“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə MÜSAHİBƏ

23:46 8.06.2023 257
Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq. Bu gün Azərbaycanda kifayət qədər istedadlı uşaqlar var. Onlardan biri də  müsəlman Şərqinin ilk balerinası, xalq artisti Qəmər Almaszadənin nəslindən olan,bir neçə müsabiqədə qalib gələn 14 yaşlı musiqiçi Səfiyyə Babazadədir.
 
Modern.az saytı onunla olan müsahibəni təqdim edir.
 
-Öncə oxucuların səni daha yaxından tanıması üçün məlumat verə bilərsən?


- Mən, Babazadə Səfiyyə Əbülfəz qızı 2003-cü il iyul ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Hazırda Bakı şəhəri Nizami Nərimanov adına 248 saylı tam orta məktəbin 9-cu sinfinin və G.Saroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəbinin 8-ci sinif şagirdiyəm. Adım ulu nənələrimin anası olan Səfiyyə Xatunun adındandır. Bu adı sevə-sevə daşıyıram. Soyumuz Bakının Şağan kəndinin Almaszadələrindəndir. Ötən əsrin ortalarında ictimai-siyasi şərait soyadımızın dəyişməsinə səbəb olub. Şərait imkan versəydi, hazırda Səfiyyə Xatun Almaszadə adı ilə tanınırdım. Amma mənim üçün Babazadə soyadının da özəlliyi var. Atam Babazadə soyadının ilk daşıyıcısıdı, mən isə bu soyadla dünyaya gəlmiş ilk ailə üzvüyəm. Ona görə bu soyadı şərəflə daşıyıram.
 
-Musiqi ilə maraqlanmağının səbəbi nədir?


- Ailəmiz mədəniyyətə və incəsənətə bağlı olduğu səbəbindən evimizdə hər zaman musiqiyə olan diqqət və ehtiram məni də musiqi sənətinin incəliklərinə yiyələnməyə cəzb etmişdi. Uşaqlıqdan Şövkət Ələkbərova, Rübabə Muradova, Yalçın Rzazadə, Flora Kərimova kimi görkəmli sənətkarların mahnılarını dinləmiş, klassik və milli bəstəkarların əsərlərinə qulaq asmışam.
 
Ulu nənəm görkəmli tarzən Mirzə Mansurun yetirməsi olan Sitarə xanım Qasımova Azərbaycanın ilk tarzən xanımlarından biri olub. Atam və anamın müvafiq olaraq musiqi təhsilləri var.

Atam tar məktəbini, anam isə qanun məktəbini bitirib. Hazırda anam Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbində müəllim və xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışır. Evimizdə hər zaman fortepiano aləti olub. Ona görə də dünyaya göz açandan canlı fortepiano ifasının şahidi olmuşam. Musiqiyə olan marağım da bundan irəli gəlir.

-Müsəlman Şərqinin ilk balerinasi xalq artisti Qəmər Almaszadə ata nəslinin ən parlaq nümayəndələrindən biridir. Maraqlıdır, nə vaxtsa balerina olmaq arzusunda olmusan?


-Rəqs musiqiyə ən yaxın sənət növlərindən biridir. İfa etdiyim repertuara istər-istəməz rəqslər də daxil edilir. Rəqsləri də çox sevirəm. Qəmər Almaszadənin ata nəslimin ən parlaq sənətkar nümayəndələrindən biri olması və hazırda atamın da Bakı Xoreoqrafiya Akademiyasında məsul vəzifədə çalışmasına baxmayaraq, balerina olmaq heç vaxt ağlımdan keçməyib. Buna baxmayaraq müxtəlif balet əsərlərindən parçalar ifa edirəm. Atam hər zaman deyir ki, rəqs insanlar arasında mövcud olan ünsiyyət vasitələrindən biri və ən səmərəlisidir. Çünki bədən hərəkətləri universal xarakter daşıyır və hər bir insana qismən də olsa aydındır. Buna görə də rəqsə xüsusi rəğbət bəsləyirəm.
 
-Hansı müsabiqələrdə iştirak etmisən?


-2013-cü ildə “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası" üzrə II Respublika müsabiqəsinin laureatı adına layiq görülmüşəm. Görkəmli pedaqoq, pianoçu və ictimai xadim H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər Festivalında fəal iştirakıma görə diplomla təltif olunmuşam. 2015 və 2016-cı illərdə gənc pianoçuların məktəbdaxili texniki müsabiqəsinin qalibi olaraq I yer mükafatı ilə təltif edilmişəm. Ədilə Hüseynzadənin anadan olmasinin 100 illiyinə həsr olunmuş fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsində uğurlu çıxış etdiyimə görə xüsusi diploma layiq görülmüşəm.
 
-Ümumiyyətlə hansı çıxışın sənin üçün unudulmaz olub?


-Çıxışlarım çoxdur. Müsabiqələrdənkənar da çıxışlarım olur. Təhsil aldığım həm orta, həm də musiqi məktəbinin ictimai-mədəni həyatında fəal iştirak edir və bundan bir növ zövq alıram. Lakin qısa yaradıcılıq yolunda mənim üçün unudulmaz ifalar peşəkar skripka ifaçısı, Əməkdar artisti Səlim Abbasovla birgə ifa etdiyimiz musiqi əsərləri və onu müşayiət edərək kiçik və böyük səhnələrdəki çıxışlarımdır.
 
-Musiqi və məktəbi paralel idarə etmək çətin deyil ki? Dərslərin necədir?


