ABŞERONU BİR DƏFƏ GÖRDÜNSƏ, MÜTLƏQ YENƏ GƏLƏCƏKSƏN...
...O gün Abşeron, bəlkə də, son günlərin ən isti anlarını yaşayırdı. Günəş, sanki, qışda onun hərarətinin həsrətini çəkəcəyimizi bilirmiş kimi ətrafı yandırıb-yaxırdı. Hər yan nə zamansa donacaqlarını gözləyirmiş kimi günəşin nurunu birnəfəsə başlarına çəkirdilər. Hələ ağacları demirəm. Hamısı, sanki, xumarlanırmış kimi mürgülü görünürdülər. Təbiət öz işində, öz nazında, cilvəsində idi. Cəmiyyətin isə öz qayğıları vardı.
Həmin qayğılardan biri və bəlkə də birincisi təbiətin gözəlliklərindən daha çox ləzzət almaq üçün müxtəlif variantların ən yaxşısının seçilməsi idi. Seçə bilmişdik. Ən məqbul variant şəhər parkında - Heydər parkında gəzişmək, ən sərin kölgəli ağaclardan birinin qonağına çevrilmək idi. Mən bu qollu-budaqlı ağacın kölgəsində çox əmin və arxayın idim. Heç yana tələsmirdim. Həmsöhbətim, əslən Abşerondan olan foto-müxbir həmkarım Rəşad isə bu sərin kölgədə belə qərar tuta bilmir, sanki, harasa tələsirdi. Burdan yaxşı yer tapa bilməyəcəyimizi deyəndə isə onun tələskənliyinin səbəbi aydın oldu:
– Əvvəla, Abşeronda burdan gözəl yer tapa bilməzsən ifadəsi ilə razı deyiləm. Bu rayonun istənilən guşəsində sərinlik də taparsan, gözəllik də. İkinci, sizin peşəniz elədir ki, burada oturub, ya da kiməsə zəng edib əhatəli bir yazı hazırlaya bilərsiniz. Mən isə öz “yazılarımı” lentə almaq üçün mütləq, durmadan, dayanmadan gəzməliyəm. Abşeronda lentə alınmalı, yaddaşa köçürülməli məqamlar isə təkcə təbiətlə bağlı deyil ki? İndi insanlar bu rayonun istənilən kəndində, şəhərimizin istənilən prospektində, küçəsində, meydan və məhəlləsində yeni-yeni xariqələr yaradırlar. Mən onların yanında olmağa can atıram, onların yaradıcılığını fotolentin yaddaşına köçürməyə çalışıram. Bundan başqa, mən bu gün Abşeronun hansısa küçəsinin şəkilini çəkirəm, inanırsınızmı, iki aydan sonra həmin küçə tamamilə başqa görkəmdə olur. Yəni inkişaf elə iti sürətlə gedir ki, indi çəkdiyim istənilən fotoşəkil bir aydan sonra mütləq dəyərli olur. Ona görə də mənim üzərimə tarixi anların əbədiləşdirilməsi kimi çətin bir vəzifə düşür. Başqa yol yoxdur. Öhdəsindən gəlməliyəm.
Bu yerdə Rəşad nə isə kəşf etmiş adam kimi birdən dayandı və soruşdu ki, görəsən bizim peşələrimizdən hansı ölkədə gedən inkişafın layiqincə işıqlandırılması baxımından daha əhəmiyyətlidir? Soruşdu və özü də dərhal cavab verdi ki, insafən siz də, mən də görülmüş işlər barədə təəssürat yaradırıq. Deməli, ən əhəmiyyətli peşə bu gözəllikləri, xarüqələri yaradanların peşəsidir. Özü də bu gün Abşeronda elə adamlar, elə peşə sahibləri istənilən qədərdir. Bu rayonda hansısa bir ildə və ya bir ayda görülmüş işləri saymaqla qurtaran deyil. Məsələn, indi dayandığımız park son bir ildə tamamilə yenidən qurulub, Heydər Əliyev prospekti başdan-başa yeni üslubda bərpa edilib, prospektin hər iki tərəfi boyunca bina və obyektlər qədimi üslubda dəyişdirilərək ənnənəvi görkəminə qaytarılıb, rayonun ən möhtəşəm qurğularından olacaq Heydər Əliyev Mərkəzi inşa edilib.
Həqiqi bir vətənpərvərlik göstəricisi, yurd sevgisinin nümunəsi idi. Fotomüxbir rayonda görülən işləri elə sadalayırdı ki, elə bil hansısa məsul vəzifəni daşıyır. O, Abşeronu təkcə peşəsinin tələblərinə görə deyil, ürəyinin çağırışlarına görə qarış-qarış gəzmiş bir insandır. O, Abşeronu bütün abşeronlular kimi səmimi qəlbdən, həqiqi övlad kimi sevir.
