"Allah məni tez aparsın, onlara möhtac qoymasın" - Xalq yazıçısı Anarın qızını Günel Anarqızının müsahibəsi

12:27 10.03.2017 12 359
"Allah məni tez aparsın, onlara möhtac qoymasın" - Xalq yazıçısı Anarın qızını Günel Anarqızının müsahibəsi
azerinform.az qafqazinfo-ya istinadən xalq yazıçısı Anarın qızını Günel Anarqızının müsahibəsini təqdim edir.

- Biz sizinlə evinizdə söhbətləşirik. Ümumiyyətlə, ev məfhumu, ev anlayışı bizim xalq üçün xüsusi əhəmiyyətə malikdir. Bəs sizin üçün ev nə deməkdir? Dincəldiyiniz yerdirmi?

- Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi istədiyim kimi qurmuşam, ona görə də burda rahatlıq tapıram. Yay aylarında bağa köçəndə əlbəttə, orda da dincəlirəm, amma yenə də şəhər evimi daha çox istəyirəm və bura hər zaman tələsirəm.

- Evin hansı küncü sizə daha doğmadır?

- Qəribə səslənsə də evdə olan vaxtımın çox hissəsini mətbəxdə keçirirəm. Ona görə yox ki, biş-düşlə məşğulam. Səbəbi odur ki, mətbəx mənə daha rahatdır. Mətbəxdə yığcam bir televizorum var, səhərlər ona baxıram. Ev sakinləri narahat olmasın deyə qapını bağlayıram və səhər saatlarını orada keçirirəm. Adətən hamıdan tez oyanıram, ətirli çay dəmləyib onun kefini yaşayıram. Qonaq otağında isə axşam vaxtı daha çox oluram, evimə gələnləri orada qarşılayıram. Elə sizi də qonaq otağında qarşılayıram və burada söhbət edirik.

- Belə başa düşdük ki, biş-düşlə aranız yoxdur...

- Sözün düzü, bir o qədər də yox... Sözsüz ki, əksər Azərbaycan xanımları evdə yemək bişirirlər, qonaqlarını gözəl süfrə açıb qəbul edirlər. Bunu bacarmaq hər xanımın başının ucalığıdır. O cümlədən, mən də hər şeyi bişirə bilirəm. Yaxınlarımın dediyinə görə pis də alınmır. Uşaqlarım bişirdiyim yeməkləri çox sevir, məndən bəzən xüsusi bir şey hazırlamağı xahiş edirlər. Bir neçə gün əvvəl nəvəmin iki ayı tamam oldu. Qızım istədi ki, nəvəmin ay tamamında şah plov bişirim. İnandırım sizi, hələ belə sürətlə yemək bişirməmişdim. Çünki hərdən vaxt məhdudiyyəti də olur. Tez-tez yorğunluq da... Elə xanımlar var ki, yemək bişirməklə arası yaxşıdır, evə nə qədər yorğun gəlsələr belə, yeməyi həvəslə hazırlayır. Mən təəssüf ki, o qadınlardan deyiləm. Ona görə də çalışıram bu işləri səhər görüm, axşam isə dincəlməyə üstünlük verirəm.

- Azərbaycan mətbəxi o qədər də geniş deyil. Məsələn, Türkiyənin mətbəxi çox zəngindir. Hər bölgəsinin çoxlu sayda xüsusi yeməkləri var. Siz məhdud sayda olan yeməklərimizdən hansını yaxşı bişirə bilirsiniz?

- Elə deməzdim. Əslində, bizim də çox zəngin mətbəximiz var. Sadəcə, Türkiyənin üç tərəfi dənizlə əhatə olunub və bu səbəbdən dəniz məhsulları ilə bağlı yemək çeşidləri bizimkindən daha çoxdur. Həm də ölkə özündə həm Avropa, həm də Asiyanın çoxəsrlik mətbəx mədəniyyətlərini cəmləşdirir və hər bölgəsinin özünəməxsus ləziz təamları var, buna görə də yemək çeşidləri də daha çox və müxtəlifdir. Amma mənə görə, Azərbaycan yeməkləri daha ləzzətlidir. Balıq yeməklərinə gəlincə, elə bir ləvəngimiz, balıq kababımız nəyə istəsəz dəyər!

- Əsərlərinizi kabinetdə yazmağı xoşlayırsınız, yoxsa sizin üçün fərq etmir?

- Kabinetimdə də işləyirəm, amma daha çox işdə yazıram. Gecə saatlarında kabinetdə, noutbuk yanımda olarsa, yataq otağında yazıram. Kabinetimdə divanım var, hərdən oturub nələrsə yaza bilirəm.

