2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. “Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən 24 iyun 2023-cü il tarixində imzalanmış Sərəncama əsasən, 20-22 sentyabr tarixlərində “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik, İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclasının, həmçinin müxtəlif səpkidə təqdimat və dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər 19 ölkənin ən böyük dövlət, milli və universitet kitabxana direktorları və əməkdaşlarının, həmçinin respublikanın böyük və aparıcı kitabxana rəhbərləri və işçilərinin iştirakı ilə keçirilir.20 sentyabr tarixində Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilmiş, daha sonra Beynəlxalq Elmi-Praktik Konfrans Azərbaycan Milli Kitabxanasında öz işinə başlamışdır.
İlk olaraq Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan Milli Kitabxanası haqqında qısa sənədli film nümayiş edilmişdir.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” adlı Beynəlxalq Elmi-Praktik Konfransın plenar iclasını açıq elan etmişdir. Giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimli ilk olaraq Mədəniyyət Nazirliyinin əməkdaşları adından qonaqları salamlamış və Azərbaycan Milli Kitabxanasının rəhbərliyi başda olmaqla kitabxananın bütün əməkdaşlarını 100 illik yubiley münasibətilə təbrik etmişdir. Natiq çıxışında Milli Kitabxananın bütünlükdə dünya mədəniyyətinin təbliğində böyük rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, bildirmişdir ki, ötən əsrin 90-cı illərinin sonlarında Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət öz nəticələrini verməyə başlamış, həmçinin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər özünü göstərmişdir. Qeyd etmişdir ki, bu gün Milli Kitabxana xalqımızın Ümummilli lideri Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən hörmətli Prezidentimiz Cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır və günü-gündən inkişaf edərək dünyanın ən modern kitabxanalarının sırasına daxil olmuşdur.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə Paşayeva Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə əməkdaşları təbrik etmiş, təşkil edilmiş bu konfransda iştirakdan məmnun olduğunu diqqətə çatdırmışdır. O, kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları adlandırmış, ölkəmizdə kitaba, kitabxanaya verilən xüsusi dəyərdən danışmışdır. Natiq Azərbaycanda kitabxana ənənələrinin qədimliyindən bəhs etmiş, eyni zamanda Abbasqulu Ağa Bakıxanovun şəxsi kitabxanasının Sankt-Peterburq Kitabxanasında qorunduğunu da vurğulamışdır.
Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda əməkdaşları bu əlamətdar yubiley münasibətilə təbrik etmiş, kitabxananın direktoru, professor Kərim Tahirovun peşəkarlığınının həmkarları üçün böyük motivasiya olduğunu qeyd etmişdir.
Milli Məclisin üzvü, akademik Nizami Cəfərov ölkəmizdə kitabxanalara milli şərəfimiz kimi baxıldığını söyləmiş, kitabxanaları tarixi coğrafiya adlandırmış, Milli Kitabxananın xalqımızın intellektinin formalaşmasındakı rolundan danışmış, kitabxananın biblioqrafiyalaşdırma sahəsindəki, milli biblioqrafik repertuarımızın yaradılmasındakı əhəmiyyətini vurğulamışdır.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva kitabxananın 100 illik yubileyini özbək xalqı adından təbrik etmiş, bu mühüm hadisənin təkcə kitabxanaçılar üçün deyil, həmçinin bütün oxucu nəsli üçün də əlamətdar olduğunu bildirmişdir.
Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo konfransda iştirak üçün dəvətə görə minnətdarlığını bildirmiş, kitabxanaları məbədgah adlandırmışdır.
Daha sonra konfrans məruzələrlə davam etmiş, Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Azərbaycan Milli kitabxanası Azərbaycan xalqının mənəvi yaddaşının qoruyucusudur”, Rusiya Dövlət Kitabxanasının baş direktoru “Kitabxanaların fəaliyyətinin strateji istiqamətləri”, Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo “Yeni üfüq. Milli kitabxanaların gələcəyi necədir?”, Qətər Milli Kitabxanasının direktoru Tan Huism “Toplayın, qoruyun və məşğul olun: Qətər Milli Kitabxanasının təcrübələri”, Martynas Majvydas adına Litva Milli Kitabxanasının direktoru Renaldas Gudauskas “Litva Milli Kitabxanası yaradıcı prosesdə”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov “Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu”, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin “Kitabxana mədəniyyətlərarası dialoqun mərkəzi kimi” mövzularında çıxışlar olmuşdur.
Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Pakistan, Rusiya, Litva Milli Kitabxanaları, Roma Mərkəzi Milli Kitabxanası və Makedoniyanın Kliment Ohrid Universitet və Milli Kitabxanası (Skopye) arasında qarşılıqlı əməkdaşlığa dair memorandumların imzanlanma mərasimi keçirilmişdir.
Eyni zamanda, “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı ənənəvi və elektron kitab sərgisinin, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünya milli kitabxanalarından gətirilmiş əlyazmalarının digital nüsxələrinin və çap surətlərinin təqdimat mərasimləri baş tutmuşdur.
Həmçinin, Milli Kitabxananın tarixinə dair “Milli Kitabxananın qızıl fondundan”, “Milli musiqi xəzinəmizdən” və “Milli Kitabxananın nəşrləri” adlı kitab sərgilərinin açılışı olmuşdur.
Qonaqlar yubiley münasibətilə hədiyyələrini Milli Kitabxanaya təqdim etmişlər.
Qeyd edək ki, konfrans 21 sentyabr tarixində işini davam etdirəcək.BİA.az