
Ermənistanın kütləvi informasiya vasitələri cəbhədə yaranmış son gərginlikdən sonra yenə Azərbaycana qarşı həm də informasiya müharibəsi apararaq dünya ictimaiyyətini çaşdırmağa çalışır. Təəssüf ki, bizim bəzi "ağıllı"larımız bu erməni "feili"nə uyur.
Söhbət ondan gedir ki, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Bununla bağlı Müdafiə Nazirliyinin rəsmi xəbərində deyilir:
"Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var".