Əslində Abşeron haqqında söz açılmalı sahələr istənilən qədərdir və rayon təsərrüfatının elə bir sahəsi yoxdur ki, o barədə danışanda “ötən ilə nisbətən filan qədər artım var” ifadəsi işlədilməsin. İradə Gülməmmədova Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra bu rayonda elə bir sahə yoxdur ki, orda surətli inkişafa nail olunmasın. Bu inkişaf və əldə olunan naliyyətlər biz jurnalistlərin gözü qarşısında baş verir. Onlar barəsində də yazıb sakinlərə məlumat verimişik. Əhaliyə və idarə-müəssisələrə elektrik enerjisi, təbii qaz, su, istilik verilməsindən tutmuş , ta təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılan uğurlara qədər dönə-dönə yazmışam. Bir onu bilirəm ki, Abşeron haqqında nə yazmışamsa hamısında yeni-yeni ürək açan faktlar sadalamışam və indi götür-qoy edəndə öz-özümə sual verirəm: görülmüş bu qədər işlərin müqabilində bu yazılar nədir ki?
Elə rayon icra hakimiyyətinin mətbuat katibi, həmkarım Seymur Qasımovla söhbətimizdə də bu məsələlər ətrafında əhatəli danışdıq. S.Qasımov rayonda görülən işlər haqqında bunları dedi:
- Abşeron rayonu hazırda özünün intibah dövrünü yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rəhbərliyi ilə bu gün Abşeronun bütün kənd və qəsəbələrində, eləcə də Xırdalan şəhərində çox böyük layihələr həyata keçirilir.
Görülmüş son işlərə gəldikdə isə ilk öncə qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ayrılmış vəsait hesabına Xırdalan şəhərində 23 çoxmənzilli yaşayış binasında təmir işləri başa çatmış, 21 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq, sakinlərin istifadəsinə verilmişdir. Güclü külək nəticəsində Xırdalan şəhəri, 28-ci məhəllə, 15 saylı çoxmənzilli yaşayış binasının uçaraq tamamilə yararsız hala düşmüş 1700 m2-lik dam örtüyü Fövqəladə Hallar Nazirliyinin ekspertiza rəyinə müvafiq olaraq yenidən qurulmuşdur. Bundan əlavə Ceyranbatan qəsəbəsində 3 beşmərtəbəli yaşayış binasının dam örtüyü yenidən qurulmuş, hazırda daha 3 binanın dam örtüyünün əsaslı təmiri işləri həyata keçirilir.
4 saylı Mənzil İstismar Sahəsi tərəfindən Xırdalan şəhərində Rəşid Behbudov küçəsi, əlillər üçün inşa edilmiş binaların qarşısında sakinlərin asudə vaxtlarını keçirməsi üçün park salınmışdır. Xırdalan şəhərində binalar arasında nümunəvi məhəllələrin yaradılması istiqamətində işlər davam etdirilir və yaxın günlərdən
etibarən sökülmüş metal və hasar torların, qarajların yerində park və uşaqların əyləncəsi üçün meydançaların yaradılması işlərinə başlanılacaqdır.
ABŞERONUN YOLLARI YENİDƏN QURULUR
Bu ilin ötən dövrü ərzində yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 4 min kubmetr çınqıl tökülərək yayılmış, 68 min kvadratmetr sahə asfaltlanmışdır. Belə ki, bu ilin 6 ayında uzunluğu 18 km olan Hökməli-Qobu-Lökbatan yolu əsaslı yenidən qurulmuş, Güzdək-Buta yolunda 1070 metr uzunluğunda yolun birinci qat asfalt örtüyü verilmiş, 3500 metr hissəsində isə təmir işləri başa çataraq asfaltlamaya hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə Mehdiabad-Pirşağı avtomobil yolunun təmirinə başlanılmış, Bakı-Quba avtomagistralından Masazır, Novxanı istiqamətinə 2.7 km uzunluğunda alternativ yolun asfalt olunması ilə bağlı hazırlıq işləri görülür. Mehdiabad-Pirşağı yolunun kənarında 1500 metr uzunluğunda piyada səki çəkilmiş, 500 metr uzunluğunda sıradan çıxmış 159 mm-lik boru yenisi ilə əvəz olunmuşdur.
6 AY ƏRZİNDƏ RAYONDA 10 MİN AGAC ƏKİLİB
Mətbuat katibindən öyrənirik ki, ötən illərdə olduğu kimi cari ilin birinci yarısında da ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılmışdır. 6 ay ərzində rayonun yaşayış məntəqələrində 10 mindən çox zeytun, çinar, şam və digər növ ağaclar əkilmişdir.
Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 44 yeni transformator quraşdırılmış, 8 transformator təmir edilmiş, 410 ədəd dayaq və 57165 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 27421 metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Hökməli, Qobu, Aşağı Güzdək, Saray, Masazır, Fatmayı, Görədil, Novxanı, Məmmədli yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilmiş, Güzdək qəsəbəsinin enerji təchizatının Qaradağ rayonundan ayrılması məqsədilə Paylayıcı Transformator Məntəqəsinin tikintisi başa çatdırılaraq Qobu yarımstansiyasından qəsəbəyə xətt çəkilişi işlərində son tamamlama işləri görülməkdədir. Hazırda Xırdalan, Masazır yaşayış məntəqələrində inşa olunmuş yeni yarımstansiyaların şəbəkəyə qoşulması istiqamətində işlər aparılır.
RAYONDA ƏSASLI SU ŞƏBƏKƏSİ YARADILIR
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın aidiyyatı qurumlar qarşısında qaldırdığı məsələlərin nəticəsi olaraq, cari ilin 6 ayı ərzində
rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 62037 p/m uzunluqda yeni içməli su, 51055 p/m uzunluqda kanalizasiya xətləri çəkilmişdir. 895 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilərək, 22 ədəd müxtəlif markalı nasos təmir edilmişdir. O cümlədən rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə ayrılmış vəsait həcmində 5200 p/m uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi işləri başa çatdırılmışdır. Hazırda Təmir Tikinti təşkilatı tərəfindən Novxanı kəndində layihə əsasında su şəbəkəsinin inşası davam etdirilir. Rayon Sukanal idarəsi tərəfindən Aşağı Güzdək qəsəbəsinə gələn yararsız mərkəzi su xəttinin dəyişdirilməsinə başlanılmış, hal hazıradək 600 metr uzunluğunda su xətti yenilənmiş və bununla bağlı işlər davam etdirilir.
XIRDALAN ŞƏHƏRİNDƏ SU-KANALİZASIYA SİSTEMİ QURULURXırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı ötən ilin iyul ayından başlanılmış işlər davam etdirilmiş, 1 il ərzində 94, 8 km uzunluğunda içməli su, 52.8 km uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Hazırda paralel olaraq su və kanalizasiya çəkilişi işləri başa çatmış küçələrin asfaltlanması işləri də həyata keçirilir. Ümumilikdə layihə çərçivəsində iki il ərzində 168 km içməli su, 110 km uzunluğunda kanalizasiya xəttinin çəkilişi işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
MASAZIR DUZ GÖLÜ CİRKAB SULARINDAN AZAD OLUR
“Azərduz” İstehsalat Birliyinin fəaliyyət göstərdiyi Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 13.2 km xəttin çəkilişi başa çatdırılmış, hazırda nasosxananın inşası işləri sürətlə davam etdirilir. Tikinti quraşdırma işlərinin yaxın günlərdə tamamilə başa çatdırılaraq, istifadəyə verilməsi nəzərdə tutulur.
Məmmədli kəndində qrunt sularının axıdılması məqsədilə Nəsrəddin Tusi, Səməd bəy Mehmandarov və İsmət Qayıbov küçələrində ümumi uzunluğu 1200 metr olan açıq kanal çəkilərək mərkəzi kanalizasiya xəttinə birləşdirilmişdir. Kəndin mərkəzi küçəsinin ətrafında olan divarlara 1850 kv.metr bəzək daşı vurulmuş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Saray qəsəbəsində Cabir Novruz və Sülh küçələrinə 660 kubmetr çınqıl tökülərək yayılmış və avtobus marşrutlarının işləməsi üçün normal vəziyyətə gətirilmişdir.
Pirəkəşkül və Qobustan kəndlərinə su çəkilişi ilə bağlı qazıntı işləri aparılmış küçələrdə podratçı təşkilatlar tərəfindən bərpa işləri görülmüş, bundan əlavə Pirəkəşkül-Qobustan bələdiyyəsi tərəfindən daxili yollara 1000 kub çınqıl tökülərək yayılmışdır. Novxanı kəndində Salatın Əsgərova küçəsində 4200 kv.m, Teymur Əliyev küçəsinə 1200 kv.metr, Hökməli qəsəbəsində Əlağa Vahid küçəsində 1300 m2 yola asfalt örtük verilmişdir. Masazır kəndində isə Rafiq Hüseynov küçəsinə 1950 kv. metr sahəyə karbonat tökülüb yayılmışdır.
