DataLife Engine / Vahid jurnalist vəsiqəsi

Vahid jurnalist vəsiqəsi

Vahid jurnalist vəsiqəsi




Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər.Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsas olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaqdır.İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaqdır. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.
“Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur. Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.Layihədə təsbit olunan “jurnalist” anlayışı xidməti müqavilə əsasında işləyən jurnalistləri də əhatə etmişdir.
Baxış Baxışov
YAP Ağsu rayon təşkilatının məsləhətçisi
14-12-2021, 12:52
Geri dön