DataLife Engine / Azərbaycan xalqını öz Qələbəsinə qovuşduran böyük siyasət

Azərbaycan xalqını öz Qələbəsinə qovuşduran böyük siyasət

Azərbaycan xalqını öz Qələbəsinə qovuşduran böyük siyasət


Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli Ulu Öndər qoydu - ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına Heydər Əliyev istiqamətləndirmişdi. Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Azərbaycan xalqı 2003-cü ildə və ondan sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin siyasətinə səs verib. Bütün atılan addımlar və qəbul olunan qərarlar - Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz - bütün bu işlərin fövqündə müqəddəs an dayanmışdı – Zəfər Günü.

Bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ölkə arasında danışıqların gündəliyi artıq müzakirə olunur. Bəziləri bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Sərhədlərin delimitasiyası həyata keçirilsin. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.

Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar.

Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular.
8-10-2021, 12:42
Geri dön