DataLife Engine / Şəmsəddin XANBABAYEV: Silahlı Qüvvələrimiz regionda ən qüdrətlidir

Şəmsəddin XANBABAYEV: Silahlı Qüvvələrimiz regionda ən qüdrətlidir

Şəmsəddin XANBABAYEV: Silahlı Qüvvələrimiz regionda ən qüdrətlidir

Artıq hər ilin iyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.

1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində ulu öndər bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, Ordusu günü elan etmişik".

Təcrübədən və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə qayıdışından sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas cəhəti yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dahi insanın AXC-Müsavat dövründə yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundan kənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - ulu önlərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi: "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır" sözlərini unutmayan, ulu öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlamız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsl şücaət göstərdilər.

1994-cü il mayın 12-də atəşkəs elan ediləndən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələdir. Heydər Əliyevin təşəbbüsü və Türkiyə ilə imzalanmış protokola əsasən, 1997-ci ildən ulu öndərin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradılmış və burada hərb elminin dünyanın ən qabaqcıl standartları tətbiq edilməklə tədris olunmasına başlanılmışdır. 2001-ci ildən bu məktəb Azərbaycan Ordusunu müasir standartlara uyğun yeni proqram əsasında hazırlanmış zabitlərlə təmin edir.

Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Azərbaycan Tibb Universitetində Hərbi tibb fakültəsi yaradılmışdır. Bu təhsil müəssisələri ordumuz üçün bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir.

Hərbi təhsildən danışanda yada düşən məktəblərdən biri də əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseydir. Heydər Əliyevin səyi nəticəsində bu məktəbin yaradılması Azərbaycanın hərbi təhsil tarixində yeni bir səhifə açmışdır. İndi Hərbi Lisey kimi fəaliyyət göstərən bu məktəbin o zaman təsis edilməsi respublikamızda milli zabit kadrları hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan vermişdir. Hazırda liseyin məzunları arasından yetişən generallar, onlarca yüksək rütbəli zabit respublikamızın Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, milli təhlükəsizlik orqanlarında xidmət edirlər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya onun siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 10 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb etmişdir. Bu bir həqiqətdir ki, ölkəmizin ildən-ilə artan iqtisadi inkişaf tempi silahlı qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynamışdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdir: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün bu məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. Qeyd edək ki, 2007-ci ildən dövlət büdcəsindən müdafiə məqsədləri üçün ayrılan vəsait 1 milyard dolları ötmüşdür. Hazırda bu vəsaitin miqdarı milyardlarla dollar səviyyəsində ölçülür. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat, texnika daha müasirləri ilə əvəz olunur. Orduya ayrılan vəsaitin artımı həm də hərbi qulluqçuların - generalların, zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması deməkdir. Maddi imkanlar artdıqca bu istiqamətdə görülən işlərin həcmi də yüksələcəkdir.

Azərbaycanın hərbi büdcəsinin milyardlarla dollar səviyyəsinə ölçülməsi ilə Prezident İlham Əliyevin daha bir vədi real həyata vəsiqə aldı. Ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir: "Azərbaycanın hərbi potensialının möhkəmlənməsi çox sürətlə gedir. Biz hərbi xərclərə böyük diqqət göstəririk... Çox böyük sayda hərbi texnika, təyyarələr, silah-sursat alınır və bu siyasət davam etdiriləcəkdir".

Bu gün qarşıda duran əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. 2011-ci ildə keçirilən möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu parad həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.

Ümumiyyətlə, Azərbaycanda ordu quruculuğu özündə silahlı qüvvələrin daha da modernləşdirilməsini ehtiva etdirməklə uğurla həyata keçirilir. Ulu öndərin öyüd-nəsihətlə dediyi "...Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir" sözləri müdrik bir tövsiyə kimi ordu quruculuğu prosesində uca tutulur.

Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər silahlı qüvvələrimizin şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.

