“Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır. Hər bir hala baxılır və analiz edilir”.
APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanda 1 milyondan çox şagird təhsil alır: “Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən, orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir”.
Nazirin sözlərinə görə, sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli, onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər: “Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün səbəbdir”.