Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması sözsüz ki, dövlətimizin və xalqın tarixində silinməz iz buraxacaq ən əlamətdar hadisələrdən biridir. Bu ilin ölkənin ümumi inkişafı, xalqımızın rifah yüksəlişi, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından bir sıra müstəsna özəlliklərə malik olacağı artıq ilin ilik aylarından başlayaraq cərəyan edən hadisələrin, ölkə daxilində və beynəlxalq müstəvidə gedən proseslərin intensivliyində və mütərəqqi yönümündə özünü göstərməyə başladı. Dövlət başçımızın xarici ölkələrə səfərləri və mühüm beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasət kursuna və ilk növbədə enerji siyasətinə dünyada marağın son dərəcə böyüməsi, ölkəmizlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ölkələrin sayının getdikcə artması, xarici ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin intensivliyi və əlbəttə ki, ölkəmizdə dünya və Avropada keçirilən aparıcı Forum və Konfranslar səviyyəsində mötəbər beynəlxalq tədbirlərin təşkili gedən prosesləri xarakterizə edən əsas göstəricilərdir. Əlbəttə ki, bütün bu baş verənlər ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənilir, təqdir olunur. Eyni zamanda, cərəyan edən hadisələrin yaxın gələcəkdə ölkəmizin ictitimai-siyasi həyatına bilavasitə göstərə biləcəyi təsirlər, regionda səbəb ola biləcəyi dəyişikliklər barədə ortaya çıxan suallar da kifayət qədərdir.Bugünkü buraxılışımızda cərəyan edən hadisələrin fonunda Azərbaycanın dünya və Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf perspektivləri, ölkəmizin Avrasiya məkanında gedən proseslərdə rolu və mövqeyi, eləcə də mövzu ətrafında Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Xoş gördük Sizi, Eldar müəllim. İlk növbədə suallarımızı cavablandırmaq üçün bizə vaxt ayırdığınıza görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.- Xoş gününüz olsun. Mən də sizinlə yenidən həmsöhbət olmaqdan çox məmnunam. İnanıram ki, bugünkü söhbətimiz də məzmun baxımından kifayət qədər aktual və maraqlı olacaq.
- Elə isə, birbaşa mövzuya keçək. Eldar müəllim, cari ilin ilk rübünün hələ tamam olmamasına rəğmən, respublikamızın ictimai-siyasi həyatı istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə artıq kifayət qədər zənginliyi ilə diqqəti cəlb edir. Əlbəttə ki, baş verən hadisələr, cərəyan edən proseslər barədə bir qədər sonra ətraflı söhbət edəcəyik. Lakin ilk növbədə məhz yaşadığımız bu ilin xüsusi özəlliyi barədə, yəni 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar fikirlərinizi eşitmək istərdik.- Sizin bu ilin xüsusi özəlliyini qeyd etməyiniz çox dəqiq ifadə oldu. Həqiqətən də, Azərbaycan xalqı bu il özünün dahi lideri və xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması da bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm, çəki vermiş oldu. Ümummilli Lider Heydər Əliyevin öz ölkəsi və xalqı qarşısında olan xidmətləri barədə hələ bundan sonra illər boyunca elmi araşdırmalar aparılacaq, kitablar, elmi əsərlər yazılacaq. Təsadüfi deyil ki, bu dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi illər Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdandan sonra titanik səylər nəticəsində Azərbaycanın vahid bir ölkə kimi varlığını qoruyub saxlaması, müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alması faktı bu gün sadəcə ölkəmizdə deyil, həmçinin dünyanın bütün siyasi dairələrində birmənalı olaraq qəbul edilir. Lakin bu, Ulu Öndərin özünün dediyi kimi, müstəqilliyə gedən yolun hələ başlanğıcı idi. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev bu başlanğıcın ardınca görüləcək işlərin ağırlığını və məsuliyyətini hər kəsə açıqlayaraq belə demişdir:
“Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” Bu sözlər Ümummilli Liderin müstəqilliyimizin ilk illərindən bugünkü firavan, güclü, suveren və qalib Azərbaycanın vətəndaşları olaraq yaşadığımız şərəfli dövrə qədər gəlib çıxmaq üçün xalqımızın və dövlətimizin birlikdə dəf etməli olacağı çətinliklərə hazır olmağa bir çağırış idi.