- Qarşımızda baxımlı və şarmlı bir xanım əyləşib. Qadınlar adətən yaş artdıqca bir qədər özlərinə baxmaqdan imtina edirlər. Sizdə isə əksinədir. Baxımlılıq sirlərinizi bizimlə bölüşə bilərsiniz? Çəkiniz də öz yerindədir...

- Çox gənc yaşımda ailə həyatı qurmuşam, ana olmuşam, orta yaşlarımda isə nənəlik sevinci mənə nəsib olub. Amma bütün bu vaxt ərzində demək olar ki, eyni çəkidə olmuşam. Heç vaxt da xüsusi pəhriz saxlamamışam. Düzdür, son zamanlar çalışıram şirniyyat məhsullarını daha az miqdarda yeyim. Hər şeyin qədəri var. Yağlı, qızardılmış yeməkləri sevmirəm. Az kalorili, xeyirli qidaya üstünlük verirəm və ən əsası da idmanla məşğul oluram. Çünki fiziki aktivlik bir çox şeyin dərmanıdır. Xəstələnməmək üçün idmanla məşğul olmaq zəruridir. Həm də idman insanın ovqatını yaxşılaşdırır, sağlamlığını gücləndirir və artıq çəkinin qarşısını alır.

- Özünə baxan xanım zövqlə geyinməyi də çox sevir. Üzərinizdə bir neçə markanın geyimlərini gördük. Şoppinqlə aranız necədir ?

- Əlbəttə, əksər xanımlar kimi mən də mağazalara gedib geyim almaqdan zövq alıram. Bu da depressiyadan çıxmağın bir formasıdır. Bilirsiniz, şoppinqterapiya deyilən bir məfhum var. 90 faiz qadınlarda bu amil işləyir, köməyə yetir. Həmin vaxtlarda bütün mənfi hislərdən təcrid olunursan, özünü pozitiv hiss edirsən. Sözsüz ki, baxımlı olmaq, gözəl görünməkdən mənim də xoşum gəlir. Bu məqamda geyimin qiymətinin elə də əhəmiyyəti yoxdur. Əvvəla, milyoner deyiləm və nəyəsə əsl dəyərindən artıq xərc çəkməyi lazımsız bilirəm. Mən bunu harınlıq hesab edirəm. Və ümumiyyətlə bu halı ailəmə, özümə yaraşdırmıram. Məsələn: bir paltara 5 min manat pul verib almaram. Düşünürəm ki, həmin geyimi 2-3 dəfə istifadə edəcəm. O qiymətə paltar almaq harama yaraşar?

Rəhmətlik xalam, gözəl pianoçu Elmira xanım Səfərova çoxlarının yaddaşında zövqlü bir qadın kimi qalıb. Ancaq həmişə zövqlə geyinməyinin kiçik sirri var idi: sadəlik. Məsələn, adi bir parça alardı, gözəl fasonda bir paltar tikdirərdi, orijinal broş və aksessuarlardan istifadə edərdi və hər zaman hamıdan fərqli və zövqlü görünərdi. Bu da bir bacarıqdır. Əgər xanımlarda bu xüsusiyyət varsa, ən ucuz geyimi də qeyri-adi tərzdə təqdim edə bilərlər. Bu zaman da ən bahalı brend onun yanında kölgədə qalar.

- Qızlarınız da özünüz kimi şarmlıdır. Böyük qızınız Dəniz artıq 2015-ci ildə ailə həyatı qurub. İki aydır ki, nənə də olmusunuz. Nənə olmaq necə hissdir?

- Çox gözəl bir hissdir. Nənə olacağım barədə xəbəri alanda çox çaşdım. Bunun necə olacağını heç cür təsəvvür edə bilmirdim. Bilirsiniz, indiki həyat çox becid cərəyan edir. Özüm də başa düşmədim ki, qızlarım nə vaxt böyüyüb boya-başa çatdılar. Artıq böyük qızım ailəlidir. Bunların hamısı tez bir zamanda oldu. Yuxudan ayılırsan və görürsən ki, həyatın bir etapı arxada qalıb. Mən hələ onun evliliyini həzm etməmiş nənə olmağa hazırlaşmağa başladım. Təbii ki, təbiətin qanunları var, hər şey öz düzəni, qaydası ilə getməlidir. Bir də gördüm ki, qucağımda gözəl bir Allah bəndəsi var. Xəstəxanada olarkən kövrəldim, gözlərim yaşardı. Yanımda olan insanlar da təəccübləndi. Dedilər ki, ağlamaq yox, sevinmək lazımdır. Əlbəttə, bu sevinc göz yaşları idi. İki ay qızımın yanında qaldım, daha sonra evimizə qayıtdım, ilk qonağımız da siz oldunuz.

