DataLife Engine / RUSİYANIN “QƏRB” KOD ADLI HƏDƏ-QORXUSU - “Xüsusilə Ukrayna və Latviya narahatdır”

RUSİYANIN “QƏRB” KOD ADLI HƏDƏ-QORXUSU - “Xüsusilə Ukrayna və Latviya narahatdır”

RUSİYANIN “QƏRB” KOD ADLI HƏDƏ-QORXUSU - “Xüsusilə Ukrayna və Latviya narahatdır”

Rusiyanın hər il keçirdiyi “Qərb” kod adlı mühüm hərbi təlimlərdən biri bu ilin sentyabrında baş tutacaq. Bu təlim Avropa Birliyi və NATO ölkələrinin sərhədləri yaxınlığında keçiriləcək və bir həftəyə kimi davam edəcək.

Finlandiyanın “Xarici Siyasət İnstitutu”nun tədqiqatçısı Yuri Lavikaynen deyir ki, Rusiya və Belarusun müştərək hərbi təlimləri NATO ilə siyasi münaqişə modeli əsasında aparılacaq. Ssenariləşdirilmiş həmin modelə görə, nüvə silahından da istifadə olunacaq münaqişə tədricən iri miqyaslı müharibəyə çevriləcək.

Yuri Lavikaynen və “Finlandiya Milli Müdafiə Akademiyası”nın təhqiqat qrupunun rəhbəri Simo Pesu təhlükəsizlik siyasətini və Rusiya silahlı qüvvələrini öyrənirlər. Onlar hesab edirlər ki, bu il Rusiyanın Şimal donanması əvvəlki dönəmlərdən fərqli olaraq daha əhəmiyyətli rol oynayacaq. 2021-ci ilin əvvəlində Şimal donanması hərbi dairə statusu alıb. Rusiyada artıq “Qərb”, ”Cənub”, ”Mərkəz” və “Şərq” hərbi dairələri fəaliyyətdədir. Hərbi qərargahı Kola yarımadasında yerləşən Şimal donanmasının fəaliyyət sferası ilk növbədə Rusiyanın Arktika ərazilərini əhatə edir.


Yuri Lavikaynen bu mövzuyla bağlı deyib: "Rusiya öz silahlı qüvvələrini gücləndirməklə Arktika regionundakı maraqlarını müdafiə etmək istəyir. Çünki onlar faktiki olaraq bu regionu özününkü hesab edir. Şimal dəniz yolu Rusiya üçün həm də enerji resursu kimi vacibdir”.

2020-ci ildə “Qərb” kod adı ilə keçirilən təlimlərdən fərqli olaraq, budəfəki təlimlərdə Milli Qvardiya aktiv iştirak edir. İyul ayında Milli Qvardiya Rusiyanın müxtəlif regionlarında təlimlər keçib. Bu, ”Qərb” təlimlərinə hazırlıq hesab olunur.

2016-cı ildə yaradılmış Milli Qvardiya ilk növbədə nümayişlərin və küçə yürüşlərinin dağıdılması üçün istifadə olunur. Simo Pesu Milli Qvardiyanın təlimlərdə iştirakını Belarusdakı qeyri-sabit vəziyyətlə əlaqələndirir. Rusiya ölkə daxilindəki təhlükəsizliyin təmin olunmasında Belarusa dəstək verməyə hazır olduğunu bildirib. Lavikaynenin fikrinə görə, Milli Qvardiyanın təlimlərdə iştirakını müxalifətin fəaliyyətindən yaranan narahatlıqla izah etmək olar.

Moskvada belə bir düşüncə var ki, Qərb Rusiyanı təkcə hərbi metodlarla zəiflətmək istəmir. Sözügedən məsələ barəsində Lavikaynen deyib: ”Milli Qvardiyanı təlimlərə cəlb edirlər, çünki Rusiyada hesab olunur ki, münaqişəli vəziyyətdə Qərb Rusiyada iğtişaşlar təşkil etməyə cəhd göstərə bilər. Bu, Rusiya rəhbərliyinin rəngli inqlilablar barəsindəki nəzəriyyəsinə uyğun gəlir”.

Müdafiə naziri Sergey Şoyqu deyib ki, təlimlərdə Hərbi Hava Qüvvələri aktiv iştirak edəcək. NATO-nun hava hücumu Rusiyanın ehtiyat etdiyi hərbi təhlükələrdən biridir. “Qərb-2021” hərbi təlimləri rəsmi olaraq 10-16 sentyabrda keçiriləcək, ancaq praktiki baxımdan onlar ilin əvvəlindən başlayıb. Hazırda Rusiyadakı bütün hərbi təlimlərin hamısı “Qərb” təliminin bir hissəsidir.


Qərb və mərkəzi regionlarda hava hücumunun dəf edilməsi ilə yanaşı, strateji raket bölmələri şərti olaraq radioaktiv yoluxma şəraitində necə fəaliyyət göstərilməsi metodlarını öyrənirlər. Avqustda Şimal donanması Kola yarımadasında on min əsgərin iştirakı ilə hərbi manevrlər həyata keçirib. Lavikaynen bununla bağlı bildirib: ”İndi bilavasitə “Qərb” təliminə hazırlıq gedir. Qlobal müharibə Rusiyanın təkcə Qərb hərbi dairəsindən deyil, onun bütün silahlı qüvvələrindən yeksək səviyyəli hazırlıq tələb edir. Bu təlimlərdə nümayiş etdirilənlər nəyə xüsusi diqqət olunduğunu göstərir”.

Dünya Rusiya ordusunun manevrlərini diqqətlə izləyir. Qərbdə bunu çox zaman təhlükə predmeti kimi dəyərləndirirlər. Bu ilin yaz aylarında Rusiya Ukrayna sərhədi yaxınlığında hərbi təlimlər keçirmiş və oraya xeyli sayda hərbi qüvvə cəmləmişdi. Onda Qərb Rusiyanı aqressiv güc nümayişində ittiham etmişdi. Rusiya isə bu ittihamları rədd edərək bildirmişdi ki, təlimlər yalnız müdafiə xarakterlidir.

Latviya xarici işlər naziri Lidqer Rinkeviçis “Finacial Times” qəzetinə verdiyi müsahibəsində “Qərb” təlimləri öncəsi və ondan sonra yarana biləcək risklərdən söhbət açıb. Ukrayna Prezidenti Vladimir Zelenski isə Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsindən bərk narahatdır.

“Finlandiya Milli Müdafiə Akademiyası”nın analitiki Simo Pesu deyib: ”Rusiya məqsədyönlü şəkildə hərbi təlimlər barəsində danışır və özünə faydalı olan baxışları irəli sürür. Bu təlimlərdə söhbət strateji əməliyyatlardan gedir. Təlimlər zamanı silahlı qüvvələrin müharibə aparmaq vərdişləri inkişaf etdirilir. 2011-ci ildən başlayaraq strateji təlimlər sistematik olaraq bu formada keçirilir. Bu vəziyyət Rusiya silahlı qüvvələri üçün əlverişlidir, axı, onlar inkişaf edirlər və mütəmadi olaraq öz ordularını yoxlayır və onların müharibə aparmaq qabiliyyətlərini sınaqdan çıxarırlar”.

Rusiyadakı hərbi dairələr adətən növbə ilə təlimlər keçirlər. ”Qərb-2021” təlimindən öncə Cənub hərbi dairəsi “Qafqaz-2020”, Mərkəz hərbi dairəsi “Mərkəz-2019”, Şərq hərbi dairəsi isə “Şərq-2018” təlimləri keçiriblər.

Rəsmi bəyanatlara əsasən, “Qərb-2021” təlimlərində 13 min hərbçi iştirak edir. Əslində isə iştirakçıların sayı dəfələrlə çoxdur. Rusiya silahlı qüvvələrinin hərbi qərargahı təlimləri kiçik tədbirlərə bölür ki, beynəlxalq müşahidəçiləri dəvət etməsin. NATO ölkələrinin dəyərləndirmələrinə görə, keçmiş illərdəki ”Qərb” təlimlərində 100 min nəfərə yaxın hərbçi iştirak etmişdi.

“Helsingin Sanomat” – (Finlandiya)

Tərcümə: “AzPolitika.info”
31-08-2021, 12:15
Geri dön