Azərbaycan Milli Məclisinin aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin daimi komitəsinin xüsusi iclasında və qurumun reqlament üzrə işçi qrupunun tədbirində iştirak etmək üçün fevralın 21-dən 23-dək Türkiyədə səfərdə olacaq.
Parlamentdən APA-ya verilən məlumata görə, Eldar Quliyev tədbirdə müzakirə edilən məsələlərə münasibət bildirəcək.
Bundan başqa, Milli Məclisin deputatları Adil Əliyev və Naqif Həmzəyev ölkəmizin Qazaxıstandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək məqsədilə fevralın 21-dən 23-dək Astana şəhərində səfərdə olacaqlar.
Deputatlar tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı vəziyyəti, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında məlumat verəcəklər. Tədbirlər çərçivəsində Xocalı faciəsinin əks olunduğu “Soyqırımlarından azad dünyaya doğru” adı altında fotolar da nümayiş etdiriləcək.