İki aylıq körpəmiz, Muradımız bizi sevindirdi. Düzdür, hərdən gecələr yatmır, başımıza oyun açır. Amma onun insana qəribə (sanki bizi tanımaq istəyir) baxışı, musiqiyə, ətrafdakı səslərə reaksiyası maraqlıdır. Artıq hiss edirəm ki, musiqidən xoşu gəlir, eşidəndə rahat olur.

- Murad adının qoyulmasında sizin də payınız var?

- Yox, cavanlar özləri seçdilər. Biz də razılaşdıq.

- Belə başa düşdük ki, qızınız erkən yaşda ailə həyatı qurub...

- Bəli, 20 yaşında evləndi. Elə mən də 20 yaşımda ailə həyatı qurmuşam.

- Qızınızın tez ailə həyatı qurmasına necə razı oldunuz? Adətən ziyalı ailələr düşünür ki, qızlar özünü tam formalaşdırdıqdan sonra ailə barədə düşünə bilərlər...

- Bir fikir söyləyə bilmədim, çünki özüm də həmin taleyi yaşamışam. Söylədim ki, bir az da nişanlı qalın, romantik bir dönəmin müddəti uzansın. Çünki hər cütlüyün həyatında nişanlılıq dövrü xüsusi olaraq fərqlənir, daha romantik olur. Ailə qurandan sonra xoşbəxt olsan da, müəyyən məişət problemlərinə aludə olursan, istər-istəməz onlar insanın vaxtını və diqqətini özünə cəlb edir, romantika dönəmi arxada qalır. Mən də düşündüm ki, ola bilərdi ki, gəncdirlər, onlardan asılı olmayan, gözləmədikləri problemlər ortaya çıxa bilər. Bunları öncədən təsəvvür etdiyimə görə dedim ki, tələsməyin. Ancaq təkcə özləri yox, ailəmizin böyükləri də dedilər ki, çox nişanlı olmaq düzgün deyil. Qısa müddətdə toylarını etdik. Ancaq şükür ki, vəziyyət dəyişmədi, eyni münasibətdə qaldılar və ailə həyatlarını özləri uğurla idarə edirlər. Mənim üçün də sevindirici haldır ki, mən bu məsələdə yanıldım, onlar haqlı çıxdı.

- Günel xanım, bilirik ki, siz də məşhur ailə ilə quda olmusunuz. Kürəkəniniz Ruminayada yaşayırdı. Hazırda yenə ordadır?

- İndi Bakıdadırlar, körpələri də burada dünyaya gəldi. Gələcəkdə yəqin ki, gedəcəklər. Ancaq onu da dəqiq deyə bilmərəm. Həyatdır, hər şey ola bilər.

- Qızınız öz həyat yoldaşı ilə necə tanış olub? Səhv etmirəmsə, sizin qardaşınız Rumıniya səfirliyində çalışıb. Bunun bir təsiri olubmu?

- Bəli, qardaşım orada işləyib. Səfirlikdə müşavir olub. Biz də qohum olduğumuz ailəylə çoxdan tanış idik, gözəl münasibətlərimiz var. Deyirlər ki, cavanların evlənməyində ailələrin təsiri olub. Bu, yanlış fikirdir. Cavanlar bir məktəbdə oxuyublar, daha sonra internet üzərindən yazışmağa başlayıblar. Bir müddət yazışdıqdan sonra bir daha görüşüblər. Və nəticədə nişanlanıb, ailə həyatı qurublar.

- Adətən bir çox ölkələrdə, həmçinin Azərbaycanda ziyalı, elit ailələr elə öz təbəqələrindən olan ailələrlə qohum olmaq istəyirlər. Belə başa düşdük ki, siz bu tendensiya ilə getməmisinz. Gənclər özləri seçim ediblər...

- Bəli, bu prosesdə qətiyyən bizim rolumuz olmayıb.

- Məsələn, qızınızın sıravi bir ailəyə gəlin getməsinə razı olardınız?

- Yəqin ki, qəbul edərdik. Çünki ailəmizdə bu sıralama, təbəqəyə ayırma, filankəs mənim tayımdır, bu isə yox kimi yanaşma heç vaxt olmayıb. Ailəmizdə olan hər kəs öz istəyi ilə ailə həyatı qurub, seçimini özü edib. Təbii ki, ailənin böyük önəmi var. Atalar sözü var: "Ot öz kökü üstdə bitər". Mən də bunun lehinəyəm. Ailəylə tanış olmaq, bilmək çox lazımdır. Ancaq qızımla bağlı bu sarıdan narahatlıq hissi keçirməmişəm. Kürəkənimi də çox istəyirəm, onu oğlum hesab edirəm. Çünki mənim öz oğlum yoxdur.

