
Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında cərəyan edir. Vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Güclü siyasi iradə. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Bu gün Azərbaycan bölgədə söz sahibidir. Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir. Azərbaycan düşməndən qisasını döyüş meydanında alıb. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq.Azərbaycanı qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır.
Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir. Bu gün güc də Azərbaycanın tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.