...O gün Salyan, bəlkə də, son günlərin ən isti anlarını yaşayırdı. Payız günəşi, sanki, qışda onun hərarətinin həsrətini çəkəcəyimizi bilirmiş kimi ətrafı yandırıb-yaxırdı. Hər yan nə zamansa donacaqlarını gözləyirmiş kimi günəşin nurunu birnəfəsə başlarına çəkirdilər. Hələ ağacları demirəm. Hamısı, sanki, xumarlanırmış kimi mürgülü görünürdü. Təbiət öz işində, öz nazında, cilvəsində idi. Cəmiyyətin isə öz qayğıları vardı.
Həmin qayğılardan biri və bəlkə də birincisi təbiətin gözəlliklərindən daha çox ləzzət almaq üçün müxtəlif variantların ən yaxşısının seçilməsi idi. Seçə bilmişdik. Ən məqbul variant şəhər parkında - Heydər parkında gəzişmək, ən sərin kölgəli ağaclardan birinin qonağına çevrilmək idi. Mən bu qollu-budaqlı ağacın kölgəsində çox əmin və arxayın idim. Heç yana tələsmirdim. Həmsöhbətim, əslən Salyandan olan foto-müxbir həmkarım Anar isə bu sərin kölgədə belə qərar tuta bilmir, sanki, harasa tələsirdi. Burdan yaxşı yer tapa bilməyəcəyimizi deyəndə isə onun tələskənliyinin səbəbi aydın oldu:
– Əvvəla, Salyanda burdan gözəl yer tapa bilməzsən ifadəsi ilə razı deyiləm. Bu rayonun istənilən guşəsində sərinlik də taparsan, gözəllik də. İkinci, sizin peşəniz elədir ki, burada oturub, ya da kiməsə zəng edib əhatəli bir yazı hazırlaya bilərsiniz. Mən isə öz “yazılarımı” lentə almaq üçün mütləq, durmadan, dayanmadan gəzməliyəm. Salyanda lentə alınmalı, yaddaşa köçürülməli məqamlar isə təkcə təbiətlə bağlı deyil ki? İndi insanlar bu rayonun istənilən kəndində, şəhərimizin istənilən prospektində, küçəsində, meydan və məhəlləsində yeni-yeni xariqələr yaradırlar. Mən onların yanında olmağa can atıram, onların yaradıcılığını fotolentin yaddaşına köçürməyə çalışıram. Bundan başqa, mən bu gün Salyanın hansısa küçəsinin şəkilini çəkirəm, inanırsınızmı, iki-üc aydan sonra həmin küçə tamamilə başqa görkəmdə olur. Yəni inkişaf elə iti sürətlə gedir ki, indi çəkdiyim istənilən fotoşəkil bir aydan sonra mütləq dəyərli olur. Ona görə də mənim üzərimə tarixi anların əbədiləşdirilməsi kimi çətin bir vəzifə düşür. Başqa yol yoxdur. Öhdəsindən gəlməliyəm.
Bu yerdə Anar nə isə kəşf etmiş adam kimi birdən dayandı və soruşdu ki, görəsən bizim peşələrimizdən hansı ölkədə gedən inkişafın layiqincə işıqlandırılması baxımından daha əhəmiyyətlidir? Soruşdu və özü də dərhal cavab verdi ki, insafən siz də, mən də görülmüş işlər barədə təəssürat yaradırıq. Deməli, ən əhəmiyyətli peşə bu gözəllikləri, xarüqələri yaradanların peşəsidir. Özü də bu gün Salyanda elə adamlar, elə peşə sahibləri istənilən qədərdir. Bu rayonda hansısa bir ildə və ya bir ayda görülmüş işləri saymaqla qurtaran deyil. Məsələn, indi dayandığımız park son bir ildə tamamilə yenidən qurulub, Heydər Əliyev prospekti başdan-başa yeni üslubda bərpa edilib, prospektin hər iki tərəfi boyunca bina və obyektlər qədimi üslubda dəyişdirilərək ənnənəvi görkəminə qaytarılıb, rayonun ən möhtəşəm qurğularından olacaq Heydər Əliyev Mərkəzi inşa edilib.
