"Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasnda da söz sahiblərindən birinə çevrilmişdir. Bu il qədirbilən Azərbaycan xalqı özünün xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Qeyd olunmalıdır ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da ilk növbədə bu dahi şaxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. Məlum olduğu kimi, Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili və xarici təhdidlər və bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Ən pisi də bu idi ki, həmin proqnozların reallaşması üçün ölkədə həqiqətən də son dərəcə təhlükəli bir zəmin artıq tam olaraq formalaşmışdı. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.”
Bunu Azerinform.az-a Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib.
İnstitut direktoru deyib: "Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ulu öndər hələ 1994-cü ildə, mart ayının 9-da Pekin İctimai Elmlər Akademiyasında etdiyi çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Bu gün Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün qəlbi ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ulu Öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Vətənimizin ən çətin zamanlarında Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. Hər bir xalqın müstəqil dövlət quruculuğu yolunu bir sıra mühüm daxili və xarici amillər müəyyən edir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, siyasi, iqtisadi, mədəni və intellektual potensialdan istifadə edərək 20-ci əsrin sonlarında müstəqillik arzusunu reallaşdırdı. Müstəqillik dövrünün qısa tarixi Ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir: “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət quruculuğu kimi çətin, mürəkkəb və şərəfli missiyaya geniş və qlobal dünyagörüşünə malik, xalqın dəstəyini qazanan, onun ümummilli liderinə çevrilən iradəli bir şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonlarında Azərbaycanda bu işin öhdəsindən gələ bilən yeganə lider Heydər Əliyev idi."
İlham Qaraqurbanlı sonda bildirib:"Ulu öndərin 1993-2003-cü illər ərzində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən mühüm prioritet istiqamətlərindən biri də əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün möhkəm zəminin hazırlanması olub. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın bu məqsədə nail olacağına bir an belə olsun şübhə etməmişdi. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da dahi liderin bu tarixi kəlamları həyata keçdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi."Azerinform.az