Goranboy rayon Zeyvə kənd tam orta məktəbinin direktoru Lamiyə Abışova haqqında yayılan əsassız iddialara CAVAB
Müasir dövrdə informasiya axınının sürəti heç vaxt indiki qədər güclü olmayıb. Sosial şəbəkələr, müxtəlif internet saytları, şəxsi bloqlar cəmiyyətin gündəmini formalaşdırmaqda mühüm rol oynayır. Ancaq təəssüf ki, bu imkanlardan bəziləri düzgün istiqamətdə istifadə etmir. Əslində informasiya cəmiyyəti maarifləndirmək, düşündürmək, doğru-dürüst məlumatlandırmaq üçündür. Lakin bəzi şəxslər ucuz populyarlıq xatirinə, sifarişli yazılar hesabına insanları qaralamağa çalışırlar.
Son günlərdə Goranboy rayon Zeyvə kənd tam orta məktəbinin direktoru, nümunəvi ziyalı, pedaqoq və təşkilatçı Lamiyə Abışova haqqında yayılan yazılar da məhz bu qəbildəndir. Yazılanlarda həqiqət payı yoxdur. Sadəcə, kimlərinsə şəxsi maraqlarına xidmət edən, cızma-qaradan o tərəfə keçməyən, peşə etikası ilə qətiyyən uzlaşmayan böhtanlardır.
Hər bir qarayaxma kampaniyasının arxasında “kənar əl”, sifarişçi niyyət və şəxsi maraq dayanır. Bu, təcrübədən də, müşahidədən də aydındır. Bu gün media adına fəaliyyət göstərən bəzi bloqerlər, sayt sahibləri araşdırma aparmaq, sənədlərə söykənmək, mötəbər mənbələrə istinad etmək əvəzinə, sadəcə qulaqdan-qulağa yayılan söz-söhbətlərə əsaslanaraq “material” hazırlayırlar. Onların yazılarında fakt yoxdur, dəqiqlik yoxdur, sadəcə, emosional ittihamlar var.
Bu isə informasiya deyil, qaralama kampaniyasıdır. Və belə yanaşma jurnalistikanın prinsiplərinə, peşə etikasına tamamilə ziddir.
Onu yaxından tanıyan hər kəs bilir ki, Lamiyə Abışova bütün fəaliyyətini təhsil sahəsinə, gənc nəslin yetişdirilməsinə həsr etmiş bir ziyalıdır. Uzun illərin zəhməti, bilik və təcrübəsi ilə Zeyvə kənd tam orta məktəbinin kollektivinə rəhbərlik edir.
Onun iş üslubu sadədir: ədalət, vicdan və tələbkarlıq. Həm şagirdlər, həm müəllimlər, həm də valideynlər bu prinsipləri təsdiqləyirlər. Rayonda demək olar ki, hər kəs onu tanıyır, hörmətlə yad edir. Çünki Lamiyə Abışova sadəcə bir direktor deyil, həm də ictimaiyyətçi, təşəbbüskar, maarifçi bir insandır.
Əgər bir ziyalının adı daim hörmətlə çəkilirsə, onun fəaliyyəti nümunə göstərilirsə, deməli, belə insanlara qarşı qarayaxma kampaniyaları da qaçılmaz olur. Çünki nifrət və paxıllıq həmişə mövcud olub. Təəssüf ki, bu hisslər bəzi şəxsləri yanlış yollara sürükləyir.
Görəsən, hansı məntiqə görə bir müəllimin, bir məktəb direktorunun illərlə qazandığı hörməti bir-iki qaralama yazı ilə ləkələmək olar? Üstəlik, ortada fakt yoxdur, sübut yoxdur, sadəcə, “deyirlər ki” prinsipi ilə qurulmuş əsassız iddialar var. Bu isə hüquqi dildə böhtandır və istənilən an məhkəmə predmeti ola bilər.
Cəmiyyət hər şeyi görür. El arasında deyildiyi kimi, “el gözü tərəzidir”. İnsanlar yaxşı ilə pisi, dürüst ilə saxtanı ayırmağı bacarır. Zeyvə kəndində də, ümumilikdə Goranboy rayonunda da hər kəs yaxşı bilir ki, Lamiyə Abışova peşəkar, işgüzar, ləyaqətli bir rəhbərdir. Onun haqqında deyilən əsassız sözlər isə ictimaiyyət tərəfindən təəssüf hissi ilə qarşılanır. İnsanlar belə cızma-qaralara dodaq büzür, sifarişli yazı kimi qiymətləndirirlər.
Əsl jurnalist araşdırma aparar, fakt toplayar, mövzunu müxtəlif tərəflərin mövqeyini öyrənərək təqdim edər. Amma sifarişli, qərəzli yazılar hazırlayan “jurnalist”lər öz peşələrini ucuzlaşdırırlar. Onlar unudurlar ki, jurnalistikanın əsas missiyası həqiqəti üzə çıxarmaqdır, böhtan yazmaq deyil.
Bir ziyalının, pedaqoqun, rəhbərin illərlə formalaşdırdığı nüfuzu əsassız ittihamlarla sarsıtmaq cəhdləri həm də peşə adına hörmətsizlikdir. Bu, yalnız cəmiyyətin gözündə həmin “jurnalist”lərin etimadını itirməsinə gətirib çıxarır.
Lamiyə Abışova haqqında yayılan yazılar böhtandır, iftiradır, əsassız qarayaxmadır. Onu yaxından tanıyan hər kəs yaxşı bilir ki, o, dövlətinə, millətinə, vətəninə sadiq, təhsil sahəsində nümunə göstərilən bir kadrdır.
Bu gün ona dəstək olmaq təkcə bir insanı müdafiə etmək deyil, həm də peşəkarlığın, ziyalılığın, vicdanlı həyat tərzinin müdafiəsidir.
Böhtan və iftira ilə heç kəs uzun yol gedə bilməz. Tarix də, ictimaiyyət də həqiqəti görür və həmişə qiymətləndirir.
Lamiyə Abışova haqqında yazılan cızma-qaralar isə sadəcə, günün hökmünü yaşamağa məhkumdur. Onların ömrü qısadır, çünki həqiqət həmişə qalib gəlir.
Azərinform.az