Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Tərtər rayonunda ermənilərə işləyən bir qrup hərbçi və mülki şəxsin ifşası ilə bağlı bəyanatı hələ də aktualdır
Ulus.Az-ın məlumatına görə, hazırda bu məsələ cəmiyyətdə çox ciddi şəkildə müzakirə olunmaqdadır. DTX sədri Mədət Quliyev bir neçə gün öncə məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, casus şəbəkəsi ordumuza 1988-1990-cı illərdən sızıb.
Məsələn, “Yeni Müsavat”da 2008-ci ilin dekabrında Tərtər rayonunun Qapanlı kəndi ərazisində yerləşən “N” saylı hərbi hissənin ermənilərlə üzə-üzə olan posta basqınla bağlı xəbər dərc olunub. Həmin xəbərdə deyilirdi ki, posta hücum etmiş 4 naməlum silahlı şəxs 1 əsgərimizi öldürüb, 1 kiçik çavuşu isə yaralayıb.
Səfər Əbiyevin nazir olduğu dövrdə Azərbaycan ordusunda casus şəbəkəsinin əl-qol açması üçün münbit şəraitin olduğunu təsdiqləyən geniş yazılar “Yeni Müsavat”ın 2009-cu ilin iyununda işıq üzü görən saylarında da dərc olunub. Həmin ilin mayında Respublika Hərbi Prokurorluğunda 5 nəfər hərbçinin işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Yeni Müsavat”ın əldə etdiyi ittiham aktından belə aydın olurdu ki, “N” saylı hərbi hissənin zabiti, leytenant Xəqanı Bəkir oğlu Cavadov kiçık çavuşlar - Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevlə əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib.
Ermənilər də həmin əsgərlərdən istifadə edərək ordumuzun mövqeləri barədə məlumat almaqla yanaşı, onların əli ilə Azərbaycan ərazisində partlayışlar törətməyi planlaşdırıblar.
Ulus.Az-ın məlumatına görə, casus şəbəkəsinin keçmiş müdafiə nazirinin dövründə formalaşması Səfər Əbiyevin həbsi ilə nəticələnə bilər.
İddialara görə, bu məsələlər təftiş edilir. Hazırda sabiq nazirin başı üzərində “qara bulud”lar dolaşır. S.Əbiyevin məsuliyyətə cəlb olunması mümkündür.
İddialara görə, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi keçmiş nazir Səfər Əbiyevə 19 illik orduda rəhbərliyini əks etdirən maliyyə hesabatının hazırlanması tapşırığı verib.
“Yeni Müsavat” yazır ki, hələ 2007-ci ilin sonlarında kiçik çavuş Elçin Məmmədovla əlbir olmaqla Xəqanı Cavadov ermənilərlə işbirliyinə razılıq verib. Erməni hərbiçilər X.Cavadova “Tufan”, E.Məmmədova isə “Best Tufan” ləqəbi verməklə onları casusluğa cəlb ediblər.
2007-ci ilin dekabr ayının əvvəllərində kiçik çavuşla leytenant əsgər Nurlan Novruzova “koma”ların yanına getməsini əmr edib və yolda onu azdıraraq düşmən postuna aparıblar.
Ermənilərin “Andrey” adlı hərbçisi Nurlanı videokameraya çəkməklə zorladıqdan sonra ondan casusluq fəaliyyəti göstərməsini tələb edib.
Nurlandan xidmət etdiyi posta kimin və hansı səbəbdən gəlməsi, gəlmiş şəxsin hansı vəzifədə işləməsi, Şəmkir və Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdəki əsgərlərin sayı barədə məlumat toplayıb onlara ötürmələrinə dair tapşırıqlar verilib".