- Kürəkəniniz nə işlə məşğuldur?

- Hazırda Bakıdadır. Rumıniyada özəl şirkəti var idi, orada çalışırdı. İndi isə yenidən işləməyə hazırlaşır.

- Qızlarınızın birinin adı Dəniz, digərinin isə Sezendir. Seçiminizi türk adlarından yana etmisiz. Sezen adının məşhur müğənni Sezen Aksu ilə bir əlaqəsi varmı?

- Sözün doğrusu, ad qoyanda Sezen Aksudan bəhrələnmədim. Həmin müğənnini çox bəyənsəm də, mahnılarını dinləsəm də bu amilin ad qoyulmasında xüsusi rolu olmadı. Əlbəttə, istəmədiyim bir sənətçi və yaxud tanınmış şəxs olsaydı, onun adını qoymaqda tərəddüd edərdim. Sadəcə olaraq, nadir bir ad qoymaq istəyirdim. Elə adlar var ki, çox qoyulur. İstər-istəməz kiminləsə əlaqələndirirsən. Dəniz adını əvvəlcədən düşünmüşdük, ürəyimizdən idi. Sezen adı haqqında isə bir qədər düşündük, tərəddüd etdik. Nadir addır, Azərbaycanda demək olar ki, yoxdur. Bir də ərəb və fars mənşəli yox, məhz türk mənşəli ad seçmək istəyirdim. "Sezmək" hiss etmək deməkdir. O mənada hiss etdim ki, bu qız belə bir xasiyyətdə xanım olacaq və yanılmadım. Onun həssas ürəyi var, incə qəlblidir. Adıyla xasiyyəti üst-üstə düşür. Müəyyən problem olmamışdan əvvəl ilk hiss edən də o olur. Halbuki özü bu adı bəyənmir.

- Problemlərini sizlə bölüşür? Çünki siz bir övlad olaraq öz probleminizi valideynlərinizlə çox bölüşmədiyinizi bildirmişdiniz...

- Hərdən bölüşür. Mən bilmək istəyirəm ki, onu nələr narahat edir. Xoşbəxtlikdən onun böyük bacısı var. Düşünürəm ki, problemlərini onunla bölüşür. Təəssüf ki, mənim doğma bacım olmayıb. Bibim qızları olub, onlarla yaxınam, çox problemlərimi onlarla bölüşürəm və xətirlərini çox istəyirəm. Həmişə valideynlərimi öz problemlərimdən qorumuşam. Odur ki, hesab edirəm, böyük qızım məntiqli bir şüura sahibdir və arxayınam ki, o, bacısına yaxşı məsləhətlər verir. Ancaq elə məsələlər də var ki, mən müdaxilə etməyə məcbur oluram. O zaman etiraf edir, danışır. Həmin zaman da öz məsləhətlərimi verirəm.

- Qızınız Sezen nə işlə məşğuldur?

- Məktəblidir, 11-ci sinfi bitirir. İnşallah, bu il məzun olacaq. Modelyer olmaq istəyir, bu sənətə çox həvəsi var. Çox gözəl rəsmlər və fotolar çəkir.

- Dənizin toyu Alov qüllələrində keçirilmişdi. Təşkilatçı özünüz idiniz? Orada toy eləmək sizə baha başa gəlmədi?

- Bütün ixtiyarı cavanlara verdik, toylarını özləri təşkil etdilər. Əvvəldən axıra kimi, necə istəyirdilərsə, elə də alındı. Biz qarışmadıq. Çünki ürəklərincə olmağını istədik. Sabah nəsə problem olsaydı, deyəcəkdik ki, özünüz istədiyiniz kimi təşkil etdiniz. Toyun tərtibatını bizim yaxın dostlarımızın şirkəti həyata keçirdi. Toy bizə çox da baha başa gəlmədi, normal xərcimiz çıxdı.

- Siz özünüzü xarakterizə edəndə ciddi bir qadın olduğunuzu vurğulayırsınız. Hər qadının zəif məqamlarından biri də onun kövrəkliyidir. Bu mənada sizi ağlatmaq asandır, yoxsa çətin?

- Yəqin ki, yaxınlarımla bağlı ciddi bir problem olanda belə hallar baş verə bilər. Ancaq onda da özümü ələ ala bilirəm. Düşünürəm ki, bir çox məsələlərdə yük mənim üzərimə düşür. Təbii ki, ailəm-atam, anam, qardaşım, qızlarımın atası var. Biz bir-birimizlə çox yaxınıq. Ancaq ata-anamın yükünü yalnız mən qaldıra bilərəm. Hərdən o barədə düşünəndə bir az kövrəlirəm. Yəqin ki, valideynlər və övladlar insanın yaralı yeridir. İnsana zərbə vurmaq istəyən valideynləri ilə bağlı addım atır. Hər halda ağırdır, bu məqamda özümü hardasa müdafiəsiz hiss edirəm və kövrələ bilirəm. Həm də insan yaşa dolduqca daha dözümlü olur.

