Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr, iki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqdadır. Bir millət, iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün bütün dünya dövlətlərinə əsl örnək, iki dövlət arasında bütün sahələr üzrə olan əməkdaşlıq isə hər kəs üçün nümunədir. Türkiyənin Azərbaycana bütün sahələrdə dəstək olması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətini daim pisləməsi, bu sahədə bütün imkanlarını səfərbər etməsi bir daha onu sübut edir ki, doğurdan da Azərbaycan və Türkiyə dövlətləri arasında olan qardaşlıq münasibəti sarsılmazdır.Son vaxtlar Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq istiqamətində xüsusi bir canlanma müşahidə edilir. 2013-cü ildən başlayaraq birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşmişdir. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə minmişdir. Bu saziş olduqca önəmlidir və ölkələrimiz arasındakı hərbi əməkdaşlığın yüksək səviyyəsini təsdiqləyən növbəti sənəddir. Sazişə əsasən və illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilmişdir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdir. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilmişdir.
Bu təlimlərin başlanması zamanı Ermənistan Silahlı Qüvvələrində həyəcan siqnalı verilmiş və düşmən ordusunun hazırlıq səviyyəsi yoxlanılmışdır. KİV-lərdə "Türkiyə Qafqaza qayıdır,” "Türkiyə münaqişəyə müdaxilə edəcək” kimi fikirlərin yayılması düşmən ölkəni əməlli-başlı təşvişə salmışdır. Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, təlimlərin keçirilməsində hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur, bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir. Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir.
Unikal əməkdaşlıq məkanına çevrilən Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət respublikamıza həm siyasi, həm də iqtisadi dividendlər qazandırmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət sayəsində ölkəmiz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib. Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması təşkil etdiyini bir daha təsdiq etdi. Prezident yunan diplomatla görüşdə Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirərək bütün dünya ictimaiyyətinə, eyni zamanda Yunanıstanın diqqətinə Azərbaycan üçün həssas məqamları çox açıq şəkildə çatdırdı. Azərbaycanın xarici siyasət məsələləri və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ortaya qoydu, əzm və iradə nümayiş etdirdi.
Prezident həmçinin Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığını da yunan diplomatın diqqətinə çatdıraraq təcavüzkar Ermənistanın həyata keçirdiyi soyqırımı aktları, pozduğu beynəlxalq hüquq normaları ilə bağlı faktları misal çəkdi. İlham Əliyev Azərbaycan – Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatından dərhal sonra Rusiyadan bu ölkəyə intensiv silah təchizatına görə sərgilədiyi sərt mövqeyi də səfirə xatırlatdı və açıq şəkildə dedi ki, Azərbaycan təkcə Yunanıstana deyil, təcavüzkara hərbi dəstək verən istənilən ölkəyə öz ciddi etirazını bildirir.Cənab İlham Əliyevin toxunduğu digər məqam isə son günlər Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən məsələ oldu. Prezident bu gərginliyin Azərbaycanı ciddi narahat etdiyini vurğulayaraq dedi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, Azərbaycan üçün qardaş ölkədir. Azəraycan hər zaman heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək.
Dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi.
Tural HÜSEYNLİ,
iqtisadcı-ekspert, Nəsimi rayonu.