Azərbaycan 1991-ci il oktyabrın 18-də öz istiqlaliyyətinə qovuşmuş və həmin gün Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşmüşdür. Azadlığı, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağırdır.
Müstəqillik dövrünün ilk illərində ölkədə vəziyyət milli fəlakət həddinə çatmışdı, ictimai həyatın bütün sahələrində xaos baş alıb gedirdi. Siyasi hərc-mərcliyin, dövlətçiliyimizi təhdid edən təhlükələrin sonu görünmürdü. Xaricdəki düşmən qüvvələr daxili irtica və siyasi-hərbi müxalifətlə birləşmişdi. Vətəndaş müharibəsinin alovları hər an bütün ölkəyə yayıla bilərdi. Azərbaycanın parçalanma və məhvolma təhlükəsi reallaşmışdı.
Belə bir çətin şəraitdə Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi. Bunun nəticəsində ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı.1993-cü ildə xalqımızın dahi oğlu Heydər Əliyev hakimiyyətə qayıdanda bütün ölkə iqtisadiyyatında olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğu və sistemlər qəza vəziyyətinə düşmüşdü, sahənin inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Belə bir vəziyyətdə ulu öndərin respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını da məhv olmaqdan xilas etdi. Sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Heydər Əliyevin göstərişlərini əsas tutaraq respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi. 1993-cü ildə ölkədə gərgin siyasi durum, iqtisadi böhran, müharibə şəraiti, qaçqınlar problemi, vətəndaş müharibəsi təhlükəsi hökm sürən bir dövrdə ulu öndər bir çox maneələrə baxmayaraq, bütün sahələrdə islahatların aparılmasını təkidlə tələb etdi və onun həyata keçirilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürdü.
Ölkəmizin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahədə aparılan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. İslahatların normativ hüquqi bazası yaradıldı və bir sıra praktiki tədbirlər işlənib həyata keçirildi. Bir-birini təkrarlayan və səmərəsiz strukturlar ləğv olundu, bazar iqtisadiyyatı şəraitində daha çevik fəaliyyət göstərə biləcək yeni strukturlar yaradıldı. Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf tarixinə həm də radikal aqrar islahatların müəllifi kimi imza atdı. 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” qanuna əsasən torpaq üzərində xüsusi mülkiyyətçiliyin əsası qoyuldu. Torpaq bazarının yaranması və formalaşması üçün hüquqi baza yaradıldı. Ümummilli lider qeyd edirdi: “Aqrar bölməni keçmiş sistem əsasında, keçmiş prinsiplər əsasında idarə edib istənilən nəticəyə nail ola bilmərik... İslahatların əsasını mülkiyyət formasının dəyişdirilməsi təşkil edir, ...gərək kəndli torpağının sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər... İslahatlar xalqımızın rifahının yüksəldilməsi üçün həyata keçirilməlidir, əks təqdirdə islahatlar səmərəsiz ola bilər”.
Ölkəmizin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarını yetişdirib yüksək məhsuldarlığa nail olunmasının mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir. Meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, tükənməz enerjisinin və siyasətinin bəhrəsi olmuşdur. Ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olan meliorasiya və irriqasiyanı böhrandan çıxarmaq, xarici investorların bu sahəyə marağını artırmaq, onların konkret köməklik göstərmələrini təmin etmək məqsədilə meliorasiya və irriqasiya sahəsində bazar iqtisadiyyatına uyğun islahatların aparılmasına və müvafiq qanunvericilik bazasının yaradılmasına başlanıldı. 1996-cı ildə MDB ölkələri arasında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” qanun qəbul edildi. 1997-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və bir sıra digər qanun və normativ hüquqi sənədlər işlənib hazırlandı. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su Məcəlləsi” respublikada su münasibətlərinin tənzimlənməsi sahəsində yeni bir addım oldu. Ümumilikdə meliorasiya və irriqasiya sahəsində islahatların aparılması və onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik olan bu iki qanun və onların əsasında qəbul edilmiş 40-dan artıq normativ hüquqi sənəd meliorasiya və su təsərrüfatı sahəsində fəaliyyətin, su təsərrüfatının idarə olunmasının, su münasibətləri sahəsində islahatların əsas istiqamətlərini və prinsiplərini, habelə su təsərrüfatı obyektlərinin mülkiyyət münasibətlərini müəyyənləşdirdi.
Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya ayrılan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və digər beynəlxalq maliyyə qurumları tərəfindən ölkəyə kredit xətləri açıldı. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə bərpası, yenidən qurulması və tikintisi yarımçıq qalmış 150 obyektdən ölkəmizin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt müəyyənləşdirildi. Bu obyektlərdən isə ən vaciblərinin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Vayxır su anbarının inşasının birinci növbədə maliyyələşdirilməsi qərara alındı.