- Evinizə daxil olan andan bəri sizi müşahidə edirik. Bir qədər kaprizli olduğunuzu düşünürük. Hətta fotoları seçərkən buna tam əmin olduq. Başqa hansı hallarda kaprizlərinizi işə salırsınız?

- Mən kaprizli deyiləm, sadəcə özümə və başqalarına qarşı tələbkaram. Başqalarına qarşı tələbkarlığım da, görünür, düzgün anlaşılmır. Elə bilirlər ki, kaprizliyəm, ərköyünəm. 4 jurnalın baş redaktoru olmuşam. Bilirəm ki, nizam-intizam hər işin başında durur. Hər işdə intizam və məsuliyyətli olmaq vacibdir. Mən bir çox şeylərə göz yuma bilərəm, ancaq məsuliyyətsizliyi qəbul edə bilmirəm. Bir işi boynuma götürürəmsə, özümə görə yüksək səviyyədə həyata keçirirəm. Hərdən isə tələbkarlığım artıq ola bilər, ancaq bunu kapriz kimi qəbul etmək olmaz.

- Ancaq zəif insanların depressiyaya düşə bildiyini vurğulamısınız. Bəs sizin hansı zəif cəhətiniz var ki, depressiyaya düşə bilərsiniz?

- Doğrusu, mən depressiyanın nə olduğunu birmənalı olaraq anlaya bilmirəm. Onun haqqında çox danışırlar, müzakirə edirlər. Bilirsiniz ki, depressiyanın da çox fərqli, hərdən üstüörtülü formaları var. Bunun psixologiya elmində çoxlu izahları da var. Məsələn: bir də görürsən ki, insan cəmiyyətin, ictimai həyatın ən fəal üzvlərindəndir, gülür, əylənir, ancaq hərdən özü də fərqinə varmır ki, necə dərin bir daxili depressiya keçirir. Bəlkə də vizual olaraq bunu sezmək olmur. Ancaq insan daxilən və ruhən böyük sarsıntılar keçirir. Bunu da göstərmək istəmir. Yəni depressiyanın bu forması da var və bəlkə də o, daha ciddi və təhlükəlidir. Ancaq açıq-aşkar depressiyaya düşənlər də var.

Dünyadan təcrid olunub, bütün pərdələri çəkib heç kəsi görmək istəmir, qaranlıq otağa qapanır və tək qalmaq istəyir. Mənim həyatımda belə bir şey olmayıb. Ən çətin anlarımda belə özümü o hissə təslim etməmişəm. Düşünmüşəm ki, bu həyatda müəyyən öhdəliklərim var, onları nə qədər çətin olsa da, yerinə yetirməliyəm. İxtiyarım yoxdur ki, pərdəni çəkib qaranlıq otağa qapanıb oturum, bunun zövqünü yaşayım. Babamın bir şeiri var. Deyir ki, "Dərdimi kimə söyləyim, dünya dolu adamdır". Elə də olur ki, cəmiyyət içində insanlarla oturub-dururuq, gülüb-danışırıq, məclislərə gedirik. Amma içimizdəki əsl halımızı heç kəs görmür.

- Uşaqlıqda qızınız kimi dizayner olmaq istəmisiniz. Bəs maraqlıdır ki, niyə ziyalı, elit təbəqənin övladları məhz dizaynerlik sənətinə meyilli olur?

- Onu deyə bilmərəm, amma mən uşaqlıqdan yaxşı rəsm çəkirdim, bu da yəqin ki, Allahın vergisidir. Rəsm çəkməyə həvəsim var idi, bu işi zövqlə edirdim və ciddi cəhdlə rəssam-dizayner olmaq istəyirdim. Sonra atam məni hazırda adını belə unutduğum bir ortabab rəssamın yanına apardı və rəsmlərimi məsləhət almaq üçün ona göstərdik. Onu da deyim ki, həmin rəsmlər dekorativ üslubda çəkilmişdi. Onlara baxan rəssam dərhal üzünü turşudub dedi ki, bunu hamı çəkə bilər, ataya baxıb "mən də, elə siz də",- deyə əlavə etdi...

Atam da, məsələn, mən çəkə bilmərəm, cavabını vermişdi. Mən isə əməlli-başlı tutuldum. Bunu hiss edən atam məni ruhlandırmağa çalışdı. Ancaq olan olmuşdu, bu hadisədən sonra rəssam olmaq fikrindən vaz keçdim. Əslində, bu sənətin də çox sahələri var. Dekoratorluq, dizaynerlik və s. Bunların hamısı mənə yaxındır. Mən gözəl tikiş tikirəm, nəyisə bəzəməyi sevirəm. İndi gözlərim bir balaca zəifləyib, xırda işlərlə uzun müddət məşğul olmağa hövsələm çatmır.

- Elə evinizdə də çox tablolara rast gəlirik. Aralarında sizin çəkdikləriniz də var. Belə desək, tablo almaq mədəniyyətini özünüzdə formalaşdırmısınız. Divardan asılan tabloları neçəyə almısınız?

- Qiymətləri fərqlidir. Aralarında qiyməti olmayan Toğrul Nərimanbəyovun, Mircavad Mircavadovun da əsərləri yer alır. Onların həqiqətən də maddi ekvivalenti yoxdur. Ancaq qiymətlə bağlı danışsaq, bu işdə də xüsusi çərçivələrim var və həmin çərçivədən kənara çıxmıram. Adi bir vətəndaşam, bizneslə də məşğul olmuram, xüsusi imtiyazlarım yoxdur. Sadəcə olaraq, bizim ailədə sənət əsərlərini toplamaq mədəniyyəti formalaşdığından bu vərdiş mənə də keçib. Babam Rəsul Rza vaxtilə indi adları dillər əzbəri olan böyük rəssamlarla dostluq edib, onlardan gözəl sənət əsərləri alıb və evini bəzəyib. Atam da bu ənənəni davam etdirib. Babamın rəsm kolleksiyasını Benua, Falk, Səttar Bəhlulzadə, Tahir Salahovun əsərləri bəzəyib. Bəzi əsərlər nəsillikcə bir-birimizə keçib. Məsələn: Səttar Bəhlulzadənin iki tablosu atamın, digər iki tablosu bibilərimin evindədir. Rəhmətlik Toğrul Nərimanbəyov atamın dostu olub. Atamın bir çox portretlərini o çəkib. Mənim də bir neçə portretimi qələmə alıb. Onun ən böyüyünü evimdə asmışam. Gördüyünüz portret də onun bütün kataloqlarına daxil olunub.

- Maddi baxımdan təmin olunmuş bir ailədə böyümüsünüz. Bəzən çox şeyin əlçatan olması cansıxıcı olmur?

- Əlçatan olması?

- Bəli!

- Əksinə deyərdim. Bir çox şeyin əlçatan olmaması cansıxıcı olur. Elə şeylər var ki, olmağını istəyərdim. Amma bu məsələdə hansısa maddi imkanlardan söhbət getmir. Bu, əsas amil deyil, halbuki onun da rolu danılmazdır. Ancaq mən başqa şeyi nəzərdə tuturam. Məsələn, istədiyim vaxt bilet alıb harasa getmək istəyirəm. Çünki səyahətləri çox xoşlayıram, ümumiyyətlə düşünürəm ki, həyatın bizə verə biləcək ən gözəl nemətlərindən biri ölkələri, elləri dolaşmaqdır. Bu isə hər zaman mümkün olan bir iş deyil. Mənim həyatda ən çox sevdiyim şey səyahət etmək, yeni yerlərlə tanış olmaqdır. Yəqin ki, mən hansısa əvvəlki həyatımda səyyah olmuşam. Həmişə də istəmişəm ki, elə bir imkanım olsun ki, istədiyim məqamda harasa gedə bilim. Bəlkə də ondandır ki, yaradıcı ruhlu insanların xüsusiyyətinə belə şeylər xasdır, bu, onların ayrılmaz cəhətidir. Elə bil fikirlərinlə yalnız qalmaq istəyirsən. Onun üçün harasa getmək, hər şeydən təcrid olunmaq, özünlə, daxilinlə təkbətək qalmaq böyük avantajdır və həmişə mümkün olmur. Maddi şeylər isə o qədər ötəridir ki,.. Məsələn: artıq bir qab, ya paltar, ya nə bilim, telefon aldım. Bir müddət zövq aldım, sonra onlar sənin üçün adiləşir və insan yenə nəyinsə axtarışına çıxır və bu istək heç vaxt bitmir. Telefonun hər ay, hər il yeni modelləri çıxır. Neynirəm, bu telefonları yığıb?! Mənə görə həyatda yalnız qalıcı, daxilində həmişə yaşayan şeylər uğrunda səy göstərməyə dəyər. Çünki mən məhz bu məqamlarda özümü bəxtəvər hiss edirəm. Hisslər, xatirələr və ümidlərlə bərabər. Bundan artığını istəmək mənasızdır.

- Arzuladığınız və hələ də gedə bilmədiyiniz ölkə, yaxud şəhər var?

