük əhəmiyyət daşıdığını və müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yarandığını qeyd etdi. Müharibə dövründə öz xain, satqın missiyalarını icra edən, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparan xain dəstə istisna edilməklə bütün digər siyasi partiyalar və birliklərin Azərbaycanın haqq işinə öz dəstəyini verdiyini bildirən cənab prezident vurğuladı ki, 1990-cı illərin əvvəllərində yürüdülmüş yanlış siyasət və bu siyasətin fəsadları orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdırlar.
Cənab Prezident öz nitqində ölkəmizdə kadr islahatlarının davam etdirildiyini, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi aparılmağa başlandığını vurğulayaraq bildirdi ki, “Heç kim qanundan üstün deyil və heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur”
Prezident İlham Əliyev müşavirədə ötən il ərzində iqtisadi sahədə görülən işlərdən də ətraflı bəhs etdi, dünyada yaşanan dərin böhrana baxmayaraq, Azərbaycanın digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxdığını, iqtisadiyyatın təqribən 4 faizdən bir qədər çox azalması müqabilində qeyri neft sənayesinin 11 faizdən çox artdığını diqqətə çatdırdı. Dövlətimizin başçısının çıxışında diqqətçəkən digər göstəricilərə də nəzər salaq. Belə ki: – kənd təsərrüfatı 2 faiz yüksəlib. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Keçən il sosial sahə ilə bağlı çox böyük işlər görülüb. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq.
Neft Fondunun vəsaiti təqribən 0,5 faiz artıb; – Cənub Qaz Dəhlizi tam istismara verilib. Onun son seqmenti olan TAP istismara buraxılıb. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Çünki ölkəmiz Cənub Qaz Dəhlizinin təşəbbüskarıdır.
Azərbaycanda aparılan islahatlar, biznes iqlimi, investisiya iqlimi Dünya Bankı tərəfindən qeyd edilir. Belə ki, Dünya Bankının “Doing Business” proqramında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Eyni zamanda, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə ölkəmiz inkişaf etməkdə olan 74 ölkə arasında əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında ikinci, islahatçı obrazı əmsalına görə, dünya miqyasında beşinci, hökumətin uzunmüddətli strategiyasına görə, 10-cu, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir. Azərbaycan adıçəkilən forumun hesabatında digər sahələrdə də uğurlu mövqelərdə qərarlaşıb. Belə ki, dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci, avtomobil yollarının keyfiyyəti üzrə 24-27-ci, inklüziv inkişaf indeksi üzrə isə 3-cü yerdə qərarlaşıb.
Azərbaycan Prezidenti müşavirədəki çıxışında ölkəmizin bu cür sürətli inkişaf dinamikasından danışarkən lider məmnunluğu ilə bildirdi ki, “Biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik”.
2020-ci ilin əvvəllərindən bütün dünyada, o cümlədən Azərbaycanda yayılmağa başlayan karonavirus pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılmış, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılaraq yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılmışdır.Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görmüş, qısa müddətdə ölkəmizdə laboratoriyaların sayı artırılmış, modul tipli xəstəxanalar tikilmiş, zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Dövlət başçısı bildirmişdir ki, bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək, vətəndaşlarımızın kütləvi peyvənd olunması işinə başlanılacaq və canımız bu xəstəlikdən qurtaracaqdır.
Müşavirədə Vətən müharibəsi gedən 44 gün ərzində Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələrinin hərbi cinayət törədərək mülki əhalimizi, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərmələri barədə də ətraflı bəhs edildi.
Prezident İlham Əliyev çıxışında itirilmiş əmlakın bərpası, vətəndaşlara vəsaitin verilməsi istiqamətində qarşıya qoyulan məsələlərin qısa müddət ərzində öz həllini tapmasının zəruriliyini bildirdi. Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılmış yaşayış binalarının əvəzinə yeniləri tikilməli, həmin binalar isə xatirə komplekslərinə çevrilməlidir deyən cənab prezident bildirdi ki, “Şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır. Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır. Ona görə ki, həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik”.
Müşavirədə azad edilmiş torpaqlarda hazırda, ilk növbədə, minalardan təmizlənmə işlərinin aparıldığı, şəhərsalma ilə bağlı artıq ilkin təmaslar yaradıldığı xatırladıldı. Prezident İlham Əliyev çıxışında bütün ərazilərin yenidən qurulması ilə əlaqədar vahid konsepsiyanın, eyni zamanda, kəndlərin bərpası istiqamətində vahid yanaşma olmasının zəruriliyini bildirdi. Prezident İlham Əliyev bildirdi ki, bərpa işlərinə qədər dəymiş ziyan hesablanmalı, dağıdılmış və azad edilmiş bütün torpaqların peyk və dronlar vasitəsilə çəkilişi, sənədləşdirilməsi aparılmalıdır. Dağılmış məntəqələrin yerində şəhərlərin yaradılmasına ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanacaq ki, məhkəmələrdə qarşı tərəf bizi hansısa faktları saxtalaşdırmaqda ittiham edə bilməsin. Tarixi abidələrin, ictimai binaların, dövlət binalarının, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların dağıdılması sənədləşdirilməli, qiymətləndirilməlidir. İtirilmiş gəlir, ekologiyaya vurulan ziyan hesablanmalıdır. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir.
Dövlət başçısı bildirdi ki, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcək, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcəkdir.
Müşavirədə Prezident İlham Əliyev nitqində azad edilən torpaqlarda ilkin infrastruktur layihələrinin icrasına artıq başlanıldığını, ilk layihənin isə Şuşa şəhərinə yol çəkilməsi ilə bağlı olduğunu vurğuladı. “Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək”. Dövlətimizin başçısı digər vacib layihələrə də start verildiyini, Füzuli şəhərində beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qaldığını, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinin də nəzərdə tutulduğunu, azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün ən müasir suvarma sistemləri təşkil ediləcəyini də diqqətə çatdıraraq vurğuladı ki, “Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq”
Rahidə İsmixanova,
Suraxanı rayon, Səməd Abdullayev adına 290 saylı orta məktəbin direktoru.