 
-Ümumiyyətlə qeyd etməliyəm ki, hər bir sənət özü-özlüyündə çətindir və daim onunla məşğul olmağı tələb edir. Orta məktəbdə də dərslər xeyli çətinləşib. Bu il isə buraxılış sinfi olduğuma görə, mənim üçün olduqca çətindir. Lakin sənətlə məşğul olmağım mənə ruh verir, qanadlandırır və gün ərzindəki yorğunluğum barmaqlarımın piano klavişlərinə toxunmağı ilə çıxır. Mən ümumiyyətlə öyrənməyi, oxumağı, təhsili çox sevirəm. Düşünürəm ki, əldə etdiyim bilik və bacarıq mənim peşəkar kimi formalaşmağıma kömək edir.
 
Biz elə bir dövrdə yaşayırıq ki, bu gün əldə etdiklərimiz sabah artıq köhnəlmiş sayılır. Ona görə hər birimiz öz üzərimizdə daim çalışmalıyıq. Bunun üçün yaşadığım mühitdən olduqca məmnunam. Bir şeyi də deməliyəm ki,  təhsildəki uğurlarımız müəllimlərimizdən asılıdır. Həyatda müəllimlərim çox olub, amma elələri var ki, onların mənim həyat yolumda çox böyük rolu olub. Hesab edirəm ki, həyatda ilk müəllimlərim anam və atamdır.
 
Amma atamla xüsusi bağlılığım var. Hər zaman uğurlarımı qeyd edərək, onları yüksək qiymətləndirən atam, mənimlə öz tənqidi fikirlərini də bölüşür. Məni hər zaman zirvədə görmək istəyir, ona görə də öz diqqət və qayğısı ilə həm mənim özəl həyatımla, həm də peşəmlə maraqlanır. Onun köməyi və dəstəyi lazım olduqda o, həmişə yanımda olur. Əslində mən də onunla qürur duyuram, çünki o, həyatda gördüyüm ən xeyirxah, daim insanların köməyinə yetişən, bilik və savadı ilə digərlərindən fərqlənən nümunəvi bir şəxsiyyətdir.
 
O ki, qaldı məktəb müəllimlərimə, mütləq ilk müəllimim, Ankara Məktəb-Liseyin müəllimi Südabə Sadıqovanı, ilk musiqi müəllimim 6 saylı Uşaq Musiqi məktəbinin müəllimi Lalə Useynovanı, eləcə də bu gün daim mənimlə olan və qeydimə qalan 248 saylı məktəbin müəllimi Sevinc Canmirzəyeva və musiqi müəllimim G.Saroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəbinin müəllimi Kamilla Əmirovanı qeyd etməyi özümə borc bilirəm. Adı çəkilən müəllimlər mənə çox şey öyrədib və öyrədirlər. Onların qarşısında hər zaman baş əyirəm.
 
- Uşaqlıqda hansısa sənətlə maraqlanan, lakin fərqli ixtisas seçənlər olur. Sən necə, ola bilərmi ki, gələcək üçün seçmək istədiyin ixtisas musiqidən fərqli olsun?
 
- İnanmıram ki, musiqidən fərqli bir şey olsun. Lakin gələcəkdə 2-ci ixtisasımın olması da istisna deyil. Və çox güman ki, 2-ci peşə kimi özümə tərcüməçiliyi seçərdim. Bunun da qaynaqları ailədən gəlir. Evimizdə Azərbaycan dilindən savayı rus, ingilis, fransız, ərəb, yapon dillərində danışanlar da var.
 
-Maraqlıdır, hansı Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə qulaq asırsan?


-Dinlədiyim bəstəkarlar çoxdur. Lakin mənim könlümü oxşayan əsərlərin müəllifləri Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Elmira Nəzirova, dünya klassiklərindən Frederik Sopen, Volfanq Amadey Motsart, Frans Şubert, Ferens List, Lüdviq van Bethoven, Robert Şuman və digərləridir. Güman edirəm ki, zaman keçdikcə muğam janrına aid olan musiqini də klassik musiqini dinlədiyim qədər sevəcəm. Muğam çox ciddi musiqidir. Onu başa düşmək, anlamaq üçün insanın həyat və peşə təcrübəsi olmalıdır. Və bildiyim qədər muğamın qavranılması yaşla da əlaqəlidir.
 
-Asudə vaxtlarında nə edirsən?


 
-Asudə vaxtımı səmərəli keçirmək üçün daha çox təbiətdə olmağa çalışıram. Mütaliə də asudə vaxtımda sevdiyim işlərdən biridir. Bilirəm, maraqlanacaqsınız ki, hansı kitabları oxuyuram. Oxuduğum kitablar müxtəlifdir. Əlbəttə, indi ömrümün elə çağını yaşayıram ki, mənim həmyaşıdlarım daha çox romantik ədəbiyyata üstünlük verir.
 
Yalan demək istəməzdim, oxuduqlarım olub, amma daha çox tarixi, vətənpərvər və həyati kitablar, müxtəlif şairlərin şeirlərini oxumağı üstün bilirəm. Ümumiyyətlə, bilirəm ki, oxunan ədəbiyyat insanların həyatda mövqelərinə qismən də olsa təsir edir. Ona görə kitab seçimimdə çox ehtiyatlıyam.
 
-Son olaraq, musiqi sənin üçün nə ifadə edir?


-Musiqi şəxsən mənim üçün həyatı daha dolğun anlamaq, təbiət hadisələri və insan hisslərini ifadə edən görünməz sehrli səsli dünyadır.
 
Bəzən musiqinin dili insan nitqindən və davranışından daha çox təsir qüvvəsinə malik olur və insanın sözlə ifadə edə bilmədiyi, təsəvvür edib canlandıra bilmədiyi aləmi əks etdirir. Musiqi mənim üçün əvvəli bilinən, sonu bilinməyən bir hekayədir. Mənim hekayəmin qəhrəmanı hələ ki özüməm.
 
Fikrimə isə dahi Motsartın sözləri ilə yekun vurmaq istərdim: “Duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi