ABŞ Senatındakı respublikaçı çoxluğun lideri Mitç Makkonnell Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləməyə hazır olduğunu bildirib.
APA-nın “The Hill” nəşrinə istinadən verdiyi məlumata görə, M. Makkonnell bunu Suriyadakı vəziyyətlə əlaqədar Moskvaya qarşı yeni sanksiyaların tətbiqinin mümkün olub-olmadığı barədə suala cavabında deyib. “Əgər Ağ Ev hesab etsə ki, əlavə sanksiyalar lazımdır, yaxud Konqresdə iki partiyanın dəstəyini tələb edən təşəbbüs olarsa, mən buna açığam”, - deyə senator bəyan edib.
Çoxluğun lideri bu məsələni Senatın beynəlxalq məsələlər komitəsinin sədri Bob Korker ilə müzakirə edəcəyini söyləyib: “Çox yaxşıdır ki, administrasiya mövcud sanksiyaları ləğv etməyib. Ruslar bizim dostumuz deyil və onlar hər dəfə bunu göstərirlər”.
Qeyd edək ki, həm Senata, həm də Nümayəndələr Palatasına daha öncə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara qanuni qüvvə verilməsi və yeni sanksiyaların tətbiqi barədə layihələr təqdim olunub.