
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib.
Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsinin önəmli maddələri:
“Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”.“Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”.“Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının perspektivi. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.
Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.” Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adına sahib olmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, su üstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir. Yeni Komando Qüvvələrinin yaradılması daim Prezident İlham Əliyevin diqqətindədir. Cari ilin 23 iyun tarixində Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ Müharibəsindən sonra dəfələrlə artırılıb.