Həqiqi bir vətənpərvərlik göstəricisi, yurd sevgisinin nümunəsi idi. Fotomüxbir rayonda görülən işləri elə sadalayırdı ki, elə bil hansısa məsul vəzifəni daşıyır. O, Salyanı təkcə peşəsinin tələblərinə görə deyil, ürəyinin çağırışlarına görə qarış-qarış gəzmiş bir insandır. O, Salyanı bütün salyanlılar kimi səmimi qəlbdən, həqiqi övlad kimi sevir.
Əslində Salyan haqqında söz açılmalı sahələr istənilən qədərdir və rayon təsərrüfatının elə bir sahəsi yoxdur ki, o barədə danışanda “ötən ilə nisbətən filan qədər artım var” ifadəsi işlədilməsin. Bu rayonda elə bir sahə yoxdur ki, o barədə nə zamansa, nəsə yazmayım. Əhaliyə və idarə-müəssisələrə elektrik enerjisi, təbii qaz, su, istilik verilməsindən tutmuş , ta təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılan uğurlara qədər dönə-dönə yazmışam. Bir onu bilirəm ki, Salyan haqqında nə yazmışamsa hamısında yeni-yeni ürək açan faktlar sadalamışam və indi götür-qoy edəndə öz-özümə sual verirəm: görülmüş bu qədər işlərin müqabilində bu yazılar nədir ki?
Elə rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Teyyub Hüseynov ilə söhbətimizdə də bu məsələlər ətrafında əhatəli söhbət açdıq. Yeri gəlmişkən qeyd edek ki, başqalarından fərqli olaraq Teyyub müəllim kabinetdə oturub rayona rəhbərlik edən vəzifə sahiblərindən deyil. O, həmişə iş görən insanların yanında, hansısa obyektin təməlinin qoyulmasında, hansısa müəssisənin açılışında, məktəb tikilən, asfalt çəkilən yerlərdədir. Onsuz da otaqda oturmağı bacarmayan baş memar ümumiyyətlə daim tikinti-quruculuq, təmir-bərpa işləri gedən kəndlərdə olur, hər şeyə nəzər yetirir. Elə onunla bilavasitə gözəllik yaradan insanların yanında – şəhərin Heydər Əliyev prospektində görüşdük. Teyyub müəllim görülən işlər barədə elə həvəslə danışırdı ki...
Onun sayəsində son illər görülüb başa çatdırılmış və indi də davam edən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yaxından tanış olduq. Ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdik. Səmimiyyətlə etiraf edim ki, aldığımız təəssürat zəngin və fərəhlidir. Əsas cəhət odur ki, Salyan sakinləri bu bölgənin son illərdəki sürətli inkişafını, haqlı olaraq, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsi kimi qiymətləndirirlər. Öz şəhərləri, qəsəbə və kəndləri ilə fəxr edirlər. Sabaha böyük inam və ümidlə baxırlar.
Digər vacib amil isə dövlət başçısının da qeyd etdiyi kimi, hər hansı sahədə əldə edilən uğurlar həm də yerlərdə işlərin düzgün təşkilindən asılıdır. Bu baxımdan Salyan Rayon İcra Hakimiyyətinin maraqlı, çevik, təşəbbüskar iş üslub və metodlarını ayrıca qeyd etmək lazım gəlir. İnsan amili, ardıcıl və sistemli icra intizamı, daha çox elmi əsaslara söykənən təşkilat-idarəetmə məsələləri – bu gün Salyan Rayon İcra Hakimiyyətində diqqəti ən çox cəlb edən məsələlər, bizcə, bunlardır.
Bəzən belə də olur: hər hansı sahədə fəaliyyətə başlayan rəhbər işçi ilk aylar, həftələr işə böyük həvəslə girişirlər, bütün qüvvə və səylər hərəkətə gətirilir. İnsafən, müəyyən uğurlu addımlar da atılır, abadlıq-quruculuq işləri aparılır. Ancaq, nə qədər qəribə görünsə də, bir qədər keçəndən sonra bu işgüzarlıq səngiyir, əvvəlki qaynarlıq, hay-haray çəkilir, hər növ arxayınçılıq, özündənrazılıq halları müşahidə olunur.
