Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.
AzPolitika. info - nun məlumatına görə, Kamal Abbasov bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz İxrac İdarəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, işdən azad edilən Gülməmməd Cavadov 1949-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib. 1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzəifəsinədək yüksəlib.
1993-1999- cu illərdə Peyk zavodunun direktor müavini, direktor vəzifələrində çalışıb. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub. 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika nazirinin müavini vəzifəsində çalışıb.