Kövrək müstəqilliyin xilası

Kövrək müstəqilliyin xilası



Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edilmişdir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etmiş, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmış, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
1969-cu il Azərbaycan SSR in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmış, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlanmışdır. Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi.
[xfgiven_images]
[xfvalue_images]
[/xfgiven_images] [xfgiven_source][/xfgiven_source]