ABŞ Prezidenti Co Bayden Vaşinqtonda israilli həmkarı İsaak Hersoqla görüşüb.
APA "Reuters"ə istinadən xəbər verir ki, tərəflər görüş zamanı əsasən İrana, Tehranın nüvə proqramına, həmçinin İranın Rusiyaya silah tədarükünə fokuslanıblar.
Tərəflər görüşdən öncə Oval ofisdə mətbuata açıqlama veriblər. İsrail Prezidenti Hersoq çərşənbə günü həbs edildikdən sonra ölən İran vətəndaşı Məhsə Aminin vəfatının 40-cı günü olduğunu qeyd edib. O, Amininin hicabını "düzgün" taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanıldığını və ölümündən sonra İranda etiraz aksiyaları keçirildiyini xatırladıb.
"Bu, İranın nüvə silahlarına doğru irəliləyərkən və günahsız ukraynalıların öldürülməsində istifadə edilən ölümcül silahlar tədarük edərkən öz vətəndaşlarını əzməsinə nümunədir", - deyə Hersoq görüşdən öncə mətbuata açıqlamasında bildirib.