DataLife Engine / Zəfərimiz mübarək!

Zəfərimiz mübarək!

Zəfərimiz mübarək!

Bu zəfər Azərbaycan xalqının haqqı idi. Bu zəfər tarixi ədalətin bərpası, təkcə ölkəmizdə deyil, regionda sülhün, əmin-amanlığın bərqərar olması idi. Bu zəfər böyük siyasi gücün, savadlı, ağıllı, uzaqgörən lider düşüncəsinin, Vətən üçün canından keçməyə hazır olan oğullarımızın qeyrətinin, xalqla dövlət birliyinin təntənəsi idi. Kökləri çox-çox qədimlərə dayanan Azərbaycan xalqının tarixində səhifələrində çox sayda şanlı qələbələri olub. Lakin bu qələbələrin heç biri istər siyasi, istər mənəvi baxımdan, istərsə də hərbi ba­xımdan 8 Noyabr Zəfərinə bənzəmir.

Mənfur qonşularımızın dənizdən- dənizə “böyük Ermənistan” yaratmaq xül­yaları tarix boyu ciddi münaqışələrə səbəb olub. Həmişə də onlar bu arzularını məhz Azərbaycan coğrafiyası üzərindən həyata keçirmək istəyirdilər. İrəvanın, Zəngəzur, Göyçə mahallarının ermənilərə verilməsi, bu addımların hansı şəkildə həyata keçirilməsi tarixdən hər birimizə yaxşı məlumdur. O da bizə məlumdur ki, Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, yüz ildə iki dəfə müstəqilliyə nail olmuşdur.

Sovet imperiyasının dağılması həm bütün dünyada təlatüm yaratdı, həm də İttifaq ölkələrini sözün əsl mənasında tarixi sınağa çəkdi. Bir neçə ilin içində mənfur ermənilər əzəli torpaqlarımızı caynaqlarına keçirdilər və Azərbaycan xalqı otuz il bu torpaqlara həsrət qaldı. Ümummilli liderin məktəbini keçmiş, uzaqgörən Prezidentimiz yaxşı bilirdi ki, belə vəziyyət ömürlük davam edə bilməz. Odur ki, hakimiyyətə gəldiyi gündən etibarən o, əslində, apardığı sülh danışıqları ilə bərabər, həm də müharibəyə hazırlaşırdı.

Əslində, 44 günlük müharibə aysber­qin görünən tərəfi idi. Ən müasir silahlarla, güclü hərbi texnikalarla təchizat, düşünül­müş hərbi taktika qüdrətli ordu yaradılması üçün mühüm şərt idi. Müasir ordu yaradıl­ması uzun zaman, səbr, ağıl tələb edirdi. Azərbaycan Prezidentinin dünyanın ən nüfuzlu xəbər agentliklərinə verdiyi cəsarətli, əsaslandırılmış cavabları əsas xəbər manşetlərinə çevrilirdi.

Ermənilər inana bilmirdilər ki, otuz ildir sülh çağırışları edən Azərbaycan dövlətində bu güc-qüvvət var. Onlar bilməli idilər ki, Aprel hadisələri, Tovuz, Naxçıvan döyüşləri xalqımızın səbr kasasını bir gün daşıracaq­dır. Politoloqlar, tarixçilər, peşəkar media mənsubları doğru olaraq qeyd edirlər ki, bu müharibənin bütün aspektləri ayrıca təhlil edilməli, geniş araşdırmalar aparılmalı, kitablar yazılmalı, filmlər çəkilməlidir. Otuz il ərzində ermənilər işğal etdikləri ərazilərdə yalnız istehkamlar, “müdafiə” divarları qur­muş, minalar basdırmışdılar. Və onların qur­duğu otuz illik “müdafiə” divarını Azərbaycan 44 günə aşdı. Təbii ki, bu qələbə yalnız güclü Vətən sevgisinin, torpaq, yurd məhəbbətinin nəticəsində ola bilərdi.

İşğal altında olan yaşayış məntəqələrinin hər birinin azad olunması, hər bir əməliyyat dəqiq düşünülmüşdü idi və effektiv nəticə verirdi. Məqsəd yalnız qələbə idi. Rusiya telekanallarından birinə müsahibə verən erməni hərbiçisi deyirdi ki, Şuşa uğrunda gedən döyüşlərdə biz şoka düşürdük, dünən “öldürdüklərimiz” bu gün yenidən dirilib üstümüzə gəlirdilər, onlar yaralarını sarıyıb bir də hücuma keçirdilər. Şuşanın döyüş yolu ilə azad edilməsi hərb tarixinin misilsiz səhifələrindən hesab edilməlidir.

Qarabağ uğrunda doyüşlər təkcə müharibə meydanında getmirdi. Bu savaş hər bir azərbaycanlının evində, qəlbində gedirdi. Ölkənin hər yerində səfərbərlik xidmətlərinin qarşısında böyük izdiham müşahidə edilirdi. Hər kəsin qanı cuşa gəlmişdi və artıq igid oğullarımızı heç bir qüvvə saxlaya bilmirdi. Demək olar ki, bütün şəhidlərimizin taleyinə nəzər saldıqda eyni kadrlara şahidlik edirik: onlar döyüşə könüllü getmişdilər, yaralan­dıqlarını gizlədirdilər. Hospitallardakı yaralı əsgərləri həkimlər saxlaya bilmirdilər, geriyə–cəbhəyə qayıtmaq istəyirdilər. Bütün bunlar birliyin, bir yumruq kimi birləşməyin nəticəsi idi. O yumruq ki, “ilanın” başını əzdi və haqqı bərpa elədi.

Bu zəfəri qazananların hər birinin taleyi, döyüş yolu ayrıca bir dastana, əfsanəyə, kitaba, kinoya dönəcək, hələ yüz illər araş­dırılacaq, dərsliklərə salınacaq, onların qəbirləri müqəddəs ziyarətgaha çevriləcək. Onlar 44 günlük müharibə ilə gələcək nəslə böyük bir vətənpərvərlik nümunəsi ötürdülər. Bu müharibə gələcək nəsillər üçün həm də böyük bir ibrət olacaqdır.

Bir neçə gündən sonra Azərbaycan xalqı qələbəsinin ikinci ildönümünü qeyd edəcək. Qoy, bu savaş Azərbaycanın tarixində son müharibə olsun! Azərbaycan dövləti xalqla əl-ələ verib yalnız qurub-yaradacaq, otuz ildir qan tökülən torpaqlarda bundan son­ra əbədi bahar yaşanacaq! Hər kəs bunu müşahidə etməkdədir! Otuz ildir ki, “Qarabag Ermənistandır” – deyən ermənilər bu torpaq­larda minadan başqa heç nə “əkməyi” bacar­madılar. Azərbaycan Prezidenti isə cəmi bu torpaqlarda xariqələr yardır. Dünyanı heyrətə salan layihələr və Vətən eşqi ilə hər kəsə sübut etdi ki, Qarabağ Azərbaycandır!

,Zəfərimiz mübarək!
Zülfiyyə Rəsulova,
Yasamal rayonu, Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin direktoru
5-11-2022, 17:09
Geri dön