"Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini – Ağdərə – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, – Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur, bugünkü Azərbaycan Ordusu. Biz Ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, Ordumuzun uğurlarına kölgə salsın. Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar”.
Reportyor.tv xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə etdiyi çıxışında bildirib.
Ali Baş Komandan çıxışında həmçinin Azərbaycanın məkrli düşmənlərinə mesaj verərək qeyd edib ki, rəsmi Bakı ölkəmizin ərazi bütovlüyü məsələsində heç bir güzəştə getməyəcək:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da biz Heydər Əliyev kimi prinsipial mövqeyimizi müdafiə edirik və bu mövqe gündən-günə güclənir. 2003-cü ildən bu günə qədər aparıcı beynəlxalq təşkilatların qərarları, qətnamələri də bunu təsdiqləyir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı. Bütün bu təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi əks etdirən ədalətli qərarlar, qətnamələr qəbul etmişlər və Ermənistanın işğalçı siyasətini pisləmişlər. Artıq bu illər ərzində Xocalı soyqırımını dünyanın bir çox ölkələri rəsmən soyqırımı kimi tanıyıb və bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma "referendum”u heç kim tanımayıb. Minsk qrupuna həmsədrlik edən ölkələr bunu bəyan etdilər ki, bu "referendum”u tanımırlar. Qonşu ölkələr eyni bəyanatlar verdilər, beynəlxalq təşkilatlar bu bəyanatlarla bir daha göstərdilər ki, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırlar və Dağlıq Qarabağı, bu qondarma qurumu tanımırlar və əminəm ki, tanımayacaqlar.
Ordu quruculuğu Heydər Əliyev üçün prioritet məsələ idi. Çünki o, hakimiyyətə gələndə bizdə nizami ordu yox idi. Bizim əsas problemimiz də bundan qaynaqlanırdı. Ordu quruculuğu prosesi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu bütün beynəlxalq reytinqlər də təsdiqləyir. Həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu keçən ilin aprel ayında baş vermiş toqquşma da göstərdi. Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini – Ağdərə – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, – Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur, bugünkü Azərbaycan Ordusu. Biz Ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, Ordumuzun uğurlarına kölgə salsın.
Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər. Bizim Ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoymuşdur. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və Ordumuz üçün nə lazımdırsa onu da edəcəyik”.
Qeyd edək ki, Azərbaycanın xüsusi xidmət orqanları Milli Ordumuzda düşmən kəşfiyyatına çalışan böyük bir şəbəkəni ifşa edib. Bununla bağlı mayın 7-də yayılan rəsmi məlumatda bildirilirdi:
"Bəyan edirik ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir: "Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək”.
Görünür, Ali Baş Komandan bütün bunlardan hiddətləndiyindən bu çıxışı ilə Milli Ordumuzda düşmən kəşfiyyatına işləyən şəbəkə yaradan qüvvələrə sərt mesaj vermiş oldu…