Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.
azerinform.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva abidənin önünə tər güllər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.