Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında iştirak edib
gundem / region
15:27
10.01.2020
1 156
Xeberci.info xeber verir ki, Yanvarın 9-da Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında iştirak edib və tədbirdən sonra növbəti səyyar qəbul keçirib. Yığıncaqda rayonun hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və 92 nəfər kənd sakini iştirak edib.
RIH başçısı çıxış edərək ölkə rəhbəri tərəfindən verilmiş sərəncam və tapşırıqların icrasının təmin olunduğunu, əhalinin sosial rifah halının yaxşılaşdığını, əmək haqqı, pensiya, müavinətlərin artırıldığını, rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin və 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evlərinin müvafiq olaraq tikintisi, bərpası və təmirinin davam etdirildiyini bildirib.
Əvvəlcə Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Mütəllimov Rövşən Əlyusif oğlunun hesabat məruzəsi dinlənilib.
Hesabat məruzəsi ətrafında çıxış edən kənd sakinləri rayonunun abadlaşdırılması, yeni məhələlərə elektrik, qaz xətlərinin çəkilməsi, yolların asfaltlaşdırılması və digər məsələlərlə bağlı görülmüş işləri yüksək qiymətləndirərək ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Sonra keçirilən səyyar qəbulda 9 nəfər kənd sakini tərəfindən nümayəndəlik ərazisində elektrik təsərrüfatının yenidən qurulması, kənd ərazisindən keçən suvarma kanallarının təmizlənməsi, subartezian quyusunun təmir olunması və baş vermiş zəlzələ zamanı fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması üçün köməklik göstərilməsi xahiş edilib.
RİH başçısı vətəndaşlar tərəfindən səsləndirilmiş müraciət, təklif və problemlərin həlli ilə əlaqədar aidiyyəti xidməti təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.