2025-ci ilin başa çatmasına sayılı günlər qalır. Dünyanın siyasi xəritəsində gərginliklərin artdığı, müharibə ocaqlarının sönmədiyi, qlobal iqtisadi risklərin dərinləşdiyi bir dövrdə Azərbaycan ili necə başa vurur? Bu sual cəmiyyət üçün də, siyasi dairələr üçün də aktualdır. Mövzu ətrafında Şirvan Olimpiya İdman Kompleksinin direktoru Radin Tağıyevin fikirləri 2025-ci ilin ümumi mənzərəsini dəyərləndirmək baxımından diqqət çəkir.“Konstitusiya və suverenlik” ili – siyasi mesaj və strateji xətt
2025-ci ilin Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və suverenlik” ili elan edilməsi təsadüfi qərar deyildi. Bu, Azərbaycanın postmünaqişə mərhələsində dövlətçilik fəlsəfəsini, hüquqi və siyasi prioritetlərini dünyaya açıq mesajla təqdim etməsi idi.
Hacı Əliyevin də qeyd etdiyi kimi, il ərzində Azərbaycan bir tərəfdən daxili sabitliyini möhkəmləndirdi, digər tərəfdən beynəlxalq platformalarda suveren mövqeyini daha qətiyyətlə nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramının real nəticələr verməsi bu siyasətin praktik təzahürüdür. Artıq bu bölgələr yalnız simvol deyil, real iqtisadi və sosial həyat məkanına çevrilir.
Vaşinqton görüşü – regionun taleyini dəyişən imza
2025-ci ilin ən yadda qalan hadisəsi kimi 8 avqust Vaşinqton görüşü xüsusi qeyd olunur. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsi mətninin paraflanması Cənubi Qafqaz tarixində dönüş nöqtəsi hesab olunur.
Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan artıq regional yox, qlobal diplomatiyanın aktiv oyunçusudur. Eyni zamanda ATƏT-in Minsk qrupunun və onun strukturunun ləğvi faktiki olaraq uzun illər süni şəkildə saxlanılan “status-kvo”nun hüquqi tabutuna vurulan son mismar oldu. Hacı Əliyevin fikrincə, bu, Azərbaycan diplomatiyasının açıq zəfəridir.
2026-cı il: sülh, dəhlizlər və açılan sərhədlər ümidi
Gələn ilə baxışda əsas gözləntilər aydındır:
– Ermənistanla tam hüquqlu sülh müqaviləsinin imzalanması,
– Zəngəzur dəhlizi ilə bağlı konkret və geri dönməz addımlar,
– Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddialarının çıxarılması,
– regionda revanşist və daşnak ideologiyasının siyasi iflası.
Bu proseslərin tamamlanması yalnız iki ölkə üçün deyil, bütün region üçün dayanıqlı təhlükəsizlik və iqtisadi inkişaf deməkdir. Eyni zamanda illərdir cəmiyyətin gözlədiyi quru sərhədlərinin açılması sosial və iqtisadi baxımdan mühüm rahatlama yaradacaq.
İqtisadi sabitlik və mümkün risklər
Radin Tağıyevin vurğuladığı kimi, 2026-cı ildə siyasi sabitliklə yanaşı, iqtisadi davamlılıq da qorunacaq. Milli Məclisdə müzakirəyə çıxarılan və artıq birinci oxunuşdan keçən tarixin ən böyük büdcəsi dövlətin maliyyə gücünü göstərir.
Lakin qlobal reallıqlar nəzərə alınmalıdır. Beynəlxalq maliyyə böhranı, enerji bazarlarında dalğalanmalar, neft qiymətlərinin enməsi kimi risklər istisna deyil. Buna baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları, fiskal intizamı və ehtiyatlı makroiqtisadi siyasəti bu riskləri minimuma endirməyə imkan verir.
İqtisadiyyatın şaxələndirilməsi: çağırış və zərurət
Məhz bu məqamda Radin Tağıyevin fikirlərində xüsusi yer tutan məsələ ön plana çıxır:
“İqtisadiyyatın şaxələndirilməsi sürətləndirilməli, qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görülməli, özünüməşğulluq proqramları genişləndirilməlidir.”
Bu, təkcə tövsiyə deyil, strateji çağırışdır. Çünki dayanıqlı iqtisadiyyat yalnız iri dövlət layihələri ilə deyil, regionlarda inkişaf edən kiçik biznes, ailə təsərrüfatları, startaplar və yerli istehsal hesabına formalaşır. Özünüməşğulluq proqramlarının genişləndirilməsi sosial rifahı artırmaqla yanaşı, işsizliyin azalmasına və daxili bazarın canlanmasına xidmət edir.
Sonda
2025-ci il Azərbaycan üçün tarixi yekunların və gələcək hədəflərin ili oldu. Suverenlik artıq yalnız hüquqi termin deyil, real siyasi, iqtisadi və diplomatik məzmun daşıyır. 2026-cı il isə bu xəttin davamı, sülhün rəsmiləşməsi və iqtisadi transformasiyanın dərinləşməsi baxımından həlledici ola bilər.
Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunan nailiyyətləri qorumaq, regionda sülhün əsas memarına çevrilmək və iqtisadiyyatın dayanıqlı modelini formalaşdırmaqdır. Görünən odur ki, bu yol artıq seçilib və geri dönüş yoxdur.
Hələ qarşıda Azərbaycanı daha böyük nailiyətlər, daha böyük uğurlar gözləyir.
Ulu Öndər Heydər Əliyevin hər birimizin qürur rəmzinə çevrilən sözləri yada düşür: “Hər bir insan üçün onun milli mən sssubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.”
Bu gün biz hamımız Müzəffər Prezidentimizlə, Ordumuzla, xalqımızla, Azərbaycanlı olmağımızla fəxr edirik.
Azerinform.az