"Ölkədə qarışıqlıq yaradan məmurlar Ramiz Mehdiyeviv drijor çubuğuyla oturub-dururlar”.
Yenisabah.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri məmurların həbslərindən çoxlarının hələ də nəticə çıxarmadığını vurğulayıb:
“Mən istəyərdim ki, məmurların həbsi davam etsin. Bizim indiki hakimiyyətdə olan məmurların tör-töküntüləri böyükdür və onlar hələ də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Bunlarda bir arxayınçılıq var və bu da ölkəni xaosa sürükləyir. Məsələn, beş icra başçısı həbs edildi və nəticə nə oldu? İndi onlardan da çox rüşvət alırlar. İcra başçılarının hamısı rüşvət alır, çapıb talayır və bunun başında isə Zeynal Nağdəliyev durur. Bu gün o, özü həbs edilməlidir. Bu gün nə qədər narazılıqlar var hamısına icra başçıları səbəbkardır. Bunlar çalışırlar ki, ölkədə narazılıq yaratsınlar. Belə olanda da xalq deyir ki, prezident hara baxır? Amma demirlər ki, Z.Nağdəliyev hara baxır? Ona görə də Azərbaycan məmurlarının ölkə başçısı çox gözəl dedi ki, vicdanı və Allahı yoxdur. Bunların vicdanı olsaydı, o beş icra başçısı tutulanda özlərini yığışdırardılar. Bu məmurlar tamam başqa bir kateqoriyaya aid olan insanlardır.
Məsələn, Əbülfəs Qarayev o boyda korrupsiyanın qarşısında sərbəst buraxıldı və elə ona da o lazım idi ki, getsin yaşasın, xaricdə mülkləri var. Zakir Qaralov da həmçinin, Azərbaycan dövlətinə bir milyard pul borcludur. Bunların hamısı həbs edilməlidir və görünür bunlar da kiməsə arxayındırlar. Ölkə başçısı deyir ki, vəzifəyə gələn icra başçısı rüşvət veribsə, onu qazanmaq üçün çalışacaq ki, nəsə etsin. Bəs bu rüşvət kimə verilib, əlbəttə ki, Z.Nağdəliyevə. İcra başçılarının hamısı bir mənbədən idarə olunur və düşünürəm ki, ölkədə narazılıq yaradan qruplar hələ də hakimiyyətdədir, onlar Prezident Aparatında kök salıblar və o insanların da əksəriyyəti Ramiz Mehdiyevin kadrlarıdır. Düşünürəm ki, bunun nəticələri çox pis olacaq. Hansı məmuru, mollasını araşdırırsan, mülkləri, bağ evləri ortaya çıxır. Bunlar ancaq dövlətin əleyhinə işləyən məmurlardır və onları da yola salmaq lazımdır. Biz isə həmişə ölkə başçısının yanındayıq, ona dəstək oluruq. Ölkədə qarışıqlıq yaradan məmurlar Ramiz Mehdiyeviv drijor çubuğuyla oturub-dururlar”. /Moderator.az