Salyanda isə vəziyyət tamamilə başqadır. İllər əvvəl başlanmış genişmiqyaslı tikinti-abadlıq işləri, təşəbbüskar fəaliyyət, səmərəli idarəetmə məsələləri bu gün də eyni sürət və inamla davam etməkdədir. Burada, əlbəttə, müxtəlif səbəblər var və biz ən əvvəl çoxdan — Yardımlıda başcı işlədiyi vaxtdan tanıdığım Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun siyasi iradəsini, dönməz xarakterini, sədaqətli mövqeyini, yaradıcı və təşəbbüskar fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Sevindik müəllimin gecəsi-gündüzü yoxdur. Onu qəbul günlərindən başqa iş otagında tapmaq olmur, gah rayonun ən ucqar kəndlərində olur, insanların problemləri ilə maraqlanır, oradan pambıq sahələrinə yollanır, yıgımla maraqlanır, kənd məktəblərinə baş cəkir, təhsilin keyfiyyətini öyrənir, sonra səhid-qazi ailələri ilə görüşlər, tədbirlər...
...Fakt və rəqəmsiz, təhlil və müqayisələr aparmadan keçinmək, sözsüz ki, mümkün deyil. Bəri başdan, onu da deyək ki, Salyan şəhəri bu müddətdə öz coğrafiyasını xeyli genişləndirmişdir. Yeni binalar tikilmiş, küçə və meydanlar, yaşıllıq zolaqları salınmışdır. Şəhərin elə bir küçəsi, yaxud elə bir bina yoxdur ki, orada yenidənqurma işləri aparılmasın. Başqa sözlə desək, Salyan, sözün həqiqi mənasında, müasir şəhər görkəmi almışdır. Yeni tikilən və bərpa olunan binalar milli və müasir memarlıq üslubundadır, yüksək zövq və estetika dərhal nəzərə çarpır.
Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının inzibati binası, Gənclər Mərkəzi, Şahmat məktəbi, rayon mərkəzi xəstəxanası, coxmərtəbəli yaşayış binaları, mərkəzi meydan... Bu siyahıya necə yeni binanın, parkın və meydanın adlarını da əlavə edə bilərik. İndi Salyan güllər, çiçəklər şəhərinə çevrilmişdir. Çox yəqin ki, həssas oxucunun gözləri qarşısında dərhal şəhərin bütün bunlardan əvvəlki kasıb görkəmi canlanır.
Bəli, əbəs yerə deməyiblər ki, həqiqət faktlardan doğur. Elə isə iqtisadi, sosial və mədəni həyatın müxtəlif sahələrini əhatə edən bəzi xarakterik faktları bir daha yada salaq. Böyük iqtisadi potensiala – münbit torpağa, əməksevər insanlara malik Salyan rayonu dövlətin qayğısından xüsusi yer alan bölgələrdəndir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Salyanın həyatında dərin izlər qoymuş, rayonun yüksəlişinə təkan vermişdir. Bir zaman ulu öndər Heydər Əliyev “Salyanlılar torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır” deməklə bu bölgəyə, onun əhalisinə böyük dəyər vermişdir. İndi bu sözlər bir daha təsdiqini tapır. Salyanlılar təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərində göstərdikləri nümunələrlə, yaratdıqları xariqələrlə nəyə qadir olduqlarını əzmlə nümayiş etdirirlər. Əlbəttə, dövlətin qayğısından, ölkə rəhbəri İlham Əliyevin isti münasibətindən güc alaraq. Prezident İlham Əliyevin indiyədək dəfələrlə Salyanda olması dövlət başçısının bu bölgəyə verdiyi böyük önəmin göstəricisidir.
Bu gün Salyanda kənd təsərrüfatının inkişaf etdirilməsi əsas perspektivlərdən biri sayılır. Bu regionda dənli bitkilər, bostan-tərəvəz məhsulları, üzüm, pambıq və mal-davar saxlanılması məsələləri əsas aparıcı sahələrdəndir. Demək olar ki, Salyanda istehsal edilən kənd təsərüfatı məhsulları bu ərazidə yaşayan sakinlərlə yanaşı, ölkə bazarlarına da çıxarılır. Yəni, Azərbaycanın ümumi istehsal göstəriciləri arasında Salyanın da öz yeri var. Əgər həmin göstəricilərə diqqət yetirsək, onda görərik ki, bu gün Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlığın inkişaf etdirilərək uğurlu nəticələrə çatdırılmasında sahibkarların, iş adamlarının xidmətləri danılmazdır. Necə deyərlər, bu coğrafiyanın xarakter və xüsusiyyətlərini yaxşı bilən yerli sahibkarlar, fermerlər və iş adamları Salyanda üzümçülüyün, pambıq istehsalının, subtropik meyvə bağlarının genişlənməsinə demək olar ki, böyük diqqət yetirməklə, həm də kapital yatırımı edirlər. Bir az da açıq ifadə etsək, bu sahələrə maliyyə xərcləyən həmin adamlar öncədən nə əldə edəcəklərini də artıq bilirlər.
Doğrudur, Salyanda aparıcı iqtisadi sahə kənd təsərrüfatı olsa da, ancaq sənayenin də müəyyən sahələri bu bölgədə zaman-zaman inkişaf etdirilib və bu gün də həmin proses davam etdirilir. Artıq rayonda əvvəlcə qeyd etdiyimiz kimi, Pambıqtəmizləmə Məntəqələri, Kərpic İstehsalı Zavodu, Plastik Kütlə Emalı Müəssisəsi uğurlu nəticələr əldə etməkdədir. Salyanda istehsal edilən şirələr, sərinləşdirici içkilər, həmçinin «Salyan pivəsi» alıcıların rəğbətini qazanıb. Demək olar ki, Azərbaycanın əksər bölgələrində və satış nöqtələrində Salyanda istehsal edilmiş məhsullarla qarşılaşmaq artıq adi həyat tərzimizdir.
İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsinə, mütərəqqi texnologiyalara geniş meydan vermədən aqrar sektorda əsaslı irəliləyişə nail olmaq, istehsalda rentabelliyi təmin etmək qeyri-mümkündür. Kənd təsərrüfatını sənaye təməli üzərinə keçirmək müasir dövrün qarşıya qoyduğu ən mühüm vəzifədir. Salyan bu sahədə də respublika üzrə öncül mövqeyini təmin edə bilmişdir.
Bu gün Salyanda yaşamaq da, işləmək də gözəldir. Son illər rayonda tikinti, abadlıq və quruculuq işləri vüsət almışdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına rayonun formalaşan sosial infrastrukturu əhalidə böyük minnətdarlıq duyğuları yaradır. Kəndarası yolların təmirində, əsaslı şəkildə yenidən qurulmasında, əhalinin içməli su təminatının ödənilməsində, elektrik enerjisi və təbii qazla təminatında, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasında, pensiya və təqaüdlərin artırılmasında əldə edilən ciddi dönüş dövlət başçısının xalqın xoş güzəranı, firavan həyatı üçün necə böyük işlər gördüyünü təcəssüm etdirir.
Prezident İlham Əliyev demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.
Dövlət başçısının bu aydın mövqeyi, təbii ki, hər bir məmur üçün nümunədir, fəaliyyətini müəyyən edən konkret istiqamətdir. Bu mənada son illər Salyanda əhalinin həyat tərzini daha da yaxşılaşdırmaq, xidmət sahələrinin işini canlandırmaq istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilir.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasında Salyan rayonunda 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. Cari ildə Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsi ugurla davam etdirilir. Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15.3 km təşkil edir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasında məqsəd yol boyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.
Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır.
Səhiyyə xidmətinin müasir tələblər səviyyəsində təşkil edilməsi də daim diqqət mərkəzindədir. Bu qayğının bariz ifadəsi, məntiqi nəticəsi olaraq Salyan şəhərində 205 çarpayılıq mərkəzi rayon xəstəxanası inşa edilmişdir. Bgün Salyan Mərkəzi Rayon Xəstəxanasının əsasında Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs yaradılmışdır. Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsdə 290 çarpayı olmaqla 80 çarpayılıq terapiya, 60 çarpayılıq cərrahiyyə, 50 çarpayılıq ginekologiya və doğum, 30 çarpayılıq uşaq, 30 çarpayılıq vərəm, 20 çarpayılıq yoluxucu xəstəliklər və 20 çarpayılıq anesteziologiya, reanimasiya və intensiv terapiya, sığortanın təşkili və inovasiya, insan resursları, dəstək xidmətləri, xəstə xidmətləri, tibb bacıları, poliklinika, radiologiya, laboratoriya, təcili və təxirəsalınmaz tibbi yardım, hemodialez, ilkin səhiyyə xidməti (ASM) və səhiyyə xidmətlərinin təşkili şöbələri, tibbi sığorta, statistika, əməyin mühafizəsi, qeydiyyat, xəstə qəbulu, koordinasiya, əməliyyatxana, təcili yardım bölmələri və sair, elecə də transfizioloji və fizioterapiya kabinentləri fəaliyyət göstərir. Mərkəzi rayon Xəstəxanasında 189 həkim, 483 orta tibb işçisi və 456 kiçik və digər işçi çalışır.
Hazırda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayonunun Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Xocalı, Cəngan və Beştalı kəndlərinin elektrik şəbəkəsi, qaz xətti və yeni içməli su təchizatı infrastrukturları yenilənir.
İqtisadi, sosial və mədəni həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz, son illərin əsaslı inkişaf və yüksəlişini əks etdirən fakt və rəqəmlər bir daha sübut edir ki, Salyan uğurlu yol üstədir. Əldə edilmiş böyük uğurlar salyanlıları əsla arxayınlaşdırmır. İndi bütün sahələrdə əlavə imkan və ehtiyat mənbələri müəyyən olunur. Yeni-yeni təşəbbüslər meydana çıxır, bütün qüvvə və səylər daha böyük hədəflərə yönəldilib. Bu gün Salyanda yaradıcı, təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji mühit, qarşılıqlı hörmət və ehtiramdan qaynaqlanan vətəndaş-məmur münasibətləri mövcuddur.
Bu gün Salyan büsbütün dəyişib, müasir şəhərə cevrilib. Aparılan tikinti-quruculuq, abadlıq işləri, yaradılan yeni infrastruktur rayonun görkəmini kökündən dəyişib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri Salyanda həyata keçirməsində rəhbərlik edən rayon icra hakimiyyəti, eləcə də rayon icra başçısı Sevindik Hətəmovun öz komandası ilə birlikdə rayonda yaratdığı işgüzar mühit bugünkü nailiyyətlərin əsasını təşkil edir. Hər kəs öz işi ilə və həm də məsuliyyətlə məşğul olur. Aparılan bu yenilənmə rayona kənardan diqqəti də artırır. Adamlar Salyanın tarixi abidələrini görməyə, bu bölgənin nemətlərini dadmağa həvəslə gəlirlər. Təbii ki, Salyanın tarixini, onun təhsil, səhşiyyə, mədəniyyət sahəsindəki inkişaf perspektivlərini daha köklü şəkildə istiqamətləndirmək, ortaya çıxarmaq üçün hələ çox işlər görülməlidir. Bu təkcə Salyan üçün yox, bütövlükdə Azərbaycan üçün önəmli bir məsələdir.
...
Köhnə dostum Anarla birlikdə gecədən xeyli keçənədək Salyanın mərkəzində gəzişdik, söhbət etdik. Maraqlıdır ki, ab-hava, əhatəsinə düşdüyün adamlar ürəyincə olanda söhbət də tükənmək bilmir. O gecə Anarla çox mətləblərdən danışdıq, çox söhbət etdik. Ən çox yadımda qalan isə onun bir bənzətməsi oldu. Dedi ki, sovet dövründə bir yerlimiz o vaxtkı Leninqrada gedib gələndən sonra uzun müddət o şəhərin ağ gecələrindən danışmışdı. İndi buyur, ağ gecələr Salyan ovcumuzun içindədir.
Anar belə deyəndə mən bir dostumun dəfələrlə yazılarında işlətdiyi “Salyanın nəyi Bakı rayonlarından əskikdir ki...” ifadəsini dəyişmək istədim. Amma, fikrimdən daşındım, düşündüm ki, ölkənin ağ günləri olmasa, ağ gecələrini də yaratmaq olmazdı...
Salyanın ağ günlərini də, ağ gecələrini də kim görsə... bu diyara yenə qayıdacaq, mütləq qayıdacaq...
Sadiq,
Azerinform.az