Ermənistanda hökumətə qarşı etiraz aksiyaları keçirən keşiş Baqrat Qalstanyan dünən tərəfdarları ilə görüşüb. O bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhələsinə hazırlıq gedir. Keşiş jurnalistlərə deyib ki, regionlara səfərlərin məqsədi sakinləri təşviq etmək və dəstək almaq, onların əhvali-ruhiyyəsinin nə olduğunu anlamaqdır. Baqrat Qalstanyan əlavə edib ki, hərəkatın aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq.İndiyə qədər keçirdiyi aksiyalarda heç nə əldə etməyən
Baqrat Qalstanyan sentyabrdan sonra mübarizənin yeni mərhələsində nəyəsə nail ola bilərmi?
Globalinfo.az-a danışan politoloq
Əhəd Məmmədli deyib ki, inqilab elə bir şeydir vaxtında hərəkətə keçməlisən:
“Ümumiyyətlə, inqilab edəcək şəxs, ya da qrup gücünün pik həddində hərəkətə keçməlidir. Əks təqdirdə bunu sonra etmək olmur. Keşiş Baqrat Qalstanyanda da məhz belə oldu. O, kilsənin dəstəyini alıb hərəkətə keçməli idi. Düzdür, kilsənin dəstəyi hələ də var, amma bir növ bu kart əldə qaldı və düzgün istifadə edilmədi.
Baqrat hazırda kəndləri gəzir, qəsəbələrdə görüşlər keçirir. O, elektoratını zənginləşdirməyə çalışır, amma hesab edirəm, bunun üçün artıq gecdir. Ümumiyyətlə, yay ayları durğun olur. Belə inanc var ki, payız siyasi fəaliyyət üçün daha uyğundur. Görünən odur ki, Baqrat da məhz buna görə payızı gözləyir. Payızda yenidən aktivləşəcək, amma bu çətin ki, nəticəyə təsir etsin”.