Hərbi məqsədlər üçün xərclərin artımı son bir neçə ildə hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun nəticəsidir ki, son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində də daim sistemli tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları, dövlət icbari şəxsi sığorta məbləği dəfələrlə artırılmış, onlara güzəştli ipoteka kreditlərinin verilməsi təmin olunmuşdur. Təsadüfi deyil ki, bu gün ölkədə ən yüksək əməkhaqqı alan vətəndaşların bir hissəsi məhz orduda xidmət edən zabitlərdir. Hələ 2006-cı ilin iyul ayında ölkə rəhbərinin təşəbbüsü ilə hərbi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər məzuniyyətə çıxan hərbi qulluqçulara əlavə olaraq bir aylıq vəzifə maaşı qədərində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsini də reallaşdırdı. Bundan əlavə, dövlət başçısının 23 iyun 2010-cu il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.

Silahlı Qüvvələrə ictimai nəzarət üçün yüksək səviyyədə şəraitin yaradılması isə ordu rəhbərliyinin fəaliyyətinin şəffaflığından xəbər verir. Artıq neçə illərdir orduya ictimai nəzarət mövcuddur. Tez-tez televiziya ekranlarında deputatların, jurnalistlərin, qeyri-hökumət təşkilatların təmsilçiləri müntəzəm olaraq hərbi hissələrə getdiklərini, əsgərlərin şəraiti ilə maraqlandıqlarını görürük.

Fərəhlisi odur ki, Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və iqtisadi qüdrətinin göstəricisidir. Ölkəmizin istehsalı olan hərbi məhsullara xarici ölkələrdən də sifarişlər gəlir ki, bu da Azərbaycanın mühüm uğurlarından biridir.

Ölkəmizin NATO ilə uğurlu əməkdaşlığı da Azərbaycan Ordusunun modernləşməsində mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanın NATO ilə əməkdaşlığının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulması ilə qoyulmuşdur. Son 15 ildə Azərbaycan hərbçiləri NATO-nun hərbi təlimlərində, sülhyaratma əməliyyatlarında, seminarlarında fəal iştirak etmiş, ən müasir hərbi təcrübələri mənimsəmişlər. 2004-cü ildə isə Azərbaycanın NATO-nun "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı"na qoşulması barədə razılıq əldə olunmuşdur. Bu sənədin Azərbaycanla NATO arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynaması artıq günümüzün reallığıdır. Bu plana qoşulmağımız Azərbaycan Ordusunun müasir, o cümlədən NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.

NATO ilə Azərbaycan arasında olan əməkdaşlığa əsasən ölkəmizin Silahlı Qüvvələrinin müasir standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar uğurla həyata keçirilir. Həmçinin hərbçi kadrların yetişdirilməsində də artıq neçə ildir ki, NATO standartları əsas götürülməkdədir. Ölkəmizdə dəfələrlə səfərdə olan NATO rəsmiləri Silahlı Qüvvələrdə aparılan islahatlardan razılıqlarını ifadə etmişlər.

Prezident İlham Əliyevin silahlı qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Eyni zamanda, ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistan hakimyyətində bunu yaxşı anlayır və təlaş keçirirlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. Azərbaycan öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt imkan verməyəcək.

Dağlıq Qarabağ probleminin yoluna qoyulması ilə bağlı rəsmi Bakının təklifləri hələlik konstruktivdir. Bu ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Öz ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın gələcək statusu barədə danışmaq olar. Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir. Amma səbrin də bir həddi də var. Bu mənada Prezident İlham Əliyevin istər ictimaiyyət nümayəndələri, istərsə də hərbçilərlə keçirdiyi bütün görüşlərində Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqedən çıxış etməsi və bu məqsədlə ordu quruculuğu ilə bağlı həyata keçirilən konkret tədbirlərdən, xüsusilə müvafiq yöndə əldə olunan uğurlardan danışması, heç şübhəsiz, dövlətlə xalqın birliyindən irəli gələn və Azərbaycan üçün strateji əhəmiyyət daşıyan tarixi bir zərurətdir. Bəli, Ermənistanın qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.

Şəmsəddin XANBABAYEV,
Xacmaz Rayon İcra Hakimiyyətinin Başçısı.
25-06-2019, 14:11
Geri dön