Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir
siyaset
11:06
29.11.2022
618
.jpg)
TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq. İndi Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir. Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İndi təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var. İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir;
Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir. İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Rəqəmsal inkişaf və nəqliyyat ümumi inkişafın və təhlükəsizliyin ən mühüm elementləridir. Azərbaycan mövcud istiqamətdə qabaqcıl təcrübəyə və qabaqcıl texnologiyalara üstünlük verəcəkdir. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Azad edilmiş ərazilərdə şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikilir. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Bölgənin hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.