Ümummilli lider 1994-cü ildə Səudiyyə Ərəbistanında olarkən İslam dünyasının ona böyük hörmət əlaməti olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi üçün güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına qrant ayırdı. Bu qrantın hesabına Türkiyənin məsləhətçi şirkətləri tərəfindən 1996-cı ildə hazırlanmış sxem 1997-ci ildə ölkə rəhbərliyi tərəfindən bəyənildi. Bu sxemin davamı olaraq Dünya Bankının krediti hesabına Yaponiyanın və Azərbaycanın layihə şirkətləri tərəfindən 2004-cü ildə Samur-Aşeron kanalı (SAK) sistemi üzrə Uzunmüddətli Strategiya və Texniki-İqtisadi Əsaslandırma hazırlandı.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi tərkibində Samur çayı üzərində baş suqəbuledici qurğunun təmir-bərpası, Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan ilk 50 kilometrlik hissəsinin, 60 min hektar sahədə təsərrüfatlararası kanalların və Xanarx kanalının yenidən qurulması, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının (SES-lə birlikdə) tikintisi, Abşeron magistral kanalının yenidən qurulması, respublikanın şimal zonasında yerləşən kiçik çaylar üzərində sugötürücü və nəqledici qurğuların tikintisi, 31 min hektar sahədə yeni suvarılan torpaqların istifadəyə verilməsi və digər işlər nəzərdə tutulurdu.
Mühüm meliorasiya və su təsərrüfatı obyektlərindən olan və Kür çayının sağ sahilində yerləşən 500 min hektar suvarılan sahələrdən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 1994-cü ildə 59,1 kilometrlik birinci, 2000-ci ildə 52,7 kilometrlik ikinci hissələrinin, 2000-ci ildə Şəmkir maşın kanalının 3,4 kilometrlik hissəsinin və 2001-ci ildə Ceyrançöl ikipilləli nasos stansiyasının tikintisi işləri başa çatdırılmışdır.
Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafına ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş diqqət və qayğı bu gün Prezident
İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlət başçısının sahəyə diqqəti və yaxından köməyi sayəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Prezident meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq problemlərinin həllindəki rolunu nəzərə alaraq, sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə şəxsən tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir.
Dövlət başçısının sahəyə diqqət və qayğısının nəticəsi olaraq son illər sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmışdır. Bunun nəticəsində 2003-2015-ci illərdə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizmlər alınmış, 3475 km suvarma kanallarının, 2022 km kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, 284,8 min hektar sahədə suvarılan torpaqların su təminatı və 217,9 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 42,7 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi, hündürləşdirilməsi işləri həyata keçirilmişdir.
Bu illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Hər il 11-12 min km suvarma kanallarında , 3-3,5 min km kollektor-drenaj şəbəkələrində 50-55 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılır. Bu istiqamətdə 2000-2015-ci illərdə suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində 723,5 mln. kubmetr təmizləmə, çay məcralarında 197,7 mln. kubmetr tənzimləmə işləri yerinə yetirilmişdir.
Eyni zamanda mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarında, Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdmançay dükerlərində, Şəmkir maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, Zərdab, Kürdəmir, Ağsu, İmişli, İsmayıllı, Yevlax, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində yerləşən boru kəmərlərində dağ çaylarında mövcud kilometrlərlə daş-beton mühafizə bəndlərində, suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. Bunlardan əlavə, Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında yeni torpaqların suvarılması və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə ümumi sututumu 100 mln. kubmetr olan Vayxır su anbarının gücü 4,7 MVt olan SES-lə tikintisi 2005-ci ildə başa çatdırılmışdır. Həmçinin respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsində nəzərdə tutulan işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı 2004-cü ilin iyun ayında Quba-Xaçmaz bölgəsinə səfəri zamanı Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsində həyata keçirilən işlərlə, o cümlədən Xanarx kanalının tikintisi ilə tanış olmuş və bu işlərin gedişindən razı qalmışdır. Bu işlərin gələcəkdə yüksək keyfiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlarını vermişdir.
Prezidentin sədrliyi ilə 2005-ci il sentyabrın 1-də su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilmiş müşavirədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin su təchizatının yaxşılaşdırılmasında “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi”nin mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bəyənilmiş və bu işlərə Dövlət Neft Fondunun büdcəsindən vəsait ayrılması barədə göstəriş verilmişdir. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi tərkibində 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirilməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən Qusar, Xaçmaz və Şabran rayonlarında 62,6 min hektar ərazidə sahələrin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.
Prezident 28 sentyabr 2013-cü ildə Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək, su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir”.
Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin sürətləndirilməsi barədə Prezidentin verdiyi tapşırıqların icrası olaraq 2015-ci ildə Xızı rayonunda ümumi 7111 hektar (5400 ha yeni suvarılan), Siyəzən rayonunda isə 3204 hektar (2539 ha yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılmışdır. Bu da yeni istifadəyə veriləcək 7939 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan yaratmışdır. Eyni zamanda şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 mln. kubmetr su verilməsi üçün tikinti işləri davam etdirilərək Caqacuqçay, Qudyalçay və Qusarçay çaylarında bu işlər tamamlanmışdır. Növbəti illərdə isə daha 3 çayda bu işlər davam etdiriləcək.
Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının 2013-cü ildə istifadəyə verilməsi nəticəsində son illər yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur.
Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihəsi olan və 15 noyabr 2014-cü il tarixində dövlət başçısının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarının su elektrik stansiyası ilə birgə istifadəyə verilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun əlavə içməli su ilə təmin edilməsi və ildə 56 milyon kvt elektrik enerjisinin istehsal edilməsi mümkün olacaq.
2015-ci ildə Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Bu kanallardan Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, Goranboy rayonunun 26 min hektara (ondan 8,3 min hektar yeni suvarılan torpaqlar) yaxın torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə uzunluğu 27,9 km olan Şəmkir maşın kanalının 2-ci növbəsinin tikinti işlərinə başlanılmışdır.
Prezidentin müvafiq sərəncamları ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın əhalisi 1,1 milyon nəfərdən çox olan 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır. Eyni zamanda Dünya Bankının krediti hesabına respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Yardımlı və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmışdır. Bu il həmçinin ölkə rəhbərinin açılış mərasimində iştirak etdiyi Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarı istifadəyə verilmişdir.
Prezidentin pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq bu sahənin inkişafında çox mühüm rol oynayan layihələr üzrə tikinti işləri davam etdirilir və yeni layihələrin icrasına başlanılmışdır. Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər cari ildə davam etdirilməklə 6167, o cümlədən 4427 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1740 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. Şabran rayonunda 13806 hektar yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin həyata keçirilməsi ilə əlaqədar tikinti işlərinə başlanılmışdır. Şəmkirçay su anbarı zonasında Şəmkir maşın kanalının 2-ci növbəsinin tikintisini davam etdirməklə Goranboy rayonunda 8000 hektar (onun 980 hektarı yeni suvarılan torpaqlar) sahəyə suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə 1873 hektar (onun 700 hektarı yeni suvarılan torpaqlar) sahədə suya qənaətedici və mütərəqqi suvarma texnikasının tətbiqinə geniş imkan yaradan müasir qapalı suvarma şəbəkəsinin tikintisi işləri davam etdiriləcək.
Ölkəmizdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişafına geniş imkan yaradılması məqsədilə Kür çayında nasos stansiyasının tikintisi ilə Salyan rayonunda 12589, Arazın Yeni Qolunun tikintisi ilə İmişli, Saatlı və Biləsuvar rayonlarında 39493 hektar az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlər aparmaqla kənd təsərrüfatı dövriyyəsinə verilməsinin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanmışdır. Habelə Neftçala rayonunda 19020 hektar (ondan 5620 hektar yeni suvarılan) torpaq sahəsində suvarma suyunun çatdırılmasını təmin edəcək Neftçala magistral kanalının, Ağcabədi rayonunun 7737 hektar qış otlaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi davam etdiriləcək. Sabirabad və Biləsuvar rayonlarında isə 15950 hektar az məhsuldar qış otlaq sahələrinə Kür çayından suvarma suyunun verilməsi məqsədilə nasos stansiyasının tikintisi işlərinə başlanılmışdır. Eyni zamanda Sabirabad rayonunun 11498 hektar əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanallarının, işğal ərazisi ilə təmas və sərhəd zonalarında yerləşən Füzuli. Qazax, Tovuz və digər rayonların torpaqlarını suvarma suyu ilə təmin etmək üçün nasos stansiyalarının və suvarma kanallarının tikintisi işləri aparılacaq.
Ölkəmizin su təhlükəsizliyinin təmin edilməsi barədə dövlət başçısının verdiyi tapşırıqların icrası olaraq ümumi sututumu 115 milyon kubmetr olan Əlicançay su anbarının tikintisinin layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Bu su anbarının tikintisi ilə Şəki rayonunun 16100 hektar (onun 10500 hektarı yeni suvarılan torpaqlar) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsinə imkan yaranacaq. Eyni zamanda ölkənin Şəki-Zaqatala zonasında layihə sənədləri olan hazır Yengicə su anbarının tikintisi ilə 10000 hektar (onun 6662 hektarı yeni suvarılan torpaqlar) sahədə torpaqların suvarma suyu ilə təmin edilməsi mümkün olacaq. Ümumilikdə bu il üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə 65000 ha sahənin, o cümlədən 16000 ha yeni suvarılacaq sahələr suvarma suyu ilə təmin ediləcək, 4000 ha sahədə isə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin bizim üçün həmişə prioritet olduğu bildirilmiş, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi üçün qarşımızda mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədilə cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür. Aparılan təmir və bərpa işləri kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasını təmin etmişdir.
Ölkə rəhbərliyi tərəfindən respublikanın su təsərrüfatına göstərilən diqqət və qayğıya cavab olaraq ASC-nin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, istismarının lazımi səviyyədə həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlardan istifadə edərək səylə çalışacaq.
Əhməd ƏHMƏDZADƏ,
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri.