DataLife Engine / Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub

Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub

Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub

Məlum olduğu kimi, 2022-ci ilin noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən möhtəşəm tədbirdə çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın Ulu Öndərin sədrliyi ilə keçirilmiş təsis konfransından, o dövrdə ölkədəki siyasi vəziyyətdən bəhs etmiş, Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsinin bu zərurətdən doğdunu bildirmişdir. Dövlət başçısı onu da qeyd edib ki, həmin dövrdə demokratik mühitdən söhbət belə gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. Çünki o vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox bərbad vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

1992-ci ilin noyabr ayına qədər olan müddətdə demək olar ki, Azərbaycan xalqının bütün sosial təbəqələrin nümayəndələri, fəhləsindən tutmuş akademikinə, hərbçisindən tutmuş hüquq-mühafizə orqanlarının əməkdaşlarına qədər bütün insanlar baxışlarını Naxçıvana – Ulu Öndər Heydər Əliyevə yönəltmişdilər.
Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyuldu. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək müasir tariximizin yeni çalarlarını özündə birləşdirməyi bacardı.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirdi. Bu gün də YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır.

Eyni zamanda, YAP cəmiyyətimiz üçün çoxsaylı nümunələr yaradıb. Bunlardan biri də partiya-lider-xalq birliyidir. Lider-partiya-cəmiyyət şkalası üzrə YAP öz sıralarını bu gün də genişləndirir. Partiya Azərbaycan xalqının milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələrini özündə birləşdirir. Ümummilli Liderin o zaman müəyyən etdiyi milli birlik strategiyası bu gün də Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindəndir.

Belə ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.

Ötən illər ölkəmiz üçün ən həlledici dövrlər olmuşdur. Onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. 44 gün ərzində tariximizin Zəfər salnaməsi yazıldı, Qarabağ Azərbaycanımıza qovuşdu. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicinin bütün sahələrdə təsdiqlənməsinin əyani sübutudur. Bu məqamda Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə ümummilli lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Beləliklə, YAP Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Partiya yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək müstəqilliyimizin qorunması, ordumuzun gücləndirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsinə layiqli töhfələrini verdi. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxdı. Nail olduğumuz müstəqillik bu gün dövlətimizin başçısı, partiyamızın Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının daha da möhkəmlənib və əbədilik qazanıb.

Arif Osmanov,
Sabunçu RİH başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi.
24-11-2022, 11:37
Geri dön