RUS SÜLHMƏRAMLILARININ YENİ “TAMAŞASI” – Ermənilər yolu bağladı, rus general “Artsax” dedi (VİDEO)

RUS SÜLHMƏRAMLILARININ YENİ “TAMAŞASI” – Ermənilər yolu bağladı, rus general “Artsax” dedi (VİDEO)


Ötən gün Ermənistan mətbuatında və sosial şəbəkələrdə Qarabağdakı Drmbon kəndi istiqamətində ermənilərin avtomobil yolunu bağlayaraq, ultimatum irəli sürdüyünə dair xəbər və video yayılıb.

“AzPolitika.info” xəbər verir ki, bu “dinc aksiya”ya dair videoda bir dəstə erməninin rus sülhməramlılarının müşayiətilə Ağdərə-Kəlbəcər yoluyla hərəkət edən Azərbaycana aid avtomobil karvanının qarşısını kəsməsi əks olunur. Videodakı “etirazçılar” bu ərazidən Azərbaycana aid tikinti materialları və digər yüklər daşıyan avtomobillərin hərəkətinə qarşı çıxırlar. Və tələb edirlər ki, əgər Azərbaycan bu yoldan istifadə edirsə, onda ermənilərə də Ağdərə-Vardenis yolundan istifadə üçün icazə verilsin. Söhbət ordumuzun işğaldan azad etdiyi Kəlbəcər ərazisindən keçərək, Ermənistanı Qarabağla birləşdirən yoldan gedir.

Xatırladaq ki, ermənilər müharibəyə qədər Laçın koridoru ilə yanaşı bu yolla da Ermənistandan Qarabağa və əks istiqamətə hərəkət edirdilər. İndi isə bu yol tamamilə Azərbaycanın nəzarətindədir. İndi ermənilər deyirlər ki, əgər azərbaycanlılar Ağdərədən keçərək Kəlbəcərə, Şuşaya gedə bilirləsə, o zaman Ağdərədəki ermənilər də yüzlərlə kilometrədək yol qət edib Laçın dəhlizilə deyil, Kəlbəcərin ərazisindən keçən cəmi 60 kilometrlik yolla Ermənistana gedə bilməlidirlər. Ancaq xatırladaq ki, 10 noyabr sazişində kommunikasiyaların açılmasına dair bənd olsa da, Ermənistanla Qarabağ arasında yeganə nəqliyyat dəhlizi olaraq Laçın koridoru göstərilib.

Aksiya ilə bağlı videoda diqqət çəkən əsas məqamlardan biri sülhməramlıların adını bilmədiyimiz generalının ermənilərlə dialoqudur. İlk nəzərə çarpan məqam Azərbaycana aid bir neçə yük maşınının məhz yüksək rütbəli rus zabiti - genaral tərəfindən müşayiət olunmasıdır. Yəqin ki, bu işi daha aşağı ranqlı zabitə də həvalə etmək olardı. Belə təəssürat yaranır ki, sülhməramlıların ermənilərin “aksiyasından” əvvəlcədən xəbərləri olub və hətta bu “etirazın” təşkilində onların da marağının və rolunun olduğunu istisna etmək olmaz.


Bu şübhəmiz təsadüfi deyil, çünki Rusiyanın Birinci Qarabağ Müharibəsi dövründəki fəaliyyəti yaddan çıxmayıb. Elə indiki sülhməramlıların da “süddən çıxan qaşıq” olmadıqları ilk gündən bəlli idi. Bunu ermənilərin qarşısına çıxaraq, onların sülhməramlıların başçısı Rüstəm Muradova ünvanladıqları “müraciəti”ni qəbul edən rus generalının dedikləri də təsdiqləyir. Erməniləri “başa düşdüyünü” deyən həmin general guya “Azərbaycan tərəfilə “Artsax” rəhbərliyi arasında” bu yollarla hərəkətə dair razılıq olduğunu bildirir. Ona cavab olaraq ermənilərdən biri ““Artsax”a görə sağolun” deyir. Yəni ermənilər təbii ki, generalın Qarabağı “Artsax” adlandırmasını böyük məmnuniyyətlə qəbul edirlər. Və Rüstəm Muradovun separatçıların rəhbərinə qucaqlaşıb-sarılmasının fonunda digər bir rus generalının Qarbağa “Artsax” deməsi də təsadüfi deyil...

Əslində, bu baş verənlərlə növbəti dəfə sülhməramlıların tərəfkeşliyi, daha konkret desək, ermənipərəstliyi üzə çıxır və onların buradakı mövcud və bundan sonra olası təxribatlarda hansı rol aldığını və alacağını anlamaq heç də çətin deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycana aid bir neçə avtomobili general rütbəli hərbçinin müşayiət etməsi yəqin ki, təsadüfi deyildi və böyük ehtimalla, bu, ermənilərin qarşısında videoda gördüyünüz “nitqin” söylənməsinə və onların “yol probleminin” yüksək səviyyədə qabardılmasına xidmət edirdi.

Görünür, sülhməramlı generallara, zabitlərə və onları təlimatlandıranlara bir daha, özü də rəsmi səviyyədə xatırlatmaq lazımdır ki, onlar hansı ölkənin ərazisindədirlər və xidmət etdikləri ərazi necə adlanır. Hər halda, bütün bu təxribatlara, sülhməramlıların ermənilərlə müştərək tamaşalarına rəğmən, inanırıq ki, Azərbaycanın ardıcıl olaraq öz ərazilərində suveren hüquqları uğrunda mübarizəsi, dirənişi davam edəcək. Və heç bir təxribat ölkəmizi bu yoldan döndərə bilməyəcək.

Cəlal MƏMMƏDOV
[xfgiven_images]
[xfvalue_images]
[/xfgiven_images] [xfgiven_source][/xfgiven_source]