İrəvanda ekspertlər və siyasətçilər arasında yaşanan qalmaqal
Yaxın illərdə Ermənistanda nə qədər adam qalacaq? Bu sual İrəvan siyasətçiləri və ekspertləri arasında mübahisə doğurub. Tərəflər ölkədə qalan ermənilərin sayı barədə fərqli rəqəmlər söyləyir.
“Bu gün Rusiyada ermənilər öz tarixi vətənlərindəkindən çoxdurlar - təxminən 2,5 milyondurlar”,- bunu “Exo Moskvı” radiostiansiyasının efirində bu Cənubi Qafqaz respublikasının Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.
Ancaq İrəvanda yaşayan ekspertlər bu rəqəmi təkzib edirlər. İrəvandakı Qafqaz İnstitutunun əməkdaşı Hrant Mikaelyan hesab edir ki, Rusiyada 2,5 milyon erməninin yaşaması barədə verilən rəqəmlər düzgün deyil.
“İlk dəfə bu rəqəmi Rusiya Federasiyasının erməni icmasının liderləri bildirmişdilər. Onlar üçün bu cür rəqəmlərlə çıxış etmək yararlı idi. Bununla onlar öz nüfuzlarını artırırdılar”,- deyə Mikaelyan bildirir.
Amma ekspertin iddiasını statistika təkzib edir. Ermənistan statistika xidmətinin məlumatına görə, hər il ölkənin 33 min vətəndaşı birdəfəlik Rusiyaya mühacirət edir.
Amma qeyd edək ki, Taqanyanın dediklərini daha öncə Rusiya Federasiyasının prezidenti Vladimir Putin də səsləndirmişdi. O da demişdi ki, Rusiyada ermənilər Ermənistandakından daha çoxdur. Yəni Mikaelyanın təsvir etdiyi mənzərə Ermənistanı böyük sona daha tez yaxınlaşdırır.
Mais Məmmədov, Əməkdar Jurnalist