- Əlbəttə, çoxdur. Mən əsasən Avropa ölkələrində və Amerikada olmuşam. Asiya ölkələrinin əksəriyyətində, Afrikada isə ümumiyyətlə olmamışam. Həvəslə Çinə, Yaponiyaya, Malaziyaya getmək istəyərdim. Ancaq hələ ki, belə bir planım yoxdur. Çünki mən xaricə çox vaxt işimlə bağlı gedirəm. Odur ki, inanıram, bu səfərlər də nə vaxtsa baş tutacaq.

- Bir neçə tabloda narlara rast gəlirik. Evinizdə dekor kimi nar bəzəklərindən də istifadə etmisiniz. Nara qarşı simpatiya sizdə necə yaranıb?

- Onları qəsdlə alıb toplamamışam. Bir gün oturub baxanda özüm də bunun fərqinə vardım. Dedim ki, deyəsən, Toğrul Nərimanbəyov kimi nara xüsusi vurğunluğum var. "Pəncərə" verilişimizdə ona bununla bağlı sual da ünvanlamışdıq. Bilirsiniz ki, verilişin aparıcısı Nərgiz Cəlilova, müəllifi isə hər ikimiz idik. O zaman verilişdə masanın üstünə nar da qoymuşduq. Sual vermişdik ki, sizin tablolarınızda bir dənə belə olsa, həmişə nar var. Hətta emalatxanasında da qurumuş bir nar var idi. Toğrul müəllim də cavab vermişdi ki, bəlkə də o narın içi quruyub, yox olub. Amma rəsm çəkəndə həmin nar qurusundan istifadə edir. Bəlkə də, həmin məsələ məndə də şüuraltı qalmışdı. Məsələn: gördüyünüz bu tablo Vəfadar adlı bir rəssamın əsəridir. Ona baxanda özümü çox rahat hiss edirəm.

- Həssas bir qadınsınız. Biz artıq bir neçə saatdır ki, sizinlə bir aradayıq. Bizimlə bağlı nə hiss edirsiniz?

- Çox səmimi həmsöhbətsiniz. Çox xoş auranız var. Adətən müsahibələrin çoxunda şablon suallar verirlər. Artıq söhbətin ilk dəqiqlərindən sıxılmağa başlayıram. Belə olanda istəyirəm ki, müsahibə tez bitsin. Ancaq sizinlə xoş söhbət alınır. Son vaxtlar ərzində hələ belə olmamışdı...

- Belə bir deyim var: "Özünə yaxşı bax, çünki bir müddətdən sonra yanında özündən başqa heç kəs qalmayacaq". Tək qalmaqdan qorxursunuz?

- Bu barədə çox düşünürəm. Məlumdur ki, hamımız bu dünyada faniyik, bura tək gəlir, tək də gedirik. Heç kəsi də, heç nəyi də özümüzlə aparmırıq. Dərinə varsaq, elə içimizdəki həyatımızı da tək yaşayırıq. Sadəcə olaraq ömrümüzün bəzi məqamları var ki, müəyyən adamlarla daha çox yaxınlaşırsan və o, sənin üçün xüsusi əhəmiyyətli birinə çevrilir. Həmin anda bir illuziya yaranır ki, biz tək deyilik. Ancaq bu, bir illuziyadır. Heç bir insanın boynuna yazılmayıb ki, daim və bütün ömrü boyu yanında olacaq. Heç kəs sənin yanında olmağa məcbur deyil və sən də məcbur deyilsən. Bu, məhkumluq deyil, könüllü olan bir şeydir. Atamın bir sözü var, deyir, dostlarımın bir hissəsini ölüm apardı, bir hissəsini isə həyat. Tam razıyam. Həyat insanı götürüb aparır, mən onda nə edim? Depressiyaya qapanım? Heç vaxt özünü nəyəsə və kiməsə bağlamaq lazım deyil. Məncə, ən ideal halda insan yalnız özünə güvənməlidir, ona görə də səhhətinə diqqət etməlidir. Mənim ən qorxduğum şey fiziki cəhətdən kiməsə möhtac qalmağımdır. Allah məni bu dünyadan tez aparsın, ancaq yaxınlarıma belə möhtac qoymasın. Onlara ağırlıq və problem yaşatmaq istəmirəm. Bir ömür boyu çalışmışam ki, öz problemlərimi tək başıma həll edim. Həyatın müxtəlif cür çətinliklərinə öyrəşmişəm. Amma fiziki çətinlik başqa şeydir. Bir gün belin qırılsa, özünə bir stəkan su gətirə bilməsən, bu zaman ətrafdakılara möhtac qalmalı olacaqsan. Baxın, mən bu möhtaclıqdan danışıram. Tənhalıqdan çox, başqasına möhtac qalmaqdan qorxuram.