RAYONUN QAZ TƏHCİZADINDA COX MÜHÜM İŞLƏR GÖRÜLÜB
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Novxanı, Masazır yaşayış məntəqələrində müxtəlif diametrli 2.1 km uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, rayon üzrə ümumilikdə 4400 ədəd sayğac quraşdırılmışdır. Hazırda Ceyranbatandan Saray qəsəbəsinə çəkilmiş 300 mm diametrli xəttin davamına başlanılmış, çəkilməsi nəzərdə tutulmuş 5 km uzunluğunda xəttin 1 km-lik hissəsi çəkilmişdir.
Həmcinin Qobu qəsəbəsinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Lökbatan qəsəbəsi istiqamətindən 6.2 uzunluğunda 250 və 160 mm diametrli yeni xəttin çəkilişi işlərinə başlanılmış, artıq bu günədək 500 metr 250-lik, 600 metr uzunluğunda 160-lıq xəttin çəkilişi həyata keçirilmişdir. Bu istiqamətdə də işlər davam etdirilir.
Xırdalan şəhəri, Mehdiabad, Hökməli qəsəbələrində təşkil olunmuş “Asan xidmət”in səyyar fəaliyyətindən rayonumuzun 4500 nəfərə yaxın sakini istifadə etmişdir. Hazırda “Asan xidmət”in səyyar briqadası Novxanı kəndində fəaliyyət göstərir.
ABŞERONUN ABADLAŞDIRILMASI DAVAM ETDİRİLİR Seymur Qasımov bildirdi ki, rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Cari ildə Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, İxtisaslaşdırılmış Təmir Abadlıq idarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlamış, rayonun küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, təmir olunacaq 7 çoxmənzilli yaşayış binası müəyyən edilmişdir. Abadlıq, quruculuq işləri və mənzil təmiri ilə əlaqədar 470 nəfər rayon sakini işlə təmin olunmuşdur.
RAYONDA SAHİBKARLAR ÜCÜN MÜNBİT ŞƏRAİT YARADILIB
Ümumiyyətlə 2018-ci ilin ötən müddəti ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında 115 hüquqi, 690 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq, fəaliyyətə başlamışdır. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın uğurlu fəaliyyəti və ümumilikdə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, 6 ay ərzində rayon ərazisində 2406 yeni iş yaradılmışdır.
Cari ilin birinci yarısında rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 104 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 8087 nəfər olmuş, çalışan işçilərin orta aylıq əmək haqqı 343 manat təşkil etmişdir.
QOBUDA XALCA İSTEHSALI EMALATXANASI TİKİLİR
Ölkə Prezidenti cənab İlham Əliyevin 22 mart 2018-ci il tarixli Sərəncamına əsasən dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0.7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikinti işləri sürətlə davam etdirilir.
ABŞERONDA KƏND TƏSƏRRÜFATI SAHƏSİ SÜRƏTLƏ İNKİŞAF EDİR Söhbətinin sonunda mətbuat katibi bildirdi ki, rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunmuşdur. Rayon ərazisində 1413 hektar sahədə taxıl biçini itkisiz başa çatmışdır. 6 ay ərzində 645 hektar tərəvəz sahəsindən 56414 ton məhsul yığılmışdır. Hesabat dövrü ərzində 19691 sentner ət, 142245 sentner süd istehsal olunmuş, yumurta istehsalı isə 71.4 milyon ədəd olmuşdur.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndiriməsi ilə bağlı, Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Artıq 210 hektar sahədə badam əkilərək damlama üsulu ilə suvarma şəbəkəsi quraşdırılmış, 8 km uzunluğunda su xətti çəkilmiş, 70 min kubmetrlik su hovuzu tikilmiş, 30 ədəd müxtəlif təyinatlı texnika alınmışdır.
...
...Elə biz də - köhnə dostum Rəşadla birlikdə gecədən xeyli keçənədək Abşeronun mərkəzində gəzişdik, söhbət etdik. Maraqlıdır ki, ab-hava, əhatəsinə düşdüyün adamlar ürəyincə olanda söhbət də tükənmək bilmir. O gecə Rəşadla çox mətləblərdən danışdıq, çox söhbət etdik. Ən çox yadımda qalan isə onun bir bənzətməsi oldu. Dedi ki, sovet dövründə bir yerlimiz o vaxtkı Leninqrada gedib gələndən sonra uzun müddət o şəhərin ağ gecələrindən danışmışdı. İndi buyur, ağ gecələr Abşeronda - ovcumuzun içindədir.
Rəşad belə deyəndə mən abşeronlu bir dostumun dəfələrlə yazılarında işlətdiyi “Abşeronun nəyi Bakıdan əskikdir ki...” ifadəsini dəyişmək istədim. Amma fikrimdən daşındım, düşündüm ki, ölkənin ağ günləri olmasa, ağ gecələrini də yaratmaq olmazdı...
Abşeronun ağ günlərini də, ağ gecələrini də kim görsə... bu diyara yenə qayıdacaq, mütləq qayıdacaq...Azerinform.az