- Həqiqətən də çətinliklər çox idi. Lakin Azərbaycan bu çətinliklərin öhdəsindən gəldi, düşmənlərimizin qarşımıza çəkdiyi bütün maneələri aradan qaldırdı. Sizcə xalqımıza bu gücü verən ən böyük qaynaqlar hansılar idi?- Mən sizinlə razılaşıram ki, o dövrdə Azərbaycanın öz müstəqilliyini qoruyub-saxlamaq uğurunda apardığı mübarizədən qalib çıxa bilməməsi üçün var gücü ilə çalışan, həm ölkə daxilində, həm də xaricdə yer alan düşmən qüvvələr kifayət qədər idi. Həm də bu qüvvələr heç də zəif deyildilər. Onlara qarşı dura bilmək üçün, onlara qalib gəlmək üçün böyük güc lazım idi. İqtisadi güc lazım idi, hərbi güc lazım idi, iradə, qətiyyət, fədakarlıq lazım idi. Lakin hətta bütün bu amillərin mövcudluğu belə istənilən nəticənin əldə olunacağına tam təminat vermir. Tarix göstərir ki, belə mücadilələrdən yalnız o xalqlar qalib çıxa biliblər ki, onların milli ideyaya əsaslan, milləti qələbəyə aparacaq düşünülmüş strategiyaları və ən əsası da, bu strategiyanı hazırlayan və həyata keçirə bilən liderləri olub. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu hər kəsdən daha yaxşı bilir və bu məsələni daim diqqət mərkəzinə çəkirdi. Heç bir şübhə yoxdur ki, Azərbaycan bu gün suveren, qüdrətli və artıq bütün dünyada yüksək nüfuza malik olan bir dövlətə çevrilə bilmək üçün sahib olduğu gücü də məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasından alıb.
- Eldar müəllim, hamımız bilirik ki, 1991-1992-ci illərdə respublikamızı bürümüş hərc-mərclik, anarxiya mühiti heç də müstəqilliyimizi təhdid edən amillərin hamısı deyildi. Belə ki, həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin yürütdükləri yarıtmaz xarici siyasət nəticəsində Azərbaycanın ətrafında həm də son dərəcə arzuolunmaz, gərgin beynəlxalq siyasi mühit formalaşmışdı. 1993-cü ildən başlayaraq bu vəziyyətin aradan qaldırılması üçün görülən tədbirlər barədə nə deyə bilərsiz?- Siz müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən qüvvələrin yürütdükləri xarici siyasət kursunu bir kəlmə ilə çox dəqiq müəyyən etdiniz. Bu, həqiqətən də yarıtmaz siyasət idi. Əbəs yerə deyil ki, bu siyasət xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev dünyanın Azərbaycanı tanımamasının, problemlərimizdən xəbərsiz olmasının, haqq səsimizin beynəlxalq aləmdə eşidilməməsinin səbəbini də məhz bu siyasi xəttdə görürdü. Halbuki, həmin dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, dövlət müstəqilliyimizin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan zəruri şərtlərdən biri məhz praqmatik və effektiv xarici siyasət kursunun olması idi. Ulu Öndər 9 mart 1994-cü il tarixində Pekin İctimai Elmlər Akademiyasında çıxış edərkən bu məsələnin əhəmiyyətini qeyd edərək demişdir:
“Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Məhz bu məqsədlə Ümummilli Lider Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin xarici siyasətini dəyişməyə, ölkənin strateji maraqları əsasında yeni xarici siyasi kurs müəyyənləşdirməyə başladı və qısa müddətdə buna nail oldu. Bu praqmatik kurs Azərbaycanın strateji maraqlarının digər region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırılmasına imkan yaratdı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursu ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dünya dövlətləri birliyinə bərabər hüquqlu bağlantısını, ölkənin mənafelərini və dünya miqyasında bir müstəqil dövlət kimi tanınmasını təmin etdi. Bu gün isə, eyni strategiyanın Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirlməsi nəticəsində Azərbaycan artıq bütün dünyada nüfuzlu, müstəqil siyasət yürüdən və öz sözünü deməyi bacaran bir dövlət kimi tanınır. Həmçinin bu məqamı da mütləq qeyd etmək lazımdır ki, dövlət başçımızın son 20 il ərzində yürütdüyü uğurlu enerji siyasəti sayəsində Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu getdikcə artır və bu da əlbəttə ki, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
- İlin əvvəlində, daha dəqiq olsaq, yanvar ayının 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Öz müsahibəsində dövlətimizin başçısı həm də ölkəmizin üzərində olduğu beynəlxalq nəqliyyat dəhlizlərinin hazırkı vəziyyəti ilə bağlı önəmli açıqlamalar təqdim etdi. Bu barədə hansı fikirlərinizi bizimlə bölüşmək istərdiniz?- Yeni beynəlxalq nəqliyyat dəhlizləri bu gün təkcə ölkəmiz üçün deyil, bütün Avrasiya məkanı üçün son dərəcə mühüm, aktual bir məsələdir. Bilirsiniz ki, Azərbaycan nəqliyyat sahəsində artıq uzun illərdir ki, mühüm beynəlxalq layihələrin aparıcı iştirakçısı və bir çox hallarda həm də təşəbbüskarı kimi çıxış edir. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış yeni geosiyasi şərait isə Azərbaycanın gördüyü işlərin əhəmiyyətini daha da artırmışdır. Bu səbəbdən cənab Prezident İlham Əliyevin qeyd etdiyiniz müsahibəsində toxunduğu Zəngəzur dəhlizi ilə bağlı məsələ Orta Dəhliz layihəsinin tam reallaşması baxımından xüsusilə önəmlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu sahəyə uzun illərdir ki, böyük vəsaitlər qoyur və nəticə etibarı ilə öz ərazisində həm Orta Dəhlizlə bağlı, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işləri yekunlaşdırıb. Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı ardıcıl siyasət aparır. Hələ beş il bundan əvvəl bütün dünya Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının şahidi oldu. Burada bir məqama xüsusi diqqət etmək lazımdır. Ermənistanın bu layihədən tamamilə kənarda qalması səbəbindən bəzi böyük Qərb ölkələri onun əleyhinə çıxış edir və reallaşmasına ciddi maneələr törədirdilər. Başqa sözlə, cənab Prezident İlham Əliyevin dediyi kimi, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Buna görə də layihənin icrası mümkün ola biləcəyindən daha çox zaman aldı. Lakin Azərbaycan bütün hallarda olduğu kimi, öz məqsədinə nail oldu və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı ciddi iş gedir. Hazırda Orta Asiyadan gedən yüklər üçün yeni yolların açılması beynəlxalq gündəmdə duran əsas məsələlərdən biri olduğuna görə, Zəngəzur dəhlizinin iqtisadi səmərəsi də artıq heç kimdə şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, bu layihə böyük bir coğrafiya üçün həm də strateji bir layihədir və onun reallaşması ölkəmizin təbii hüququdur. Məlumdur ki, Zəngəzur dəhlizinin açılması şərti eyni zamanda, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapıb. Həmin sənəddə açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir və Ermənistan istəsə də, istəməsə də bu, baş verəcək. Bununla yanaşı möhtərəm dövlət başçımızın açıqlamasında belə bir vacib açıqlama da yer almışdı ki, hesablamalara görə təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Bu isə o deməkdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Layihənin əhəmiyyətini artıran bir xüsusi məqam da budur ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib.
- Eldar müəllim, xatırlamaq yerinə düşər ki, Orta Dəhliz layihəsi yanvar ayının 17-də Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı zamanı Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində də müxbirləri maraqlandıran əsas mövzulardan idi...- Tamamilə doğru deyirsiniz və bu, təbiidir. Bildiyiniz kimi, Çin artıq yeni Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış edib və hətta artıq onun icrasına da başlayıb. Dövlətimizin başçısı öz müsahibəsində bu məsələyə toxunaraq qeyd etdi ki, bu layihə də Azərbaycana, Xəzər dənizinə istiqamətlənib. Əlbəttə ki, bu layihə çox vacib əlavə təchizat marşrutudur və ümumilikdə Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev bunu da qeyd etdi ki, Azərbaycan Çinin 10 il bundan öncə bir təşəbbüs kimi irəli sürdüyü, bu gün isə artıq nəhəng beynəlxalq layihəyə çevrilmiş “Bir kəmər, bir yol” layihəsində də çox konstruktiv rol oynayır. Vurğulandı ki, Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və o zaman hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başladı. Bu illər ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü və Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdi. Həmçinin dəmir yolu infrastrukturuna ən çox investisiya yatırıldı. Buna paralel olaraq bütün digər layihələr - avtomagistrallar, hava limanları kimi layihələr də həyata keçirildi. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olmasına rəğmən Azərbaycan beynəlxalq logistik və nəqliyyat mərkəzinə çevrildi.
- Amma düşünürəm ki, Çin jurnalistlərinin Azərbaycan Prezidentinin bu və ya digər qlobal məsələyə münasibətdə tutduğu mövqeyinə olan maraqları təkcə nəqliyyat layihələrinin reallaşması perspektivləri ilə bağlı deyil. Bu baxımdan Çin ilə Azərbaycan arasında mövcud iqtisadi əlaqələr barədə nə deyə bilərsiz?- Azərbaycanın Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi bu əlaqələrin istər Avropa, istərsə də Asiya dövlətləri ilə yüksək səviyyədə qurulması üçün əlavə imkanlar yaradır. Bu gün Azərbaycanın etibarlı münasibətlər qurduğu ölkələrdən biri də dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə malik olan Çin Xalq Respublikasıdır. Cənab Prezident İlham Əliyev də öz müsahibəsində qeyd etmişdi ki, iki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər də Çin və Azərbaycanın yaxşı dost və tərəfdaş ölkələr olduğunu təsdiq edir. Elə ötən ilin payızında Pekində keçirimiş “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Çinin dövlət başçısı Si Cinpinin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması da dövlət başçıları arasında mövcud olan qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirilməlidir. Azərbaycan ilə Çin arasında 30 il ərzində davam edən siyasi münasibətlər, iki ölkənin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı və bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Təbii ki, siyasi münasibətlər həmçinin iqtisadi əlaqələri inkişaf etdirmək üçün möhkəm zəmin deməkdir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyib. Bununla belə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlığın cəlbedici perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Bu da əlbəttə ki, ölkəmizdə investisiya mühitinin çox müsbət olması sayəsindədir. Azərbaycanda xarici və yerli investisiyaların lazımınca qorunması son dərəcə önəmli amildir. Buna görə də hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar dövlətimiz tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Ardı var...
Söhbətləşdi: Azər Məmmədov
aia.az