- Yəqin ki, ətrafınızda dostlarınız çoxdur. Hər bir insan dostu öz prinsiplərinə uyğun seçir. Sizin hansı dostluq prinsipləriniz var?

- Mən dostluqda sədaqətli insanam. Heç vaxt dostu satmaram, dostluğa xilaf çıxmaram. Həmin xüsusiyyətləri də başqasından tələb edirəm. Hələ ki, dostlarımın arasında məni satan, üzüdönük çıxan olmayıb. Başqasından nəyi gözləyirsənsə, həmin şeyləri onlara verməyə hazır olmalısan. Nə veririksə, onu da alırıq. Hərdən görürsən ki, insanlar təmənnasız yaxşılıqlar edir. Daha sonra başa düşürsən ki, sən də ona vaxtı ilə eyni münasibəti göstərmisən. Necə birtərəfli eşq son nəticədə uğursuz bitirsə, dostluq da heç vaxt birtərəfli olmur. Dostluq da bir iş, zəhmətdir. Dost arxanda, önündə yox, yaxınında olmalıdır. Şükür ki, mənim dostluqda bəxtim gətirib. Mən pis adamlarla heç vaxt yaxınlaşa bilmərəm. Bu zaman xasiyyətlərindəki çürüklüyü görüb dərhal uzaqlaşıram. Sadəcə, bu adamlara imkan vermirəm ki, çürük xarakterlərini üzərimə daşısınlar.

- Siz həm də Xalq yazıçısı Anarın qızısınız. Anarın qızı olmaq sizə nə kimi avantajlar yaradıb? Məsələn, publilistikayla məşğul olmağa başlayanda hansısa bir qapını döyüb, "yox" cavabı alanda Anar adı sizə yardımçı olub?

- Yazılı mediada məqalələrim, hekayələrim dərc ediləndə Günel Anarqızı imzası ilə yazmağa başlamışdım. Çoxları bilirdi ki, mən atamın qızıyam, təqdimata ehtiyac yox idi. İlk yazılarımı isə başqa adla internetdə yayımlamışam. Səbəb isə insanların reaksiyasını öyrənmək istəyim olub. Onlar nə məni, nə də atamın kim olduğunu bilirdilər. O zaman ilk yazılarıma olan xoş münasibəti hiss etmişəm. Bundan sonra artıq daha səylə yazmağa başlamışam. Sonra yazılarımı valideynlərimə göstərib, xeyir-dualarını almışam və artıq bundan sonra mətbuata təqdim etmişəm.

- Soyadınızdan xoşunuz gəlmədiyi üçün "Anarqızı" təxəllüsünü götürmüsünüz. Amma bir az daha səmimi olsaq, Anarqızı olmaq həm də bir özgüvən deyilmi?

- İndiki yaşım olsaydı, o təxəllüsü götürməzdim. Çox güman ki, o vaxt cavanlığın məsuliyyətsizliyi idi. Ağlıma gəlməzdi ki, bu təxəllüslə yazılarım mətbuatda dərc ediləcək və bu qədər uzunömürlü olacaq. Sadəcə olaraq, Rzayeva soyadından xoşum gəlmədiyi üçün ən məntiqlisi olan "Anarqızı" təxəllüsünü götürmüşdüm. İndi, deyəsən, hansı yük üzərinə girdiyimi yavaş-yavaş anlamağa başlamışam. Bu təxəllüs bir ədəbiyyatçı nəslinin həmin qismdə davamçısı olmaq iddiasıdır. Bu isə heç də zarafat deyil...

- Hər zaman atanız gündəmdə olub. Ancaq biz ananız Zenfira xanımı da sizin dilinizdən tanımaq istərdik. Ananıza xas olan hansı keyfiyyətlər sizdə var?

- Anam mənim yaxınımdır, canımın içidir. Hamı üçün ana nə deməkdirsə, mənim üçün də o anlamdadır. Özümü onsuz təsəvvür edə bilmirəm, mənim tərkib hissəmdir. Alimdir, gözəl mütəxəssisdir, bir çox sanballı elmi işlərin, kitabların müəllifidir, çox nüfuzlu bir musiqişünasdır. Mənim valideynlərim öz işlərinin fədailəridirlər. İş üçün yuxularına haram qatıb səhhətlərindən belə keçiblər. Mən onlar kimi bu dərəcədə qurbanlar verə bilmərəm, yəqin ki,.. Ancaq anamdan mənə onun düzlüyü, hər işə məsuliyyətlə yanaşması və böyük tələbkarlığı keçib. Buna görə də anama çox minnətdaram...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi